Çin avtomobilləri Almaniya nəhəngini geri çəkilməyə məcbur etdi
Almaniyanın avtomobil nəhəngi "Volkswagen" qarşıdakı illərdə qlobal miqyasda 100 minədək əməkdaşını işdən çıxarmağı planlaşdırır.
Sozcu.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb. Bildirilir ki, nəzərdə tutulan ixtisar şirkətin dünya üzrə ümumi işçi qüvvəsinin təxminən 15 faizini əhatə edir.
Məlumata görə, "Volkswagen" son dövrlər həm ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumlarının, həm də Çin istehsalı olan elektrik avtomobillərinin, xüsusilə BYD markasının sürətlə artan rəqabətinin yaratdığı çətinliklərlə üz-üzə qalıb.
Qeyd olunur ki, şirkət xərcləri azaltmaq və bazarda rəqabət qabiliyyətini qorumaq məqsədilə genişmiqyaslı restrukturizasiya proqramı həyata keçirməyi nəzərdən keçirir. Məlumatlara əsasən, bu proqram çərçivəsində bəzi istehsal müəssisələrinin fəaliyyətinin dayandırılması da gündəmdədir.
Rəsmi qərarın yaxın həftələrdə şirkətin rəhbərliyi tərəfindən müzakirə ediləcəyi gözlənilir. "Volkswagen" isə yayılan məlumatlarla bağlı hələlik yekun qərarın qəbul edilmədiyini bildirib. (Musavat.com)



