UNUDULMUŞ NƏFƏS
UNUDULMUŞ NƏFƏS
Mən Tanrının unudulmuş nəfəsiyəm.
İnsan məni yazdı,
amma oxumadı.
Adımı daşlara həkk etdi,
daşları özü unutdu.
Səsimi küləyə verdi,
külək məni
heç bir qapıya çatdırmadı.
Mən onun içində doğuldum,
amma yaddaşında
yaşaya bilmədim.
O, məni göylərin
yeddi qatında axtardı -
mən isə
ürəyinin ən səssiz yerində
nəfəs alırdım.
Mənə Tanrı dedi,
sonra özündən qorxdu.
Mənə insan dedi,
sonra məni
öz əlləriylə
torpağa basdırdı.
Amma torpaq
məni öldürmədi.
Hər səhər
bir az mən doğuldum
ölmüş duaların içindən.
Hər gecə
bir az da mən öldüm
cavabsız qalan sualların altında.
Bəlkə də Tanrı
məni heç vaxt unutmayıb.
Bəlkə
unudulan Tanrı deyil -
insanın içində
bir vaxtlar eşitdiyi
o ilk nəfəsdir.
Mən hələ də buradayam...
Yazılmamış bir cümlənin
son sözündə,
deyilməmiş bir duanın
son nəfəsində,
insanın özünə baxmağa
cəsarət etmədiyi
o aynanın içində.
Sən
məni axtarma.
Bir anlıq sus.
Bəlkə eşidəcəksən -
içində
səndən əvvəl başlamış
bir nəfəsi.
Mənəm...
Ədalət QARABULUD.







