Xankəndidə erməni polisə atəş açdı: yaralılar var

2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqçanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Rusiyanın daha bir neft emalı zavodu vuruldu

Sentyabrın 14-də Rusiyanın Leninqrad vilayətindəki Kirişi neft emalı zavoduna PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Hücum nəticəsində zavodun ərazisində partlayış və yanğınlar qeydə alınıb. Qeyd edək ki, bu zavod Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Leninqrad vilayətinin Kirişi şəhərində yerləşir və "Surqutnefteqaz" şirkətinin törəmə müəssisəsidir. Zavod ildə 10 milyon tondan çox neft emalı gücünə malikdir və geniş çeşiddə neft məhsulları, o cümlədən benzin, dizel yanacağı, aviasiya yanacağı və s. istehsal edir.

Rusiyada son sutkada 62 afterşok oldu: biri 7,4 bal gücündə

Kamçatkada son sutka ərzində maqnitudası 3,5-7,4 bal olan 62 afterşok baş verib, onlardan 8-i hiss olunub. Sozcu.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, afterşoklardan birinin maqnitudası 7,4 bal olub. Yaşayış məntəqələrində 6 bala qədər hiss olunub. Sunami təhlükəsi elan edilib. Qeyd edək ki, Kamçatkada ötən gün 7,5 bal gücündə zəlzələ baş vermişdi.

Faktiki hava: Bu ərazilərə yağış yağır

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub. Yüksək dağlıq ərazilərə, Şahdağa qar yağıb. Yağıntının miqdarı Astarada 68, Zaqatalada 64, Lənkəranda 60, Balakəndə 50, Sarıbaşda (Qax) 27, Lerikdə 23, Yardımlıda 17, Qəbələdə 14, Cəfərxanda 10, Sabirabadda 9, Kişçay (Şəki), Oğuz, Qrız, Xınalıq, İmişli, Qusar, Şamaxı, Altıağac, Bərdə, Tərtər, Kürdəmir, Xaltan, Qobustan, Quba, Yevlax, Göyçay, Beyləqan, Gədəbəy, Biləsuvar, Şəmkir, Şirvan, Şabran, Neftçala, Füzuli, Zəngilan, Şuşa eləcə də Bakıda və Abşeron yarımadasında 8 mm-dək qeydə alınır. Leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Balakən rayonu ərazisindən keçən Balakənçaydan sel keçir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Culfada 18 m/s-dək güclənib. Balakən, Sarıbaş (Qax), Kişçay (Şəki), Qırız, Şahdağ, Daşkəsən, Lerik, Göyçada duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Boris Conson Stubbla Kiyevdə mübahisə etdi

Finlandiya Prezidenti Aleksandr Stubb Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonla mübahisə edib. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, hadisə Kiyevdə görüş zamanı olub. Siyasətçilər Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı məsələdə üz-üzə gəliblər. “Finlandiya prezidenti sabiq baş nazirə Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxmasını xatırladıb. Conson isə, Stubbı fəaliyyətsizlikdə və boş sözlərdə ittiham edib”, – “İltalehti” nəşri qeyd edib. Stubb iddia edib ki, Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanətlərindən biri AB-yə üzvlük olacaq. Lakin qarşılığında Conson “İstəklilər Koalisiyası” adlandırılan qurumun yararsız olduğunu və Ukraynaya hərbi kontingent göndərmədiyini deyib. “Bu məsələdə Rusiyanın hətta “veto hüququ” belə var”, – deyə o əlavə edib.

Argentinada təyyarə qəzaya uğradı: 2 pilot öldü

Argentinanın Kordoba əyalətində aviaşou zamanı iki nəfərlik təyyarə qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, bu barədə “İnfobae” nəşri yerli polisə istinadla məlumat yayıb. Məlumata görə, hadisə Belle Ville şəhərindəki hava limanında keçirilən tədbir zamanı baş verib. Təyyarə hava fiqurları göstərərkən yerə çırpılıb və yanıb. Təyyarədə olan hər iki pilot ölüb. Qəzanın dəqiq səbəbi hələ müəyyənləşdirilməyib.

Boris Conson Odessada

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynanın Odessa şəhərinə səfər edib. Sozcu.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir. Səfərin detalları açıqlanmayıb. Qeyd edək ki, Conson bir müddət əvvəl açıqlamasında Ukrayna Silahlı Qüvvələrinə Rusiyadakı hərbi bazalara zərbə endirməyə icazə verilməsinin vacibliyini bildirib. O, həmçinin vurğulayıb ki, Ukraynanın ən böyük ehtiyacı maliyyə dəstəyi və müdafiə qabiliyyətinin gücləndirilməsidir.

14 yaşlı oğlanın öldüyü qəzada maşını azyaşlı sürürmüş

Baş Dövlət Yol Polisi İdarəsi Ağdamda 14 yaşlı yeniyetmənin öldüyü qəza ilə bağlı məlumat yayıb. Sozcu.az-ın məlumatına görə, qurumdan bildirilib ki, Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsində avtomobili azyaşlı idarə edib. "Azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur”, - deyə rəsmi açıqlamada bildirilib. Qeyd edilib ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar: “Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər”.

