Ağsuda jurnalistin elektrik problemi: “Mənə belə münasibət göstərilirsə, sadə vətəndaş nə etsin?”

184 baxış

Xebercimedi.az saytının rəhbəri Rüstəm Zaidoğlu Ağsu şəhərində ona məxsus bərbərxananın elektrik enerjisi ilə təmin olunmaması ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Rüstəm Zaidoğlu bildirib ki, Ağsu şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən bərbərxanasına elektrik xətti çəkilməsi və sayğac quraşdırılması üçün portal üzərindən müraciət edib.

Onun sözlərinə görə, müraciət 2917000018 qeydiyyat nömrəsi və 409013039579-06301 reyestr nömrəsi ilə qeydə alınıb. EQTSA17851651031888 nömrəli müraciətin qeydiyyata alınması barədə də telefonuna SMS göndərilib.

Lakin sonradan müraciətə imtina cavabı verilib. Rüstəm Zaidoğlu iddia edir ki, imtinaya səbəb obyektin elektrik xəttinin mühafizə zonasına düşməsi göstərilib.

“Mənə məxsus obyektlə xətt arasında cəmi 3-4 metr məsafə var. Əgər obyekt xəttin mühafizə zonasına düşürsə, necə olur ki, həmin obyektə çıxarış verilib?” – deyə o bildirib.

Rüstəm Zaidoğlu qeyd edib ki, ətraf ərazilərdə yerləşən digər obyektlər elektrik sayğacları ilə təmin olunduğu halda, yalnız onun obyektinə sayğac quraşdırılmayıb.

“FHN başda olmaqla bütün aidiyyəti qurumlar icazə verdiyi halda, hansı əsasla mənim müraciətimə imtina verilir? Cənab Prezident dəfələrlə çıxışlarında sahibkarların incidilməməsi ilə bağlı tapşırıqlar verib. Amma mən səbəbsiz yerə incidilirəm”, – deyə müraciətdə vurğulanıb.

Xebercimedi.az rəhbəri məsələnin araşdırılmasını və obyektə elektrik sayğacının quraşdırılmasına köməklik göstərilməsini xahiş edib.

O, problemin həll olunmayacağı təqdirdə məsələni daha yuxarı instansiyalara çatdıracağını da bildirib.

“Əgər mənə köməklik edilməsə, ac qalacaq övladlarımı da götürüb Prezident Aparatına gedəcəyəm. Sonda qeyd edim ki, mən jurnalistəm, sayt rəhbəriyəm. Mənə belə münasibət bəslənirsə, görün sadə vətəndaşlar nə zülm çəkir”, – Rüstəm Zaidoğlu deyib.

Paylaş:

Əlaqəli məqalələr