Azərlotoreya” məhkəmədə uduzdu – “Misli.az” 76,5 manat ödəyəcək

16 baxış

Məhkəmə “Azərlotoreya”nı uduşu ödəməyə məcbur etdi – 76,5 manatlıq mərc mübahisəsi

Bakı Apellyasiya Məhkəməsi “Azərlotoreya” ASC-yə qarşı pul tələbinə dair iş üzrə mühüm qərar qəbul edib. Məhkəmə birinci instansiyanın iddianı rədd edən qətnaməsini ləğv edərək iddiaçının xeyrinə yeni qətnamə çıxarıb.

Sozcu.az xəbər verir ki, bu barədə e-huquq.az-a iddiaçının vəkili Fərid Qasımov məlumat verib.

Vəkilin sözlərinə görə, Əli Mustafayev “Azərlotoreya” ASC-yə məxsus “Misli.az” mərc oyunları platformasında qeydiyyatdan keçərək şəxsi hesab açıb.

O, 18 fevral 2026-cı il tarixində “Qarabağ – Nyukasl Yunayted” oyununun birinci hissəsində 2,5 ÜST nəticəsinə 150 manat mərc edib. Kuponda mərcin uğurlu olması halında ümumi ödənişin 226,5 manat təşkil edəcəyi göstərilib. Beləliklə, iddiaçının xalis qazancı 76,5 manat olmalı idi.

Oyunun birinci hissəsində 5 qol vurulmasına baxmayaraq, “Misli.az” iddiaçıya yalnız yatırdığı 150 manatı geri qaytarıb, uduş məbləğini isə ödəməyib.

İddiaçı platformanın qaynar xətti ilə əlaqə saxladıqda ona kuponun səhvən qəbul edildiyi, həmin vaxt əslində mərcin qəbul edilməməli olduğu bildirilib.

Bundan sonra Əli Mustafayev məhkəməyə müraciət edərək 76,5 manat uduşun, 500 manat mənəvi zərərin, 350 manat vəkil xərcinin, 20 manat etibarnamə xərcinin və 30 manat dövlət rüsumunun ödənilməsini tələb edib.

“Misli.az” tərəfi isə iddiaçının VAR yoxlaması zamanı yaranmış texniki xətadan istifadə edərək mərc etdiyini bildirib. Şirkət mərc məbləğinin müqavilə və qanunvericiliyə uyğun olaraq geri qaytarıldığını əsas gətirərək iddianın təmin edilməməsini istəyib.

Nəsimi Rayon Məhkəməsi iddianı təmin etməyib. Bununla razılaşmayan iddiaçı apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı qismən təmin edib.

Vəkil Fərid Qasımovun sözlərinə görə, apellyasiya instansiyası iddiaçının 76,5 manat məbləğində ödənilməmiş uduşun tutulması tələbini tam təmin edib. Həmçinin məhkəmə xərclərinin və vəkil xidmətinə görə çəkilmiş xərclərin ödənilməsinə qərar verib.

İddiaçının 500 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbi isə təmin edilməyib.

Paylaş:

Əlaqəli məqalələr