“Düşmən vaxtiylə Qarabağda yerləşdirdiyi bütün hərbi texnikanı itirib”

Azad İsazadə: “Ermənistandan köməyə gətirilən texnikalar da məhv edilməkdədir”

27 sentyabr tarixindən etibarən başlayan aktiv hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusunun çoxlu sayda düşmən hərbi texnikasını sıradan çxıardığı, bahalı raket komplekslərini məhv etdiyi hər kəsə məlumdur. Müdafiə Nazirliyinin mütəmadi surətdə verdiyi məlumatlarda, hər gün düşmənin nə qədər hərbi texnika itirdiyini öyrənmək mümkündür.

Bu günə qədər məhv edilən düşmən texnikası ilə bağlı təqdim edilən ümumi statistika, Ermənistan ordusunun malik olduğu hərbi texnikanın önəmli bir qismindən məhrum olduğunu söyləməyə əsas verirmi?

Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, düşmənin Qarabağdakı hərbi texnikası itirdiyi birmənalıdır:

“Qarabağda vaxtiylə yerləşdirilən texnika itirilib. Həmçinin, Ermənistandan gətirilən bir sıra texnika da məhv edilib. Məsələn, “S-300” raketlərindən biri İrəvanı qoruyan kopmleks idi. İrəvanın hava hücumundan müdafiəsi üçün nəzərdə tutulan bu sistemi Qarabağa gətirən kimi, biz bu sistemi məhv etdik. Qubadlıda məhv etdiyimiz “S-300” raketi ordumuzun bu günə qədər sıradan çıxardığı üçüncü “S-300” raketidir. Düşməndə daha neçə belə raket qalıb, bilmirəm. Amma bildiyim qədəri ilə bir dənə də “S-400” raketi qalıb. Onu Qarabağa gətirmirlər. Onu Gorus rayonunda, Laçına yaxın tərəfdə saxlayırlar.. Hərbi əməliyaytlar davam etsə, yəqin ki, onu da vurmağa məcbur olacağıq”.

Facebook Comments