Qazinin atası: “3 dəfə borc tapıb, yaralı oğlumun yanına getdim, indi pulu qaytara bilmirəm”

Jurnalist Cəmil Zabitov Füzulidə ağır yaralanmış könüllü əsgər Vahid İmanlının atası Taleh İmanovla görüşüb. Ailə Yardımlı rayonunun Dağüstü kəndində, köhnə bir evdə yaşayır. Müharibədən əvvəl yeganə qazanc yerləri Vahid İmanlı olub. O, Bakıda ayda 200-300 manata işləyərək, atasını və nənəsini dolandırıb.

Jurnalist bildirib ki, Yardımlıda hazırda iş yoxdur. İnsanlar ev heyvanlarından və bağdan əldə etdikləri vəsait hesabına yaşayırlar.

27 sentyabr 2020-ci ildə Qarabağ uğrunda Vətən Müharibəsi başlayanda Vahid İmanlı da cəbhəyə yollanıb. Onu hərəkətsiz halda cəbhədən gətirib hospitala yerləşdiriblər. Güllə sağ tərəfindən keçərək, onurğasını zədələyib. Hazırda o, yataq vəziyyətindədir, bədənini hərəkət etdirə bilmir. Müalicəsi Bakı Hərbi Hospitalında davam etdirilir. Vahid yaranan vəziyyətdən sonra yerli hakimiyyətə müraciət edərək hazırda tamamilə vəsaitsiz qalan ata və nənəsinə kömək etmələrini xahiş edib.

Qazimizin atası da müraciətində oğlunu pulsuz müalicə etdiyinə görə Azərbaycan Prezidenti və hökumətinə təşəkkür edib. Lakin bildirib ki, Yardımlı Rayon İcra Hakimiyyətindən narazıdır:

“Üç dəfə kənd camaatından borc alıb, Bakıya oğlumun yanına getmişəm. Amma borcumu qaytarmağa imkanım yoxdur. Yerli icra hakimiyyətinə yardımla bağlı müraciət edəndə isə sadəcə 300 manat ödəniş etdilər, vəssalam”.

Vahid İmanlının nənəsi də müharibə veteranıdır, 130 manat pensiya alır. İmanovlar Yardımlı rayon rəhbərliyi onlarla maraqlanmadığı üçün narazılıqlarını dilə gətiriblər. Qazinin atası Hərbi Komissarlığa şikayət üçün gedəndə isə ona rayonda 500 belə yaralının olduğunu, hamısına kömək etməyin mümkünsüz olduğunu bildiriblər.

Yardımlı Rayon İcra Hakimiyyətinin rəsmi İnternet saytında müharibə əlillərinə, şəhid ailələrinə dövlət yardımı haqqında qanundan çıxarışlar yerləşdirilib. Qeydiyyata alınmaq üçün lazım olan sənədlər göstərilib. Birdəfəlik və aylıq ödənişlərin və pensiyaların məbləği bildirilib. Dövlət müharibə əlillərini avtomobillərlə pulsuz təmin etmək və yaşayış şəraitini yaxşılaşdırmaq öhdəliyini öz üzərinə götürüb.

Lakin İkinci Qarabağ müharibəsi qazilərinin ailələrinə yaşamaq üçün pul məhz indi lazımdır. Apteklərdə dərmanların qiyməti 500 manata qədər artıb. Üstəlik bəzi ailələr koronavirusa yoluxub. Dərman müalicəsi ala bilməyən xəstələr ölür. Ər və oğullar müharibədən əlil vəziyyətdə qayıdıblarsa, müalicələri başa çatmayıbsa, onlar yaşamaq və dərman almaq üçün bu qədər vəsaiti haradan alsınlar?

Turan.az saytı Yardımlı Rayon İcra Hakimiyyətinin Ərazi İdarəsinin müdiri Şücayət İbişovla əlaqə saxlayıb. O, İmanovlar ailəsini tanıdığını və onlarla görüşdüyünü bildirib:

“Taleh İmanova bir dəfə 300 manat yardım etmişik. Yenidən ödəniş etməyə hazırıq, ancaq bizə ərizə ilə müraciət etməlidir”.

İcra Hakimiyyətindən bildirilib ki, havalar düzələndə ailənin şikayəti təmin ediləcək və evin yaxınlığında yeni elektrik dirəyi quraşdırılacaq:

“İcra başçısının göstərişini yerinə yetirərək, Yardımlıda 110 nəfər müharibə əlilinin hamısının maddi vəziyyəti nəzarətdə saxlanılır. Rayon hakimiyyəti büdcəsindən vəsait ayıraraq, bu ailələrə maliyyə baxımından yardım edir. Əhali ilə iş davam etdiriləcək. İmkan daxilində sakinlərin şikayətləri təmin olunur”.

Facebook Comments