HƏYATIN MƏNƏVİ RİYAZİYYATI VƏ RUHUN TƏNLİYİ
Dünya — sonsuz bir koordinat sistemidir. Onun bətnində həm ucalığa doğru uzanan müsbət məkanlar, həm də dibsiz uçurumlara açılan mənfi boşluqlar var. İnsan bu sistemin mərkəzində dayanan ən mürəkkəb tənlikdir. Hüceyrələrinin bölünməsindən, ürəyinin ritmik döyüntülərinə qədər bütün varlığıyla mükəmməl bir riyazi nizam üzərində qurulan insan bədəni, əslində dünyanın özü kimi təzadlı hisslərin libasıdır. Biz bu libasın içində həm müsbəti cəmləyir, həm də mənfidə heçləşirik.
İnsanı sadəcə bioloji bir varlıq olmaqdan çıxarıb ona "şəxsiyyət" möhürü vuran onun daxili koordinatlarıdır. Əxlaq, vicdan, sevgi və dəyərlər — şəxsiyyətin qarşısındakı müsbət işarələridir. Maddi dünya nə qədər böyük və statuslar nə qədər bərqərar olursa-olsun, əgər onların qarşısında əxlaq adlı o müsbət işarəsi yoxdursa, qazanılan hər şey mənfii bir uçurumun dərinliyindən başqa bir şey ifadə etmir. Çünki insanın dəyərləri və əxlaqı mənfiləşəndə, o, sadəcə olaraq "heçləşmir" (sıfıra bərabər olmur); o, cəmiyyəti də daxildən gəmirən bir virusa çevrilir.
Təəssüf ki, son zamanların mənfi artımı, yer üzündə cərəyan edən iqlim dəyişikliklərindən, zəlzələlərdən, anomal istiliklərdən, müsbətlərimizin qıtlığından şikayətlənən bizlərin qarşısına böyük bir sual işarəsi qoyur. Riyaziyyatda iki mənfi kəmiyyətin vurulması müsbət nəticə versə də, mənəviyyatda iki pislik heç vaxt bir yaxşılıq doğurmur. Əksinə, mənfi mənfiyə vurulduqca cəmiyyətdə soyuqluq, inamsızlıq və tənhalıq eksponental olaraq artır.
Və biz niyə "ortaq məxrəc" tapıb, bir-birimizin müsbət tərəflərini vurub çoxaltmaq, bir olmaq yerinə dağılmağa doğru gedirik?
Niyə eqolarımızın arxasınca qaçaraq cəmiyyəti kəsrlərə, fraqmentlərə bölürük? Cavab sadədir: biz toplamağı və vurmağı unutmuşuq, yalnız çıxmağı və bölməyi öyrənmişik. Halbuki xilas, daxilimizdəki mənfi kökləri söküb atmaqda və müsbət dəyərləri bir-birinə vuraraq çoxaltmaqdadır.
Bu yazını yazarkən çox düşündüm. Çevrəmizdə hər gün artıb çoxalan mənfiləri də, daha bu dünyanın havasına, suyuna məhrum olan müsbətləri də. İçimdən bütün şahid olduğum amansızlıqlara sadəcə bir təəssüf, bir də acımaqla qalıram...
Sadəcə bu qədər...
Və mən bu yazını dünyada bizim kimi eyni həyatı paylaşan, dilini bilmədiyimiz, dərdiylə tək qalan məsum canların adından bir təşəkkür borcu olaraq yazıram.
Bu dünyada mövcud olmaqla yaşamaq arasındakı fərqi dərk etdiyim andan etibarən, mənim qoynunda olduğum kainatla başqa bir bağım oldu. Bir-birimizlə nəfəs-nəfəsə yaşamanın nə qədər anlamlı, nə qədər gözəl olduğunu hiss etdikcə, o gözəlliyin və anlamın bir növ daşıyıcısına çevrildim. Əslində təbiətə qarşı olan həssaslıq ta uşaqlıqdan, valideyinlərimdən mənə qalan genetik bir irsdi. Ailəmizin bütün üzvləri bu irsin daşıyıcısıdı. O cümlədən bacım Mətanət.
Hər dəfə onunla telefonda danışanda qürur hissi keçirirəm. Onun küçədə çarəsiz, yaralı bir heyvan görüb dərhal köməyinə qaçması, bir canı xilas etmək üçün çırpınması məhəbbətin ən canlı sübutudur. İnsan yandıca yaşar. Alışıb közərə-közərə yanmaq varkən, alışınca kül olan topluma acıyıram mən. Bakıda Nərimanovda kirayədə qalan Mətanət məhlədəki canlıların Mətanət bacısına çevrilib artıq. Bu yolda ona tibbi sahədə dayaq olan Təhminə xanıma şəxsən minnətdarlığımı bildirir və onun kimi bir mərhəmət sahibi, həkim yetişdirən valideynlərinin əllərindən öpürəm.
Mən Təhminə xanımı heç görməmişəm, amma onun müalicə etdiyi onlarla yaralı, xəstə heyvanların ruhunda oyatdığı həyat eşqi onun nə qədər gözəl bir ürəyə, gözəl bir çöhrəyə, gözəl bir baxışa, gözəl bşr sevgiyə sahib olduğunun göstəricisidir. Mən onun daxilindəki o böyük insanlığa, peşəsinə olan sonsuz sevgisinə və həkimliyinə olan heyranlığımı bu yazı vasitəsiylə tarixə salmaq istədim. O, sadəcə bir baytar həkim deyil. O, səssiz dünyaların fəryadını eşidən, ağrılardan qorxub büzüşən o məsum canlara şəfalı əllərini uzadan bir ümiddir. O həyatın var oluşuna bir örnəkdir. Qadınlıq mərhəmət beşiyi olmalıdır ki, o beşikdə canilər yox, dahilər yetişsin.
Bu iki gözəl insan – bacım Mətanət və həkim Təhminə xanım bir araya gələrək sözün əsl mənasında möcüzələr yaradırlar. Onlar birlikdə bir deyil, iki deyil, onlarla çarəsiz canı ölümün pəncəsindən qoparıb aldılar. Hər kəsin ümidini üzdüyü, "artıq gecdir" dediyi anlarda, onlar sevgilərini və peşəkarlıqlarını birləşdirib o məsum gözlərə yenidən həyat işığı bağışladılar. Gecələrini gündüzlərinə qatıb, hər bir can üçün sanki öz doğmalarıymış kimi mübarizə apardılar.
Təhminə xanım və bacım Mətanət kimi insanlar bu boz dünyaya qəlbinin gözüylə işıq yayanlardır. Onlar müalicə etdikləri hər bir yaralı canla təkcə o heyvanları deyil, həm də bizim insanlığa, mərhəmətə olan ümidimizi sağaldırlar. Unutmayaq ki, bütün canlı aləmin bir parçası olan hər varlıq Tanrının verdiyi can libasını bəyənməyib onu müxtəlif yollarla dəyişdirməyə çalışan dırnaqarası insanlardan qat-qat dəyərlidir. Yazını sona qədər oxuyan hər kəsə canlı aləmə dəyər verdiyi qədər dəyərli olmağı arzulayıram.
Yaxşı ki varsınız, yaxşı ki bu dünyadan sizin kimi sevgi dolu, fədakar qəlblər keçir. Xilas etdiyiniz hər bir canın səssiz duası, gözlərindəki o minnətdarlıq işığı ömrünüzə nur olsun. Dünyaya bəxş etdiyiniz bu böyük məhəbbət və insanlıq qarşısında baş əyirəm. Sonsuz təşəkkürlər!
Reyhanə ASLAN



