“Əllərinizi yuyun!” ifadəsini eşidəndə başımızdan tüstü çıxır – “Azərsu” tənqid edildi

Deyirəm, əcəbdir, vallah.

Ölkənin ən yarıtmaz, ən çox tənqid edilən, öz işini qura bilməyən, dövlət büdcəsinə zəli olan bir şirkət Tarif Şurasına müraciət edir ki, çatdırmıram, qiyməti artır və qiymət artırılır.

İllərlə biz eyni mənzərəni görürük – partapart trubalar partlayır, özlərinə məxsus olan zavodlarda istehsal olunan keyfiyətsiz boruları qoyurlar, sonra lap az vaxt keçir, yenə partlayır, su küçələlrə şırhaşır axır, israfçılıq, talançılıq, yollar qazılır, sonra yenə partlayır, sonra yenə qazılır, yenidən asfalt, büdcədən yeni pullar ayrılır, yağış yağanda şəhər kanalizasiya içində batır, sosial media od püskürür, mən qarışıq bir çoxumuz bu haqda illərdir yazırıq, amma heç bir nəticəsi olmur.

Heç veclərinə də deyil. Krandan gələn suyu isə özlərinə desən iç, rəngləri qaçar qorxudan.

Qəbələnin Heydər Əliyev prospekti bir dəfə asfaltlandı kapital olaraq, sonra “Azərsu” gəlib su və kanalızasiya çəkdi, yenə də asfalt döşəndi, indi ötən həftə baxıram, düz İcra Hakimiyətinin qarşısında yenidən yolu qazırlar.

Bizim Həmzəlli kəndi çaylı və bulağlı dağların ətəyində yerləşir, amma mən gözümü açandan orada su problemi var. Su çəkməyə pullar ayrılır, bir iki dənə artezian qazırlar bağlarına yaxın, qalanını da ata malı kimi bölüb yeyirlər.

Kənd sakinləri isə şlanqlarla su çəkirlər həyətlərinə. İlin yarısı ümumiyətlə su olmur, digər vaxtlar isə şlanqlar deşilir, su axır gedir küçələrlə, yenə də israfçılıq.

Sakinlər tonlarla məktub yazırlar, amma Prezidentin yolu ordan keçmir deyə, məhəl qoyan yoxdur şikayətlərə. Dəhşətlidir, bulaq başında yaşayasan, içməyə suyu maşınla alasan.

Yerli orqanlar isə deyir ki, “Gedin özünüz pul toplayın çəkin” – ə bədbəxt oğlu, bu kəndçinin pulu hardan özünə su çəksin? Pul qoymusan onun cibində qalsın?

Bəs onda siz nəyə lazımsınız, bələdiyələr, icralar, su idarələri? Mənim bu il 60 yaşım olacaq, mən bu kəndin su problemi ilə məşğul olanı görə bilmədim.

“Azərsu” ölkənin ən toxunulmaz şirkətinə çevrilib. Soruşanda da deyirlər ki, biz mələkik, bizdən yaxşı işləyən yoxdur, prosta su və kanalizasiya sistemi sovetdən qalıb köhnəlib.

Qardaş, sovet artıq 30 ildir ki, yoxdur, onun yarısını isə siz oturmusunuz bu şirkətin başında, bəs nə ilə məşqul olmusunuz?

İlon Mask 10 ilə kosmosa raket buraxıb milliyarder oldu, siz hələ də yol qazmaqla pul “qazanırsınız”. Hər ilin axırında da daraşırlar dövlət büdcəsinə ki, bizim gəlirimiz yoxdur, insanlardır günahkar, bizə dotasiya verin.

Hara gedir o dotasiyalar? Ənənəvi istiqamətə, şık həyat tərzinə, yeni villalara və yeni limuzinlərə.

Belə olan halda nəyə görə bu şık həyatı mən maliyələşdirməliyəm? Canları çıxsın yığdıqlarının cuzi bir qismini qaytarsınlar, onda heç qiymət artımına ehtiyac da olmayacaq.

Bizim mədəniyətimizdə su müqəddəsdir, həyat mənbəyidir, bunu nəzərə almaq lazım idi. “Azərsu”yun biabırçı idarəçilik fonunda belə artım çox məntiqsiz və yersizdir, təxribat qoxusu gəlir ondan.

“Əllərinizi yuyun!” eşidəndə başımızdan tüstü çıxır artıq…

Azər Qərib

Jurnalist

Facebook Comments