Ramiz Mehdiyevə 14 il şərti həbs cəzası verildi – əmlakları müsadirə olundu
Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sozcu.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi oktyabrın 22-də Ramiz Mehdiyev barəsində hökm çıxarıb. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəza şərti tətbiq olunub.
Məhkəmə Ramiz Mehdiyevi Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət), 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilib.
Məlumata əsasən, 88 yaşlı Ramiz Mehdiyevin yaşı və səhhətindəki problemlər nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsi əsasında ona təyin edilmiş 14 illik həbs cəzasının şərti tətbiq edilməsinə qərar verilib. Beləliklə, o, həbsxanaya göndərilməyəcək.
Məhkəmə hökmü ilə Ramiz Mehdiyevin əmlaklarına da dövlət nəfinə xüsusi müsadirə tətbiq olunub.
Lakin müsadirə qərarına daxil edilən daşınmaz əmlakların, şirkət paylarının və digər aktivlərin siyahısı, eləcə də onların ümumi dəyəri barədə məlumat açıqlanmayıb.
Bundan başqa, hökmdə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum olunması məsələsinə baxılması üçün müvafiq təqdimat göndərilməsi də nəzərdə tutulub.


















