“Mübarizəmiz xalqımızın qələbəsinə qədər davam edəcək” -AXCP SƏDRİ

Dostlar, dünən saat 22:30-a Osmanqızı yutub kanalında canlı yayımda Sevinc xanımla müsahibəmiz olmalı idi. Sevinc xanım müsahibəni artıq anons etmişdi. Müsahibənin başlanmasına 15 dəqiqə qalmış evimdə internet kəsildi. Nəinki internet, hətta evimizdəki bütün telefon aparatlarından əlaqə də kəsildi. Ətraf aləmlə tam təcrid olundum. Aydın oldu ki, hakimiyyət qərara gəlib ki, planlaşdırılan müsahibəyə imkan verməsin. Düzü heç təəccüblənmədim. Son müsahibəmi canlı yayımda izləyənlərin sayı 20 mini keçəndən sonra fikirləşdim ki, hökumətin səbri çatmayacaq, hansısa təxribat edəcək. Həm də ona görə təəccüblənmədim ki, əslində bu, birinci dəfə baş vermirdi. Son aylarda azı 5-6 dəfə dünən axşam olduğu kimi, bütün internet və telefon əlaqəm kəsilib, tam təcrid olunmuşam. Bir qayda olaraq bu “təcridetmə əməliyyatı” ən həlledici məqamlarda, məsələn, Milli Şuranın təyin etdiyi 2 noyabr mitinqi ərəfəsində, parlament seçkilərinin səhərisi günü (dünya mətbuatı məndən müsahibələr almaq istəyəndə), beynəlxalq seçki müşahidəçilərilə görüşüm nəzərdə tutulan gün və s. baş verib. Bütün bu hallar haqda AXCP və Milli Şura rəhbərliyi, yaxın dostlarım məlumatlıdır. Ancaq mən bu “təcridetmələr” haqda geniş ictimaiyyəti məlumatlandırmamışam. Düşünmüşəm ki, əqidədaşlarımın şərlənib, kütləvi həbs olunduğu şəraitdə internet və telefon əlaqəmin kəsilməsini böyük problem saymayım. Açığı hələ də ictimailəşdirmədiyim, həyatımı çətinləşdirən başqa təzyiq və təcridlər də var. Çalışıram ki, həmin problemləri də alternativ yollarla həll edim, alınmasa, həmin təzyiq və təcridlər haqda da sizə məlumat verəcəm.

Bütün bunlar Azərbaycan iqtidarının müxalifətlə sivil rəqabətə hazır olmadığnın, ictimai rəy uğrunda mübarizəni uduzduğunun göstəricisi, İlham Əliyevin 19 mart çıxışında anons etdiyi “müxalifəti təcrid etmək” əməliyyatının tərkib hissəsidir. Beynəlxalq mətbuatın və beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq Azərbaycan hakimiyyəti COVİD 19-la mübarizə və karantin şəraitini müxalifəti təcrid etmək üçün fürsətə çevirib.

Dostlar, bu gün səhərdən internet və telefon əlaqələrim bərpa olunub. Başqa bir narahatlığım yoxdur. Dünən axşam Sevinc xanım Osmanqızı ilə baş tutmayan müsahibəni bu gün axşam saat 22:30-da etməyə çalışacağıq. Daha ətraflı axşam danışaram. Yenə mane olsalar, başqa alternativ yollara baş vuracam ki, fikirlərimi sizə çatdırım. Həqiqətləri, doğruları deməkdə, yazmaqda davam edəcəyik. Heç bir narahatlıq və ruh düşgünlüyü üçün əsas yoxdur. Əksinə, xalq – müxalifət birliyindən qorxuya düşən, bütün qanunsuz vasitələrə baş vuran rejimdir. Xalqımızın azadlığa və ədalətə qovuşması uğrunda mübarizəmiz xalqımızın qələbəsinə qədər davam edəcək.

Əli Kərimli, AXCP sədri

Facebook Comments