Changan liderdir, BYD isə ikinci sırada yer alır
Azərbaycanda BYD markalı avtomobillərin sayı ilə bağlı rəsmi statistika açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il yanvarın 1-nə ölkədə 19 min 799 ədəd BYD markalı minik avtomobili qeydiyyatda olub.
Bu göstərici BYD-ni Azərbaycanda ən çox istifadə olunan Çin avtomobil markalarından birinə çevirib. Rəsmi statistikaya əsasən, yalnız Changan markası daha yüksək nəticəyə malikdir. Hazırda ölkədə 38 min 784 Changan markalı avtomobil qeydiyyatdadır.
Qeyd edək ki, BYD (Build Your Dreams) şirkəti 1995-ci ildə Çində yaradılıb. Son illərdə elektrik və hibrid avtomobillərin istehsalı və satışı sahəsində dünyanın aparıcı şirkətlərindən birinə çevrilən BYD bir çox ölkələrdə Tesla ilə rəqabət aparır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il yanvarın 1-nə Azərbaycanda ümumilikdə 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub. Bu isə BYD markalı avtomobillərin ölkənin avtomobil parkının təxminən 1,2 faizini təşkil etdiyini göstərir.


