Sumqayıt məktəblisi ölkə birincisi oldu – 690 bal toplayan Fidanın hüquqşünaslıq xəyalı

20 baxış

​Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb. III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə maksimuma yaxın nəticə — 690 bal toplayaraq ölkə birincisi olan abituriyentin kimliyi bəlli olub.

​Sozcu.az xəbər verir ki, bu yüksək nəticəni Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızı göstərib. O, imtahanın birinci mərhələsində 293.8 bal, ikinci mərhələsində isə 396.2 bal toplamağa nail olub.

​Ölkə birincisi olan Fidan Hüseynzadə təəssüratlarını və uğurunun sirrini bölüşüb. Nəticəni öyrənərkən böyük həyəcan və sevinc hissi keçirdiyini gizlətməyən məzun, gələcəkdə hüquqşünas olmaq istədiyini bildirib:

​“Ölkə birincisi olmaq hissini sizə necə ifadə edim, bilmirəm. Nəticələr açıqlanmamışdan öncə də təxmin edirdim ki, yüksək bal toplamışam, amma bu qədərini — ölkə birincisi olacağımı düşünə bilmirdim”.

​"Hazırlıqlara qədər şəxsi telefonum yox idi"

​Uğura gedən yoldan danışan Fidan intizamlı mütaliənin və vaxtı düzgün bölməyin önəmini vurğulayıb:

​Sistemli hazırlıq: "IX sinifdən məşğələlərə başlamışam. Ona qədər məktəb dərsləri mənə kifayət edirdi, çox oxuyan, fərqlənən şagird idim."

​Telefondan uzaq qalmaq: "Hazırlıqlara başlayana qədər şəxsi telefonum olmayıb. Sonradan telefonum olsa da, onunla çox az məşğul olurdum."

​Hobbilər və mütaliə: "Məşğələlərdən gələndən sonra dərslərlə məşğul olurdum, amma buna rəğmən hobbilərimi də arxa plana atmamışam. Boş vaxtlarımda əsasən kitab oxuyurdum."

​Gələcəkdə ölkəsini layiqincə təmsil etmək istədiyini deyən Fidan Hüseynzadə, ən böyük xəyalının magistratura təhsili almaq olduğunu qeyd edib. O, bu uğurda əməyi olan məktəb və hazırlıq müəllimlərinə sonsuz təşəkkürünü bildirib.