“Şuşam qalıb qalasız, sanki ana balasız, davalı, ya davasız – Qarabağı qaytarın”

Əməkdar artist Baloğlan Əşrəfov ordumuzun Qarabağ torpaqlarında apardığı uğurlu əməliyyatından qürur hissi keçirdiyini bildirib.

Müğənni Moderator.az-a açıqlamasında hətta Qarabağ haqda yazdığı şeiri də oxuculara təqdim edib:

“İndi heç yeri deyil nə sərvətin, nə varın,
Nəyiniz var xərcləyin, Qarabağı qaytarın.
Adı əbədiyyətə qanla yazılanların,
Qarşısında baş əyin, Qarabağı qaytarın.
Qəbirləri od tutub Üzeyirin, Cabbarın,
Ruhlarına and için Qarabağı qaytarın.
Şuşam qalıb qalasız, sanki ana balasız,
Davalı, ya davasız Qarabağı qaytarın.
Dar günündə vətənin düşmənlərinə qənim,
Ordumuza güvənin, Prezidentə güvənin,
Qarabağı qaytarın.

Son dövrlərdə bizim Ali Baş Komandanın çıxışlarına qulaq asanda adam ilhamlanır, qürur hissi keçirir. Bizim prezidentin çıxışı balacadan-böyüyə hamının ürəyincədir. Dövlətin başçısı belə çıxış etməlidir ki, xalq da ona dəstək olub torpaqlarını işğaldan azad etsin. Ona görə də hamımız Ali Baş Komandanın ətrafındayıq. Qarabağ döyüşlərində mənim də şəhidim var. Dayım oğlu Nəsib Tağıyev Qarabağ savaşında qəhrəmancasına şəhid oldu. Mən inanıram ki, hər şey yaxşı olacaq. Biz həqiqətən də yaşamalı və mübarizə aparmağa qadir olan dövlətik. İnşallah bütün torpaqlarımız işğaldan azad ediləcək”.

Facebook Comments