Neftin qiyməti 114 dolları keçdi

Dünya bazarlarında neft kəskin bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neft 114,16 dollara, yüngül neft 113,92 dollara təklif edilir.

Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək. Bu barədə Sozcu.az-a qurumdan məlumat verilib. Bildirilib ki, imtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda olacaq. Həmçinin martın 9-da tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verirlər. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 24-dən etibarən çap edib götürə bilirlər. Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb. Martın 9-da keçiriləcək imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

ABŞ hökuməti diplomatlarına Səudiyyə Ərəbistanını dərhal tərk etməyi əmr edib

Səudiyyə Ərəbistanında xidmət edən amerikalı diplomatlara ölkəni tərk etməklə bağlı tapşırıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Times“ qəzeti məlumat yayıb. "Dövlət Departamentinin bu addımı ABŞ rəsmilərinin regionda artan riskləri dərk etdiyini göstərir. Bu, ABŞ və İsrail arasında İrana qarşı 28 fevral müharibəsindən bəri ilk dəfədir ki, nazirlik Səudiyyə Ərəbistanından işçilərin məcburi şəkildə çıxarılmasını təsdiqləyir və ya əmr edir", - qəzet yazır. Məlumata görə, Dövlət Departamentinin əmri təkcə Ər-Riyaddakı ABŞ hökumət işçilərinə deyil, həm də ABŞ konsulluqlarının yerləşdiyi iki şəhər olan Ciddə və Dəhran şəhərlərinə də şamil ediləcək.

Tramp: İrana qarşı əməliyyatın nə vaxt başa çatacağına Netanyahu ilə birgə qərar verəcəyik

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağına İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə qərar verəcəklərrini açıqlayıb. Sozcu.az xəbər verir ki, Tramp bu barədə "The Times of Israel" qəzetinə verdiyi müsahibədə danışıb. "Düşünürəm ki, bu, birgə qərardır. Çox da vacib deyil. Mən qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq", - Tramp deyib.

İranın hücumları nəticəsində Bəhreyndə 32 nəfər yaralanıb

İranın Bəhreyn ərazisini bombalaması nəticəsində 30-dan çox insan yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Bəhreyn hökuməti məlumat yayıb. Hökumətin məlumatına görə, Sitra rayonunda İranın hücumu nəticəsində 32 nəfər yaralanıb. Yaralananlardan dördünün hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Tramp: Münaqişə bitdikdən sonra İranın xəritəsi dəyişə bilər

ABŞ Prezidenti Donald Tramp münaqişə bitdikdən sonra İranın sərhədlərinin dəyişdirilməsini mümkün hesab edir. Sozcu..az xəbər verir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə bildirib. Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: "Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox".

ABŞ İrana mümkün zərbələr üçün Britaniyaya B-1 bombardmançıları göndərib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd B-1 Lancer strateji bombardmançı təyyarəsi İngiltərənin cənub-qərbində yerləşən Feyrford aviabazasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Məlumata görə, bombardmançı təyyarələr İrana qarşı yeni zərbələrə hazırlıq çərçivəsində bölgəyə göndərilib. Təyyarələrdən biri martın 6-da, daha üçü isə martın 7-də Britaniyadakı bazaya çatdırılıb. Böyük Britaniyanın Müdafiə Nazirliyi B-1 təyyarələrinin ölkə ərazisinə gəldiyini təsdiqləyib. Nazirliyin açıqlamasında bildirilir ki, ABŞ Britaniya hərbi bazalarından İranın regionda raket buraxılışlarının qarşısını almaq məqsədilə istifadə etməyə başlayıb. Bu addımın Britaniya vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəldiyi qeyd olunub. Məlumata görə, ABŞ yaxın günlərdə Feyrford aviabazasından döyüş uçuşlarına başlayaraq İrana qarşı zərbələr endirə bilər.

Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib

Norveçin paytaxtı Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Norveç polisinə istinadən məlumat yayıb. Məlumata görə, bazar günü səhər saatlarında səfirlik ətrafında güclü partlayış səsi eşidilib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.

