“Kabinetlərindən çıxıb xəstəxanalardakı vəziyyətlə tanış olsunlar” – TƏBİB-ə çağırış
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı regionlarda bir sıra problemlər yaşanır. Deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bildirib ki, bu məsələlərlə bağlı nə TƏBİB-dən, nə icbari tibbi sığortadan, nə də digər aidiyyəti qurumlardan müsbət cavab almaq mümkün olmur.
Onun sözlərinə görə, Gəncədə bəzi cərrahiyyə əməliyyatlarının dövlət xəstəxanalarında həyata keçirilməsi mümkün deyil. Dövlət xəstəxanalarından imtina cavabı alan vətəndaşlar isə Gəncədə yerləşən icbari tibbi sığorta çərçivəsində həmin əməliyyatları həyata keçirən özəl xəstəxanalara da müraciət edə bilmirlər.
Mövzu ilə bağlı “Bakupost”a səhiyyə eksperti Adil Qeybulla bildirib ki, problem həm işin təşkili, həm də maliyyələşmə ilə bağlıdır
Ekspertin sözlərinə görə, Gəncədə kifayət qədər ixtisaslı ürək-damar cərrahları var və lazımi şərait yaradılarsa, bu əməliyyatlar icbari tibbi sığorta çərçivəsində həyata keçirilə bilər.
“Ümumiyyətlə, görün, icbari tibbi sığortanın təşkilində problemlər hansı səviyyəyə çatıb ki, artıq deputatlar da dilə gəlirlər. Bu məsələ digər dövlət qurumlarında da açıq şəkildə səsləndirilir.
Yəqin ki, müəyyən tibbi ləvazimatlar çatışmır və ya orada iş düzgün təşkil olunmayıb. Fakt odur ki, icbari tibbi sığortanın həyata keçirilməsi zamanı iş elə təşkil olunmalıdır ki, heç bir qarışıqlıq yaranmasın. TƏBİB-in daxilində kifayət qədər struktur var və hesab edirəm ki, icbari tibbi sığortanın həyata keçirilməsinə birbaşa nəzarət edən qurum kimi bu işi təşkil etməlidir. Həmin əməkdaşlar kabinetlərindən çıxmalı, xəstəxanalara gedərək vəziyyətlə yerində tanış olmalıdırlar. Gəncədə və digər rayonlarda bu məsələləri yoluna qoymalıdırlar. Düşünürəm ki, bu məsələ artıq deputatların da dilindən səslənirsə, deməli, problemin aktuallığı, ciddiliyi və vətəndaşların narahatlığı kifayət qədərdir. Sadəcə, iş düzgün təşkil olunmalıdır. Məsələ elə həllini tapmalıdır ki, həm dövlət, həm də özəl xəstəxanaların potensialından normal istifadə olunsun və insanlar əziyyət çəkməsin”.

















