Gürcüstanda ana dilində danışdığı üçün azərbaycanlı yeniyetməyə 5 bıçaq zərbəsi vurulub
Əslən Gürcüstan azərbaycanlısı olan fəlsəfə doktoru Aygül İsayeva Tbilisidə 15 yaşlı yeniyetmənin Azərbaycan dilində danışdığı üçün bıçaqlanmasına münasibət bildirib.
Sozcu.az xəbər verir ki, A. İsayeva bu hadisəni "ölkə adına biabırçılıq" adlandırıb.
Onun sözlərinə görə, 55 yaşlı şəxs yeniyetməni "Niyə Azərbaycan dilində danışırsınız, ay tatarlar?" deyə təhqir edib, daha sonra başına toqqa ilə vurub. Ardınca həmin şəxsin 26 yaşlı oğlu yeniyetməyə 5 bıçaq zərbəsi endirib.
Aygül İsayeva qeyd edib ki, tarixən Tbilisidə yaşayan azərbaycanlılar bir neçə dildə sərbəst danışıblar. Yeniyetmənin anası da gürcüdilli mediaya gürcü dilində sərbəst müsahibə verərək baş verənləri ətraflı izah edib. Onun fikrincə, bıçaqlanan yeniyetmə də gürcü dilində sərbəst danışır.
Fəlsəfə doktoru bildirib ki, baş verənlər Gürcüstanda qeyri-gürcü vətəndaşlara münasibətdə aparılan siyasətdə ciddi boşluqların olduğunu göstərir. O vurğulayıb ki, digər xalqlara qarşı tolerantlıq, insanlıq və multikultural dəyərlər ailədə və məktəbdə aşılanmalıdır. Heç kim "Gürcüstan gürcülər üçündür" ideyası ilə böyüdülməməli, uşaqlıqdan bu düşüncə ilə tərbiyə edilməməlidir.
İsayevanın sözlərinə görə, belə yanaşma Gürcüstan Konstitusiyasının 11-ci maddəsində təsbit olunan bərabərlik prinsipinə ziddir. Həmin maddəyə əsasən, qanun qarşısında hər kəs bərabərdir və irqinə, etnik mənsubiyyətinə, dilinə, dininə, mənşəyinə və digər əlamətlərinə görə ayrı-seçkilik qadağandır.
O, həmçinin 15 yaşlı yeniyetmənin bu yaşda işləməyə məcbur qalmasının da ciddi suallar doğurduğunu bildirib.
"Saakaşvilinin dövründə azərbaycanlılara 'tatar' deyərək təhqir edən şəxslər cərimələnirdi. Bəs indi?" – deyə Aygül İsayeva sual edib.
Sonda o bildirib: "Mənim ana dilim mənim kimliyimdir. Ana dilimlə, kimliyimlə fəxr edirəm."


