"Bu vəziyyətdə əsl qalib kimdir?” - Tusk

Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampın İran üzərində qələbə ilə bağlı bəyanatını şübhə altına alıb. Sozcu.az xəbər verir ki, Tusk bu barədə "X" hesabında paylaşım edib. O bildirib ki, Yaxın Şərqdə silahlı qarşıdurma davam edir və bölgədə xaos genişlənməkdədir. Tusk qeyd edib ki, bu vəziyyət fonunda neft qiymətləri yüksəlir. Polşa hökumətinin başçısı ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə tətbiq olunan sanksiyaların yumşaldıla biləcəyi barədə məlumatına da diqqət çəkib. “Neft qiymətləri artır. Vaşinqton Rusiya neftinə sanksiyaları aradan qaldıra bilər. Bu vəziyyətdə əsl qalib kimdir?” – deyə Tusk yazıb.

Ər-Riyadda diplomatik məhəlləyə dron hücumu cəhdi olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda diplomatik məhəlləyə pilotsuz uçuş aparatı ilə hücum cəhdi qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, dronun hücum cəhdinin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısı alınıb. Pilotsuz aparatın yerə düşməsi nəticəsində xəsarət alan olmayıb, yerüstü obyektlərə ziyan dəyməyib.

Bu Avropa ölkəsi ən yüksək maaşı verir: İşsizlər axın edir

Avropada karyera qurmaq istəyənlər üçün yeni bir hədəf müəyyənləşib. Son məlumatlara görə, İsveçrə həm həyat standartları, həm də verdiyi yüksək maaşlarla siyahıda birinci yerə yüksəlib. Bu ölkədə aylıq orta əmək haqqı bir çox ölkənin illik qazancına bərabərdir. Sozcu.az xəbər verir ki, İsveçrə illərdir iqtisadi sabitliyi və yüksək rifah səviyyəsi ilə tanınsa da, son statistikalar bu ölkənin maaş məsələsində digər Avropa nəhənglərini geridə qoyduğunu təsdiqləyir. Ən yüksək maaşlar hansı sahədədir? İsveçrədə orta aylıq əmək haqqı təxminən 6,700 - 7,200 İsveçrə frankı (təxminən 7,000 - 7,500 avro) arasında dəyişir. Xüsusilə aşağıdakı sahələrdə qazanclar daha yüksəkdir: İnformasiya Texnologiyaları (İT): Proqram təminatı mütəxəssisləri üçün başlanğıc maaşları belə çox yüksəkdir. Maliyyə və Bank işi: Sürix və Cenevrə kimi şəhərlər dünyanın maliyyə mərkəzləri olduğu üçün bu sahədə maaşlar rekord səviyyədədir. Əczaçılıq və Kimya sənayesi: Ölkənin ixracatının böyük hissəsini təşkil edən bu sektor mühəndis və tədqiqatçılara böyük imkanlar vəd edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yüksək maaş hər şey demək deyil. İsveçrə dünyanın ən baha ölkələrindən biridir: Xüsusilə böyük şəhərlərdə kirayə haqları çox yüksəkdir. Məcburi sağlamlıq sığortası və gündəlik xidmətlər büdcənin əhəmiyyətli hissəsini təşkil edir. Supermarket qiymətləri qonşu Almaniya və ya Fransa ilə müqayisədə xeyli bahadır. İsveçrədə işçilərin hüquqları ciddi şəkildə qorunur. Həftəlik iş saatı orta hesabla 40-42 saat arasındadır. İş və şəxsi həyat balansı bu ölkədə ən mühüm prioritetlərdən biridir.Milli.az)

ABŞ İranda 3 000-dən çox hədəfə zərbələr endirib

ABŞ qoşunları hərbi əməliyyatın başlanğıcından İrandakı 3 000-dən çox hədəfə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Komandanlığın məlumatına görə, əməliyyat zamanı hücum dronları daşıyan təyyarə də daxil olmaqla, İranın 43 hərbi gəmisi də zədələnib və ya məhv edilib. Qeyd olunur ki, əməliyyatda çox sayda taktiki təyyarə ilə yanaşı, B-2A, B-52H və B-1B strateji bombardmançı təyyarələri də iştirak edir. Onlar İranın ən çox qorunan ballistik raket saxlama və istehsal müəssisələrinə zərbələr endirirlər.

