Cərrahlar işsiz qala bilər

100 baxış

Süni intellekt və robot texnologiyalarının inkişafı tibb sahəsində də böyük dəyişikliklər vəd edir.

Tesla və SpaceX-in qurucusu İlon Mask isə bu dəyişikliklərin o qədər də uzaq gələcəyin söhbəti olmadığını düşünür.

Onun proqnozuna görə, cəmi üç ildən sonra Optimus robotları dünyanın ən yaxşı cərrahlarından daha üstün əməliyyatlar həyata keçirə bilər. Dörd ildən sonra isə robotların istənilən insandan daha yaxşı əməliyyat aparacağını iddia edir. Maskın bu fikirləri isə bir sıra suallar doğurur. Əməliyyat zamanı gözlənilməz vəziyyət yarandıqda son qərarı kim verəcək?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a deyib ki, bu gün robot texnologiyalarının və süni intellektin tətbiqi artıq həyatın bütün sahələrini əhatə etməkdədir: “Bir sıra ölkələrdə sənayedə, kənd təsərrüfatında və məişətdə bu texnologiyalardan istifadə günü-gündən genişlənir. Hətta robot-əsgərlər haqqında da məlumatlar mövcuddur. O cümlədən, tibb sahəsində robotların tətbiqi ilə bağlı düşüncələr dərinləşir. Robotik cərrahiyyə artıq 10 ilə yaxındır ki, dünyada tətbiq olunur. Müxtəlif ölkələrdən olan həkimlər robotlar vasitəsilə başqa ölkələrdəki əməliyyatları həyata keçirirlər. Lakin birbaşa robotun özünün iştirakı ilə keçirilən əməliyyatlar gələcəyin məsələsidir və bu da gözləniləndir".

Həkim qeyd edib ki, robotlara bütün proqramları və yanaşmaları verən insanlardır: “Süni intellekt bəşəriyyətin malik olduğu bilikləri cəmləyərək proseslərə daha mükəmməl şəkildə yanaşır. Bu baxımdan düşünmək olar ki, yaxşı proqramlaşdırılmış və indiyəqədərki təcrübələri mənimsəmiş robotların həyata keçirəcəyi əməliyyatlar daha mükəmməl ola bilər. Bu isə birbaşa proqramlaşmanın səviyyəsindən asılı olacaq. Eyni zamanda, bu sistemin bir üstünlüyü də ondan ibarətdir ki, bu robotlar davamlı şəkildə özünü təkmilləşdirə bilən sistemlər olacaqlar. Düşünürəm ki, yaxın gələcəkdə tibbin əksər sahələrində, o cümlədən cərrahiyyədə robotların mühüm yeri olacaq. Lakin ən azından yaxın 10-15 il ərzində robotların bu sahədə insanı tamamilə əvəz edəcəyini düşünmürəm. Hələ uzun müddət insan bu işdə lokomotiv olaraq qalacaq və prioritetlər insanların verdiyi qərarlar üzərində olacaqdır".

Zülfüqar Yusifova görə, həyatın digər sahələrində olduğu kimi, burada da əsas yanaşma insanlığın bu robot texnologiyasından və süni intellektdən hansı məqsədlə istifadə edəcəyindən asılıdır.

“Hər zaman yeni texnologiyaların yaranması insanı müəyyən yükdən azad etsə də, bəzi problemlər də doğurur. Məsələn, Səməd Vurğunun "Muğan" poemasında kombaynın gəlişi ilə bağlı belə bir təsvir var: "Ay əmi, o maşın tez gəlsə əgər, Neçə şadlıq edər bizim bu ellər. İş görər, tər tökər bir yanında o, Bizim də vaxtımız çox qalar hətta, Məşğul ola bilsək elmlə, savadla". Əslində bu misralar texnologiyadan istifadənin bizə nələr qazandıra biləcəyini çox gözəl ifadə edir. Dünən kombayn idi, sonra yeni maşınlar, təyyarələr, bu gün isə dronlar və digər texnologiyalar ortaya çıxdı. Əsas məsələ insanın niyyəti və meylidir, bu yeni texnologiyanı hansı istiqamətə yönəldəcək və insanlıq üçün ondan necə faydalanacaq”_ Yusifov belə söyləyib./ Musavat

Paylaş:

Əlaqəli məqalələr