“Orxanın şəhid olmasından artıq iki ay ötür, amma qəbri elə də qalıb”

“İcra Hakimiyyətinə deyirəm ki, yuxuda oğlumu qanın içində görürəm, narahatdı…”

Xəbər verdiyimiz kimi dünən sosial şəbəkədə Qusar rayon Həsənqala kəndindən olan şəhid İsmayılov Orxan Qədim oğlunun 5 oktyabrda dəfn edilsə də, indiyə kimi şəhidin baş daşının qoyulmaması sərt tənqid edilib.

Moderator.az-ı əməkdaşı problemin izinə düşüb və bu gün şəhidin atası Qədim İsmayılovla əlaqə saxlayıb. Şəhid atası saytımıza açıqlamasında oğlunun baş daşının Qusar rayon İcra Hakimiyyəti tərəfindən vaxtında qoyulmamasını təsdiq edib:

“Ay oğul, bilmirəm niyə belə edirlər. Orxanın qəbrinin üstündəki torpağı da götürüb beton töküblər. Qəbir elə də qalıb. Əslində bizlərdə də məzar daşı mərhumun qırx mərasiminə kimi qoyulur. Amma Orxanın şəhid olmasından artıq iki ay ötür, amma qəbri elə də qalıb. Kəndimizdə tək mənim oğlumdu Vətən müharibəsində şəhid olan. Şəhidin sığorta pulu verilib və bir iki sənədi düzəldilməlidir. Qəbir daşını isə rayon icra hakimiyyəti sifariş verib. Mən də onlara deyirəm ki, gecə yuxuda görürəm oğlumu, qəbrinin üstünü dağıtmısınız, narahatdı. Oğlumu yuxuda qanın içində görürəm. Dünən də mənə zəng vurub deyirlər ki, yanvarın 18-nə kimi baş daşı qoyulacaq”.

Şəhid atası Orxanın evin tək oğlu olduğunu və orduda MAXE kimi xidmət etdiyini bildirib:

“Orxan evin tək oğlu idi, bir bacısı var. Orduda MAXE işləyirdi, artıq altı il yarım idi xidmət edirdi. Aprel döyüşlərində də iştirak edib. Onda da medalla təltif edilmişdi. Vətən müharibəsində isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Lakin o medalları hələ ki, gətirib mənə təqdim etməyiblər. Orxan Füzulidə şəhid olmuşdu. Evliydi, iki övladı var”.

Facebook Comments