ABŞ Fars körfəzində gəmilərin sığortalanması üçün proqram həyata keçirəcək

ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası və Maliyyə Nazirliyi İranla münaqişə fonunda Hörmüz boğazından dəniz təchizatını normallaşdırmaq məqsədilə Fars körfəzindəki gəmilər üçün 20 milyard dollara qədər sığorta dairəsi ilə təkrarsığorta proqramı başladacaq. "Report"un xəbərinə görə, bu barədə korporasiya açıqlama verib. Sənəddə bildirilir ki, Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının təkrarsığorta mexanizmi davamlı olaraq təxminən 20 milyard dollarlıq itkiləri sığortalayacaq. Proqram İranla münaqişə fonunda Hörmüz boğazından neft, mayeləşdirilmiş təbii qaz, gübrə və digər malların tədarükünü normallaşdırmaq üçün nəzərdə tutulub. Bu barədə isə korporasiyanın baş direktoru Ben Blek bildirib. "Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ilə əməkdaşlıq çərçivəsində əhatə dairəsi digər heç bir proqramla müqayisə olunmayan təhlükəsizlik səviyyəsini təmin edəcək. Əminik ki, təkrarsığorta mexanizmimiz neft, benzin, mayeləşdirilmiş təbii qaz, reaktiv yanacaq və gübrənin Hörmüz boğazından yenidən dünyanın digər ölkələrinə buraxılmasına imkan verəcək", - o deyib.

Fəxrəddin Altuna yeni vəzifə verildi

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sabiq rəhbəri Fəxrəddin Altun Türkiyənin Vatikandakı səfiri təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı qərar Rəsmi Qəzetdə dərc olunub. Qeyd edək ki, Fəxrəddin Altun bundan əvvəl Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri vəzifəsində çalışıb.

Ermənistan MTX-nin binasını yandırmaq istədilər

İnternetdə bir nəfərin Ermənistanın paytaxtı İrəvandakı Milli Təhlükəsizlik Xidmətinin binasına molotov kokteyli atdığını göstərən video yayılıb. Sozcu.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan şübhəlinin saxlanılaraq istintaqa təhvil verildiyini bildirib.

İranda hərbi əməliyyat 4-6 həftə davam edə bilər

Vaşinqton administrasiyası ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının 4-6 həftə davam edəcəyini ehtimal edir. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib. “Mən prezident Donald Tramp demədən heç bir müddətlə bağlı məlumat verməyəcəm. Qeyd edim ki, prezident Trampın əvvəllər də qeyd etdiyi kimi, əməliyyatların məqsədlərinə təxminən dörd-altı həftə ərzində nail olunacağını gözləyirik”, - Livitt deyib.

Rusiyada zəlzələ oldu

Rusiyanın Soçi bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib. Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yerli sakinlər yeraltı təkanları səhər saat 7:30 radələrində hiss etdiklərini bildiriblər. Yeraltı təkanlar ən şiddətli şəkildə Sirius, Adler, Xostinski və Mərkəzi rayonlarda hiss olunub. Mənzillərdə pəncərələr titrəyib və çilçıraqlar yellənib. Dağıntı və təlafat barədə məlumat yoxdur.

ABŞ-dan vətəndaşlarına Naxçıvanla bağlı çağırış

ABŞ hökuməti öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat yer alıb. Tövsiyə İranın Naxçıvana dron hücumundan sonra verilib. Səfirlik həmçinin bildirib ki, hazırda ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və adi konsulluq xidmətləri davam edir. ABŞ vətəndaşlarına isə vəziyyətlə bağlı yerli məlumatları izləmək, izdihamlı yerlərdən və nümayişlərdən uzaq durmaq, təhlükəsizlik qaydalarına riayət etmək və zərurət yaranarsa regionu tərk etmək üçün plan hazırlamaq tövsiyə olunub.

Tramp açıqladı: Ayətullah rejiminin devrilməsindən sonra...

İranda ayətullah rejiminin devrilməsindən sonra sıra Kubaya gələcək. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Kubada hakimiyyətin devrilməsində həlledici rol oynayacaq. O, həmçinin Venesuelanın yeni rəhbərliyinin bu prosesdə iştirakına işarə edib. "Venesuela fantastik iş görür. Onlarla münasibətlər gözəldir", - deyə o bildirib.

İranın bərpası üçün 10 il vaxt lazımdır - Tramp

ABŞ və İsrailin zərbələrindən sonra İranın bərpasına ən azı 10 il vaxt lazım olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp jurnalistin hərbi kampaniyanın bitməsindən sonra İranı nələrin gözləyəcəyi ilə bağlı sualına cavabında deyib. “Növbəti mərhələni unudun. Onlar məhv edildilər. İranın bərpası üçün 10 il zaman lazımdır”, - deyə Tramp bildirib.

