Könül Alı: “Azərbaycanda hər il minlərlə qadın xərçəngə gec müraciət edir”
Müsavat Partiyası Gender Komissiyasının sədri Könül Alı Azərbaycanda qadınların xərçəng xəstəliyi ilə bağlı üzləşdiyi problemlər barədə araşdırma yazısı hazırlayıb.
Könül Alı qeyd edib ki, Azərbaycanda qadın ölümləri əsasən zorakılıq və qəza hadisələri kontekstində işıqlandırılır. Halbuki qadınların həyatını daha sakit və görünməz, lakin geniş miqyaslı təhlükə – xərçəng xəstəliyi də təhdid edir.
Onun araşdırmasında Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirilir ki, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrinin sayı son illərdə artıb.
Belə ki, 2023-cü ildə ölkədə 69 435 xərçəng xəstəsi qeydiyyatda olub. Onların 25 840-ı kişi, 43 595-i isə qadın olub.
2024-cü ildə xəstələrin ümumi sayı 73 875 nəfərə yüksəlib. Onlardan 28 098-i kişi, 45 777-si qadın olub.
2025-ci ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 74 004 nəfərə çatıb. Kişi xəstələrin sayı 28 026, qadın xəstələrin sayı isə 45 978 nəfər təşkil edib.
Araşdırmaya görə, 2025-ci ildə ilk dəfə xərçəng diaqnozu qoyulanların sayı 15 144 nəfər olub. Onların 8 357-si qadın, 6 787-si kişi olub. Bu göstərici Azərbaycanda hər gün orta hesabla 41 nəfərə xərçəng diaqnozu qoyulduğunu göstərir.
Qadınlarda hansı xərçəng növləri daha çox yayılıb?
Könül Alının yazısında Səhiyyə Nazirliyinin eksperti, onkoloq Azad Kərimlinin açıqlamasına da yer verilib.
Mütəxəssisə görə, qadınlarda daha çox süd vəzi (döş) xərçəngi, uşaqlıq boynu xərçəngi, uşaqlığın cismi xərçəngi və yumurtalıq xərçənginə rast gəlinir.
Araşdırmada qeyd olunur ki, qadınlarda xərçəng riskini artıran amillər sırasında dəyişən həyat tərzi, siqaret və qəlyan istifadəsinin artması, stress, qidalanma və ekoloji şərait mühüm yer tutur.
Əsas problem – gec müraciət
Könül Alının araşdırmasında ən ciddi problemlərdən biri kimi xərçəng xəstələrinin həkimə gec müraciət etməsi göstərilir.
Onkoloqların açıqlamalarına əsasən, Azərbaycanda xərçəng xəstələrinin təxminən 50 faizi xəstəliyin üçüncü və ya dördüncü mərhələsində həkimə müraciət edir.
Gec müraciətin səbəbləri arasında erkən mərhələdə simptomların olmaması və ya onların diqqətə alınmaması, mütəmadi skrininqlərdən yayınma, diaqnoz qorxusu, yanlış mütəxəssisə müraciət və regionlarda onkoloji müayinə imkanlarının məhdudluğu göstərilir.
Onkoloq Azad Kərimli xəstəlik vaxtında aşkarlandıqda müalicənin mümkün olduğunu bildirərək qadınlara mütəmadi müayinələrdən keçməyi tövsiyə edib.
Sığorta problemi
Araşdırmada xərçəng xəstələrinin qarşılaşdığı iqtisadi çətinliklərə də diqqət çəkilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatlarına görə, xərçəngin erkən diaqnostikası, o cümlədən mammoqrafiya, ultrasəs, MRT, biopsiya, Pap-smear testi və digər skrininq müayinələri Xidmətlər Zərfinə daxildir.
Lakin xərçəng xəstəliyinin müalicəsinin bütün mərhələlərinin icbari tibbi sığorta hesabına tam qarşılanması məsələsi hələ də tam həllini tapmayıb.
Könül Alı yazır ki, bu vəziyyət xüsusilə kimyaterapiya və müasir dərman preparatlarının yüksək qiyməti ilə üzləşən ailələr üçün ciddi maliyyə yükü yaradır. Nəticədə bəzi xəstələr müalicəni gecikdirə və ya yarımçıq saxlaya bilirlər.
Araşdırmada regionlarda yaşayan qadınların da əlavə çətinliklərlə üzləşdiyi vurğulanır. İxtisaslaşmış onkoloji xidmətlərin əsasən Bakıda cəmləşməsi yol, yaşayış və digər əlavə xərclərin yaranmasına səbəb olur.
Xərçəng yalnız yaşlıların problemi deyil
Könül Alının istinad etdiyi 2021-ci il məlumatlarına əsasən, xərçəng diaqnozu qoyulan xəstələrin 50 faizi 60 yaşdan yuxarı, 41 faizi 40–60 yaş arasında, 9 faizi isə 40 yaşdan aşağı olub.
Bu isə xəstəliyin yalnız yaşlı insanlarla bağlı problem olmadığını, əmək qabiliyyətli əhalinin də ciddi təhlükə ilə üzləşdiyini göstərir.
“Görünməz” ölümlər
Müsavat Partiyası Gender Komissiyasının sədrinin araşdırmasında xərçəngdən vəfat edən adi vətəndaşların ölümünün mediada geniş işıqlandırılmaması da diqqətə çatdırılır.
Könül Alı qeyd edir ki, xərçəngdən ölüm halları, əsasən, tanınmış şəxslər vəfat etdikdə ictimaiyyətin diqqətini çəkir. Buna görə də gec diaqnoz və müalicəyə çıxış imkanlarının məhdudluğu nəticəsində həyatını itirən qadınların real sayını mətbuat faktları əsasında izləmək çətindir.
Araşdırmanın nəticəsinə görə, Azərbaycanda xərçəng qadın sağlamlığı üçün ciddi və artan təhlükə olaraq qalır. Qadın xəstələrin sayı 2023–2025-ci illərdə təxminən 2 400 nəfər artıb. Xəstələrin mühüm hissəsinin xəstəliyin gec mərhələsində həkimə müraciət etməsi isə problemin miqyasını daha da artırır.
Könül Alı hesab edir ki, problemin həlli yalnız qadınların maarifləndirilməsi ilə məhdudlaşmamalıdır. Erkən skrininqlərin təşviqi ilə yanaşı, xərçəng diaqnozundan sonrakı müalicənin də hər kəs üçün əlçatan olması və sığorta təminatının genişləndirilməsi vacibdir.
Qeyd edək ki, araşdırma Dövlət Statistika Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və müxtəlif media resurslarının məlumatları, həmçinin ekspert rəyləri əsasında hazırlanıb.












