“Əllərində fürsət olsa, Kəlbəcərin bütün yeraltı sərvətlərini də növbəti 10 gündə Ermənistana daşıyarlar”

İşğaldan sonra 27 il xatirələrdə, xəyallarımızda yaşatdığımız Kəlbəcərə qayıtmaq üçün tələsirik. 27 il bizi evimizdən didərgin salanlara mərhəmət göstərib “10 gün də səbr edin” deyirlər. Ancaq bu 10 gündə Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilərin barbar əməllərinə davam etməsinə səbrimiz çatacaq? Buna əmin deyiləm.

Gah alban kilsələrini talan edirlər, gah meşələri qırırlar, gah evləri, məktəbləri yandırırlar, gah elektrik dirəklərini sökürlər. Əllərində fürsət olsa, Kəlbəcərin bütün yeraltı sərvətlərini də növbəti 10 gündə Ermənistana daşıyarlar.

Bugün izlədiyim bir videoda Kəlbəcərin Vəng kəndində yerləşən Xudavəng alban monastrında bir erməni qadın timsah göz yaşları axıdıb erməni “soyqırımının” davam etdiyini bildirirdi. Yəni, onun fikrincə başqasının torpağından sivil bir formada çıxarılmaq soyqırımdır. Beləcə, erməni dilində soyqırımın tərifini öyrənmiş olduq…

Həmin videoda diqqətimi çəkən bir görüntü də var idi. Tankın üstündə oturan bir rus sülhməramlısı Xudavəng monastrına ən yaxın evin yanmasına tamaşa edirdi. O yanğının monastra keçmə riski də var idi. Görəsən sülhməramlılar evlərin yandırılmasına niyə müdaxilə etmir? Bəlkə bu vandalizmi ermənilərin mülkiyyət hüquqlarının bir hissəsi hesab edirlər?

Suallar çoxdur. Zamanla bütün suallara cavab tapacağıq. İndidən önyarqılı danışmaq doğru deyil. Çünki Ali Baş Komandanın rəhbərliyində Milli Ordumuz böyük zəfər əldə edib. Bu zəfəri masada sonuna qədər qoruyacağımıza inanıram. Bununla belə, erməni vandalizminə Dağlıq Qarabağa yerləşdirilən sülhməramlıların tolerant yanaşmasına və beynəlxalq medianın rəğbət göstərməsinə gur səslə etiraz etməliyik.

Fazil Qasımov
İstanbul Universitetinin doktorantı

Facebook Comments