Bu Avropa ölkələrinin nüvə silahının olmasını istəmirik - ABŞ

Əgər Polşa, Almaniya və Skandinav ölkələri özlərinin nüvə potensialarını inkişaf etdirmək istəsəydilər, ABŞ onları bu plandan daşındırardı. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi deyib. “Açığı, Avropa hökumətlərinin müstəqil nüvə silahına sahib olmaq və Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilədən çıxması istəməsi barədə təsdiqlənmiş məlumat eşitməmişəm. Müdafiə Nazirliyinin baxış bucağına görə, Avropanın NATO-nun nüvə çəkindiriciliyinə töhfəsi daha məqsədəuyğun və məntiqlidir. Britaniya və ya Fransanın müstəqil nüvə çəkindirməsi NATO-nun müdafiəsini möhkəmləndirir. Bu, yaxşı haldır”, - deyə Kolbi bildirib.

İran Azərbaycana niyə hücum edib? - Britaniyadan VACİB AÇIQLAMA

Bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb. Britaniyalı politoloq Neil Uatson Naxçıvanın vurulmasını Modern.az-a şərh edib. Politoloq saytımıza açıqlamasında İranın Azərbaycanı qəsdən hədəf almağının ona qazanc gətirmədiyini bildirib: "Nəzərə almalıyıq ki, müharibənin ilk qurbanı həqiqətdir. Bunun İrandan, yoxsa ABŞ və müttəfiqlərinin Azərbaycanı öz tərəfinə çəkməyə çalışması olub-olmadığını dəqiq bilmirik, çünki Prezident Əliyev müharibəni və İran liderinin öldürülməsini pisləyib. İranın Azərbaycanı qəsdən hədəf almaqdan İsrail-Azərbaycan münasibətlərini və ya Trampın idarə etdiyi sülh danışıqlarını dəstəkləməməsi istisna olmaqla qazancı yoxdur. Müharibədə, həmişə olduğu kimi, hadisələrə üzdən yanaşmamalı və silahların insanların idarə etdiyi mexaniki əşyalar olduğunu və səhvlərin baş verə biləcəyini nəzərə almalıyıq". Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.

İran terrorçu dövlət kimi qiymətləndirilməlidir

Albaniyanın Baş naziri Edi Rama Azərbaycanın Naxçıvan bölgəsində mülki infrastruktura qarşı həyata keçirilən hücumu qəti şəkildə pisləyib. Sozcu.az xəbər verir ki, hökümət başçısı bu barədə "X" hesabında yazıb. O bildirib ki, Azərbaycan ərazisinə edilən hücum, mülki infrastrukturu hədəfə alması və nəticədə insanların yaralanması İran tərəfindən qonşu ölkələrə qarşı növbəti ağır və qəbuledilməz aqressiya aktıdır. Edi Rama qeyd edib ki, Azərbaycan Albaniya üçün dəyərli dost və müttəfiqdir. Onun sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan inkişafı, rifahı və açıq əməkdaşlıq siyasəti ilə beynəlxalq arenada böyük hörmət qazanıb. Albaniyanın baş naziri vurğulayıb ki, Azərbaycan xalqı, eləcə də son günlər əsassız şəkildə hədəfə alınan digər ölkələrin xalqları yalnız hörmətə, təhlükəsizliyə və təhdidlərdən uzaq həyata layiqdir. Rama həmçinin bildirib ki, Tehrandakı rejimin mülki əhalini qorxutmaq və regionda sabitliyi pozmaq cəhdləri qətiyyətlə pislənməli və bu rejimin beynəlxalq səviyyədə daha da təcrid olunmasına səbəb olmalıdır. Baş nazirin sözlərinə görə, başqa ölkələrin mülki infrastrukturu hədəfə alındıqda və suveren sərhədlər pozulduqda aqressiya ilə terrorizm arasındakı sərhəd aradan qalxır. O əlavə edib ki, sabitliyə, beynəlxalq hüquqa və sülh şəraitində birgə yaşayışa inanan dövlətlər bu cür zorakılıq ixrac edən rejimdən açıq şəkildə uzaqlaşmalı və onu terrorçu dövlət kimi qiymətləndirməlidirlər. Edi Rama Albaniyanın Azərbaycanın güclü rəhbərliyi və qürurlu xalqı ilə həmrəy olduğunu vurğulayıb. “Yol aydındır: aqressiya təcrid olunmalı, aqressorlar isə qəti şəkildə pislənməlidir. Zorakılıq yolunu seçənlər sülh tərəfdarlarının artan birliyinə cavab verməli olacaqlar”, – deyə o qeyd edib.

Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev

Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. "Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi", - Prezident deyib.