Nur üzlü ŞƏHİDİM

“Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz”. (BƏQƏRƏ SURƏSİ 154)

Dövlət başçısı İlham Əliyev bir qrup hərbi qulluqçunu “İgidliyə görə” medalı ilə təltif edib. Təltif edilən hərbiçilərin arasında, doğma qardaşımdan da yaxın qardaş olan, qardaşım Ramilin bacısı oğlu – bacım oğlu, şəhid Hüseynzadə Səməd Sətdar oğlunun da adı var. Ruhu şad olsun.

Səməd Hüseynzadə 18 oktyabr 1998-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində, halal ruzi ilə dolanan ailədə dünyaya göz açıb. Səmədin bütün həyatı gözümün önündə film lenti kimi dolaşır. Həddindən artıq mehriban, tərbiyəli, böyük-kiçik yerini bilən Səmədi Allah mükafatlandırmalı idi, mükafatlandırdı da!

“Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (ƏLİ İMRAN SURƏSİ 170)

Səmədin ən böyük arzusu hərbiçi olmaq idi. Sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə versə də, gözündə olan kiçik problemə görə akademiyaya daxil ola bilmədi. 2016-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinə sənədlərini verdi və imtahanlardan uğurla keçərək, tələbə adını qazandı.

Artıq tələbə həyatı başlamışdır. Gəncədə Səmədə kirayədə qalması üçün ev danışmağa ailə olaraq birlikdə getmişdik. Ev tapdıqdan sonra, Göygölə gedib. bir neçə saat istirahət etdik. Həmin gün çəkdirdiyimiz və feysbuk sosial şəbəkəsində, ” Bacoğlu ali məktəbə qəbul oldu, dayısı da onu Göygölə apardı” , – başlıqlı paylaşdığım şəkilə baxıram. Nə biləydik ki, təbriklərlə dolu olan şərhlərə, bir gün, “ruhun şad olsun şəhidim”,-  sözü  yazılacaq. Qismət…

Səmədi hər görəndə, kənara çəkib, “istədiyin qız zad yoxdur ki, bacoğlu” , – deyib, üzünün qızarmasına gülürdüm. Utanırdı, həya edirdi hər kəsdən. Sonra bildim ki, sevdiyi qız üçün hətta nişan üzüyü də alıbmış. Qismət olmadı…

Səmədlə bağlı ən çox qürur duyduğum bir hadisəni danışmaq istəyirəm. Televiziyaların birində cəmiyyətin haqsızlığa münasibətini öyrənmək üçün sosial layihə həyata keçirilirdi. Demək, yolda əvvəlcədən hazırlanmış bir insana sataşırlar və onu döymək istəyirlər. Bu zaman ordan keçən Səməd, onlara yaxınlaşaraq, günahsız yerə döyüləni müdafiə edir, hətta döyənlə savaşmaq istəyərkən, ona, bunun bir sosial layihə olduğunu bildirirlər. Həmin verlişə baxanda, Səmədə olan sevgim daha da artdı. Haqsızlığa lal olmayan, Səməd, vətən üçün savaşda da gözləmə mövqeyində durmadı. Vətən uğrunda savaşdı və Rəbbim tərəfindən müqəddəs şəhidlik zirvəsi ilə mükafatlandırıldı.

Gözümün önündən getməyən hadisələrdən biri,  şəhidin nəşi namaz üçün həyətə gətiriləndə, onun ayaq üstə güclə duran, beli bükülmüş anası – bacımız Səidənin sözləri oldu. Səidə bacının sözləri övlad naləsindən daha çox  Qarabağ hayqırtısı idi.

Səməd üçün mükəmməllik ən əsas prinsip idi. Buna görə də, əlinə götürdüyü hər bir işi mükəmməl şəkildə həyata keçirirdi. Çox gözəl rəqs edirdi. Ən çox sevdiyi fənn riyaziyyat fənni idi. Hesablamaları mükəmməl şəkildə bilirdi. Məhs buna görə də, Qarabağ savaşında artilleriyaçı oldu. Döyüş zamanı ən dəqiq atış edən artilleriyaçılardan biri də, Səmədin də olduğu  və şəhidlik mərtəbəsinə yüksələn 5 nəfərlik qrup idi.  Bunu, onun hərbiçi dostları deyirlər. Buna görə də, Səməd şəhid olduqdan sonra, onun dostları, döyüşdə bir neçə ermənini məhv edərək: ” Səməd, qisasın alındı” , – deyib, video çəkib paylaşıblar.

Məhəmməd peyğəmbər (s.a.s)şəhidlər haqda: “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”.

Ruhun şad olsun, nur üzlü şəhidim!

Elşən Əlisoy

Facebook Comments