İranda 19 ay sonra azərbaycanlı türk fəalın cəsədi tapıldı – boğazında iki bıçaq yarası
Sozcu.az xəbər verir ki, İranda azərbaycanlı türk mülki fəal Məhəmmədhəsən (Hüseyn) Rəhiminin cəsədi 19 ay sonra tapılıb.
Məlumata görə, Rəhiminin cəsədi İranın Qoşaçay şəhəri yaxınlığında, Çalxamaz kəndi ilə Çığatı çayı istiqaməti arasındakı ərazidə, dağ ətəyində palçıq altında basdırılmış vəziyyətdə aşkarlanıb.
42 yaşlı, iki uşaq atası olan Rəhimi 2024-cü il dekabrın 25-də İranda yaşadığı kənddə bir mağazanın qarşısından yoxa çıxıb. Şahidlərin sözlərinə görə, iki mülki geyimli şəxs onu ağ rəngli “Samand” markalı avtomobilə mindirərək aparıb.
Tikinti işçisi olan Rəhimi “Instagram” sosial şəbəkəsində Azərbaycan türklərinin hüquqları ilə bağlı paylaşımlar edirdi.
Məlumata görə, onun itkin düşməsindən üç gün sonra polis idarəsinin rəisi ailəsinə Rəhimin İran Kəşfiyyat Nazirliyi tərəfindən saxlanıldığını təsdiqləyib.
Rəhimin cəsədinin 2026-cı il iyulun 27-də tapıldığı bildirilir. Onun üzərində itkin düşdüyü gün geyindiyi paltarların olduğu, boğazında isə iki bıçaq yarasının aşkarlanması qeyd edilir.
Bildirilib ki, 19 ay keçməsinə baxmayaraq, cəsəd tam çürüməyib. Yalnız üz nahiyəsinin tanınmaz vəziyyətdə olduğu bildirilir.
Rəhimin ailəsi aylar ərzində Urmu, Qoşaçay və Tehranda İranın kəşfiyyat, sərhəd və məhkəmə qurumlarına müraciət edib. Ailə üzvlərinin sözlərinə görə, müraciətlər zamanı onlara müxtəlif və ziddiyyətli cavablar verilib.
Ailənin iddiasına görə, Urmu kəşfiyyat qurumunda çalışan rəsmilərdən biri daha əvvəl Rəhimin “sağlam” olduğunu bildirib.
Hadisənin hansı şəraitdə baş verdiyi və Rəhimin ölümünün səbəbləri ilə bağlı əlavə məlumatların açıqlanması gözlənilir.


