“1 yaşında ermənilərin atdığı mərmidən yaralanmışdı, deyirdi ki, onlardan qisasımı alacam”

“Biz əslən Fizulinin Arış kəndindənik. O vaxt ermənilər kəndimizə mərmi atmışdı, biz ailəlikcə yaralanmışdıq. Elə oldu ki, məcburi-köçkün kimi yurdumuzdan, yuvamızdan didərgin düşdük”

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şəhid çavuşumuz Ziyad Muradovun anası Tahirə Mehdiyeva deyib. Şəhid anası daha sonra əlavə edib.

“Bakıya gələndən sonra Ziyad məktəbi burada oxudu. Atası ona deyirdi ki, oğlum, sən kantuziya almısan, gəl səni hərbi xidmətdən saxlayaq. Amma razılaşmadı, Tərtərə gedib hərbi xidmətini çəkdi. Hərbi xidmətdən qayıdandan sonra bu sahəni davam etdirdi, çavuş rütbəsi aldı. Əks hücum əməliyyatı başlayanda cəbhəyə yollandı, oktyabrın 20-də xəbər gəldi ki, oğlunuz şəhid olub. Həmişə deyirdi ki, ermənilərdən qisasımı alacam.Telefonla əlaqə saxlayırdıq, deyirdi ana, sizi Arışa gətirəcəm. Amma qismət olmadı, balam şəhid oldu” – deyə şəhid anası bildirib.

Şəhidimizin həyat yoldaşı Aysel Muradova deyir ki, indi yeganə təsəllisi Ziyadın yazdığı şeirlər və azyaşlı övladıdır.

“Qayğıkeş ailə başçısı, diqqətli həyat yoldaşı idi. Heç vaxt qoymazdı ki, nəyəsə ehtiyacımız olsun. Evə zəng edirdi, övladı ilə danışırdı. Deyirdi ki, oğluma bütün Azərbaycanı qoyub gedəcəm, o atası ilə fəxr edəcək. Yeganə təsəllim övladım və Ziyadın yazdığı şeirlərdir. Vətən mövzusunda şeir yazmağı, rəsm çəkməyi, heykəltəraşlıqla məşğul olmağı çox sevərdi. Şeirlərini “Türksoy Qarabağlı” təxəllüsü ilə qələmə alırdı, 2017-ci ildə “İlin gənc yazarı” adına layiq görülmüşdü. Sağ ikən şəhidlər haqqında da şeir yazmışdı.. Oğlum yeni dil açıb, ondan soruşuruq ki, ata hara getdi? Deyir ki, ata qəbirə getdi” deyə şəhidin həyat yoldaşı bildirib.

Qeyd edək ki, Ziyad Muradov Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə bir sıra yüksəkliklərin azad olunmasında fəal iştirak edib. Oktyabrın 20-də şəhidlik zirvəsinə ucalıb, ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Facebook Comments