Ağsu–Qaraməryəm yolunda təhlükə böyüyür – təcili təmir tələb olunur
Bakı–Şamaxı–Yevlax magistral yolunun tərkib hissəsi olan Ağsu–Qaraməryəm avtomobil yolunun, xüsusilə Ağsu şəhəri ilə Padar kəndi arasındakı hissəsi uzun illərdir bərbad vəziyyətdədir. Sürücülər bildirirlər ki, yolun dərin çala-çuxurlarla örtülməsi hərəkəti təhlükəli edib və bu vəziyyət ciddi narahatlıq doğurur.
Onların sözlərinə görə, sözügedən hissədə dəfələrlə ağır yol-nəqliyyat hadisələri baş verib. Dəfələrlə qaldırılan problemə baxmayaraq, yolun əsaslı şəkildə təmir olunmaması narazılığı artırır.
Sürücülər qeyd edirlər ki, ağırtonnajlı yük avtomobillərinin intensiv hərəkəti yolun vəziyyətini daha da ağırlaşdırır. Nəticədə avtomobillər sıradan çıxır, sürücülər isə həm maddi ziyana düşür, həm də həyatlarını riskə atırlar.
Vətəndaşlar hesab edirlər ki, yol infrastrukturu dövlətin inkişaf səviyyəsinin və vətəndaşa münasibətinin əsas göstəricilərindən biridir. Onların fikrincə, Ağsu–Qaraməryəm yolunun təxirəsalınmadan əsaslı təmirə ehtiyacı var.
Sakinlər və sürücülər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini və digər aidiyyəti qurumları əraziyə baxış keçirməyə, mövcud vəziyyəti yerində qiymətləndirməyə və problemin aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırırlar.
Elşən Əlisoy


















