Putin Ukraynadan qorxdu - “Valday” tədbirinin yerini dəyişdi
“Valday” Beynəlxalq Diskussiya Klubunun hər il keçirilən toplantısı Ukraynanın hərbi zərbələri təhlükəsi səbəbindən Soçidən Moskva vilayətinə köçürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Nəşrin mənbələri bildiriblər ki, iştirakçılara göndərilən ilk dəvətlərdə tədbirin keçirilmə yeri kimi Soçi göstərilib. Lakin avqustun sonunda iştirakçılara toplantının məkanının dəyişdirildiyi barədə məlumat verilib.
“Financial Times”ın iki mənbəsinin sözlərinə görə, toplantının Soçidən köçürülməsi barədə qərar Rusiya prezidentinin təhlükəsizlik xidmətinin təkidi ilə qəbul edilib.
Sentyabrın ortalarına olan məlumata görə, “Valday” Beynəlxalq Diskussiya Klubunun saytında 23-cü illik toplantının sentyabrın 28-dən oktyabrın 1-dək Moskva vilayətində keçiriləcəyi qeyd olunub.
Budəfəki toplantının mövzusu “Gələcəyə görə məsuliyyət: mümkün olanın sərhədləri, yoxsa sonsuz imkanlar?” olacaq.
Nəşr qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin hazırda Soçiyə əvvəlki qədər tez-tez səfər etmir. Rusiya prezidentinin Soçidə iqamətgahlarından biri yerləşir.
Jurnalistlərin hesablamalarına görə, Putin son iki il ərzində Soçiyə cəmi iki dəfə gedib. Onun son səfəri 2025-ci ilin oktyabrında baş tutub və həmin vaxt Rusiya lideri “Valday” klubunun toplantısında iştirak edib.
Müqayisə üçün, 2021-ci ildə – Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından əvvəl – Putin Soçiyə 24 dəfə səfər edib.


















