Açıq havada maska taxma ilə bağlı qərara etiraz: “Qoy insanlar nəfəs alıb qələbə xəbərlərinə sevinə bilsinlər”

“Hakimiyyət Qarabağ müharibəsi ərzində qazandığı ictimai dəstəyi əsasən iki hadisə nəticəsində itirərək əvvəlki, yəni polisə möhtac olduğu dəstək səviyyəsinə qayıda bilər. Bunlardan birincisi COVİD-19 səbəbilə sərt karantin rejiminin tətbiqi, açıq məkanda maska taxmaq kimi ağlasığmaz tələbin qoyulması hadisəsidir. İkincisi isə, devalvasiyadır”.

Sozcu.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov qeyd edib ki, hökumət bu gün açıq havada maska taxmaq qərarını verdi: “Aylardır deyirəm ki, koronovirusun statistikasına SMS və digər kimi sərt tədbirlərin təsiri olduqca zəif olub. Bəli, dəfələrlə rəsmi rəqəmlər üzərindən göstərdik: Ermənistan və Azərbaycan hökumətləri fərqli vaxtlarda fərqli məhdudiyyətlər qoysalar da, Ermənistanın COVİD-19 statistikası möcüzəvi şəkildə Azərbaycan statistikasını daim 15-20 gün əvvəl “proqnoz” edir! Niyə? İzahına indi varmaq istəmirəm. Bircə onu deyim ki, martın 1-dən davam edən bu qanunauyğunluq varsa, bundan sonra da onun davam edəcəyinə şübhəm azdır, rəqəmlərə əl gəzdirməsələr… Yaxın 15-20 gün ərzində hökumət nə etsə də, nə etməsə də yenə Ermənistanda olduğu kimi rəqəmlər düşməlidir. Bu statistikanın 9 (!) aydır davam edən “möcüzəvi” məntiq və nəticəsini hökumət öz adına çıxarmaq istəyir deyə açıq havada maska taxmalıyıq? Qoy insanlar nəfəs alıb qələbə xəbərlərinə sevinə bilsin”.

Facebook Comments