“Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər” – İlham Əliyev

“İkincisi, biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə, yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma – hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, bu ardıcıllıq budur. Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən artıq göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox. “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır”, – dövlət başçısı deyib.

Facebook Comments