Müsavat rəsmisi: Ana və körpə ölümləri artıq sistem problemidir
Müsavat Partiyası Gender Komissiyasının sədri Könül Alı Azərbaycanda ana və uşaq ölümlərinin artması ilə bağlı narahatlığını ifadə edib.
Sozcu.az xəbər verir ki, o, son bir ildə doğuş zamanı baş verən faciələrin həm rəsmi statistikada, həm də ictimai müzakirələrdə xüsusi yer tutduğunu bildirib.
Könül Alının sözlərinə görə, Milli Məclisdə səsləndirilən rəqəmlər problemin miqyasını açıq şəkildə göstərir. Belə ki, 2020-ci ildə hər 100 min diri doğulana 15,8 ana ölümü düşürdüsə, 2025-ci ildə bu göstərici 27,1-ə yüksəlib.
O qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatına əsasən, 2025-ci ildə ölkədə 26 ana ölümü qeydə alınıb. Həmçinin il ərzində 1 yaşınadək 1312 uşaq dünyasını dəyişib.
Müəllif vurğulayıb ki, tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, problemin əsas səbəblərindən biri səhiyyə sistemində idarəetmə və təşkilati çatışmazlıqlardır. Onun sözlərinə görə, doğum evlərinin fəaliyyətinə nəzarət edən qurumlar arasında səlahiyyət bölgüsünün aydın olmaması vəziyyəti daha da mürəkkəbləşdirir.
Könül Alı eyni zamanda ölkədə doğum sayının da kəskin azaldığını diqqətə çatdırıb. O bildirib ki, 2025-ci ilin yanvar-may aylarında 38 min 836 uşaq doğulduğu halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 28 min 631-ə enib ki, bu da təxminən 26 faizlik azalma deməkdir.
Yazıda son aylarda baş vermiş və ictimai rezonans doğuran doğuş faciələrinə də toxunulub. Müəllif qeyd edib ki, belə hadisələrdə ailələrin əsas tələbi şəffaf araşdırma və məsul şəxslərin cavab verməsi olsa da, tibb müəssisələrinin susqunluğu cəmiyyətdə etimadsızlığı daha da artırır.
Könül Alının fikrincə, ana və körpə ölümlərinin artması, doğum sayının azalması və səhiyyə sistemində məsuliyyət bölgüsü ilə bağlı problemlər artıq təkcə tibbi məsələ deyil, həm də dövlət idarəçiliyi səviyyəsində ciddi institusional problemə çevrilib.