Suriyada döyüşlər gedir - Türkiyə müdaxilə edə bilər

Suriyada son günlər silahlı toqquşmaların sayı kəskin artıb. Əsasən PKK terror təşkilatı ilə əlaqəli olan və ölkənin təxminən üçdə birinə nəzarət edən “Suriya Demokratik Qüvvələri” (SDQ), ABŞ-ın dəstəklədiyi Xalq Özünümüdafiə Dəstələri (YPG) və Dəməşqə sadiq silahlı dəstələr arasında döyüşlər yenidən alovlanıb. Sozcu.az-ın məlumatına görə, Hələbin şərqində tərəflər bir-birinə artilleriya və raket qurğuları ilə zərbələr endirir. Sentyabrın əvvəlindən Təl-Maaz, Əl-Muğla və digər yaşayış məntəqələrində ağır döyüşlər qeydə alınıb. Suriya Müdafiə Nazirliyi iki mülki şəxsin həlak olduğunu, bir neçə evin dağıldığını açıqlayıb. Ordunun cavab atəşi ilə SDQ mövqeləri hədəfə alınıb. Deyr əz-Zor vilayətində isə vəziyyət daha da gərginləşib. Bölgənin ən böyük ərəb tayfalarından olan əl-Şeytat nümayəndələrindən birinin SDQ tərəfindən edam edilməsindən sonra tayfa ümumi səfərbərlik elan edib və bütün ərəbləri “cihada və mübarizəyə” çağırıb. Tayfanın sayının 90 minə qədər olması qarşıdurmanın genişlənməsi riskini artırır. Xatırladaq ki, mart ayında Dəməşqlə SDQ rəhbərliyi arasında imzalanmış protokol kurd silahlı dəstələrinin Suriya ordusuna inteqrasiyasını nəzərdə tuturdu. Lakin SDQ-nin 80–100 minlik qüvvəyə muxtariyyət tələbi Dəməşq tərəfindən rədd ediləndən sonra razılaşma iflasa uğradı və avqustdan etibarən tərəflər yenidən silaha sarıldılar. Ankara YPG-nin tam silahsızlaşdırılmasını tələb edir. PKK-nın özünü buraxması və silahların təhvil verilməsi prosesi davam etsə də, SDQ rəhbərliyi bu prosesin onlara aid olmadığını bildirir. Türkiyə tərəfi isə ehtiyac yaranarsa yeni hərbi əməliyyatın mümkünlüyünü istisna etmir.

“Benfika”nın baş məşqçisindən “Qarabağ” açıqlaması

"Benfika" evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda qalib gəlməlidir. Sozcu.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Brunu Laji deyib. 49 yaşlı mütəxəssis "Santa Klara" ilə heç-heçə etdikləri (1:1) Portuqaliya Liqasının V turunun matçından sonra fikirlərini bölüşüb: "Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Çərşənbə axşamı doğma meydanda qələbə qazanmalıyıq. Azarkeşlərimizə müraciət edirəm. Bizi dəstəkləməyə davam edin. Çempionlar Liqası matçında da burada olun. Çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq". Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya bazarlarında neft yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neft 66,99 dollara, yüngül neft isə 62,69 dollara təklif edilir.

Ərdoğanın baş müşaviri vəfat etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Həmdi Kılıç vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Husilər Təl-Əvivi hipersəs ballistik raketlərlə vurdu

Yəmən husiləri İsrailin paytaxtı Təl-Əvivdə bir neçə hədəfi hipersəs ballistik raketlərlə vurub. Sozcu.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb. "Raket Qüvvələrimiz hipersəsli kasetli ballistik raketdən istifadə edərək Yaffadakı hədəflərə əməliyyat keçirib. Qəzzadakı qardaşlarımıza dəstək üçün əlavə əməliyyatlar keçirməyə davam edəcəyik", - o bildirib.

İstanbul-Bakı reysi ilə kokain gətirən qadın saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks nəzarət tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz keçirilməsinin qarşısı alınıb. Sozcu.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan qadın sərnişin gömrük nəzarəti zonasında şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən ümumi xalis çəkisi 153,551 qram olan narkotik vasitə - kokain aşkar edilib. Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri zamanı qeyd olunan narkotik vasitəni ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirən qadın və ölkə ərazisində həmin cinayətin törədilməsində iştirakçılıqda şübhəli bilinən iki şəxs saxlanılıb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bəzi rayonlara leysan yağır

Azərbaycanda sentyabrın 13-ü saat 11:00-a olan məlumata əsasən, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli və intensivdir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 49, Astarada 26, Yevlaxda 22, Qaxda 18, Şabranda 17, Şəkidə 14, Lənkəranda 13, İsmayıllıda 9, Qusarda 8, Mingəçevirdə 7, Qubada 6, Tovuz, Oğuz, Qrız, Xaltan, Altıağac, Şamaxı, Qəbələ, Lerik, Şahdağ, Ceyrançöl, Tərtər, Bərdə, Yardımlı, Göyçay, Şəmkir, Kürdəmir, Qobustan, Gəncə, Balakən, Göygöl, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Bakıda və Abşeron yarımadasında 5 mm-dək qeydə alınıb. Yağan intensiv və güclü yağışlar nəticəsində Balakən rayonu ərazisindən keçən Balakənçay və Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, dağlıq rayonlarda 17, Aran rayonlarında və Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.

Şahzadə Harri gözlənilmədən Kiyevə gəldi - Foto

Britaniya şahzadəsi Harri Kiyevə gözlənilməz səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb. Məlumata görə, səfərin məqsədi müharibədə ciddi yaralanan hərbçilərin reablitasiyasını dəstəkləmək və bu istiqamətdə yeni təşəbbüsləri təqdim etməkdir. “Biz müharibəni dayandıra bilmərik, amma sağalma prosesinə yardım etmək üçün əlimizdən gələni edə bilərik. İnsanları bu müharibənin iştirakçıları ilə empatiya qurmağa sövq etməliyik. Bu səfərin insanların diqqətini yenidən bu reallığa yönəldəcəyinə ümid edirəm”, - Harri bildirib. Şahzadənin sözlərinə görə, o, ilk olaraq Lvovda yerləşən “Superhumans” adlı travma və reabilitasiya mərkəzinin rəhbəri Olqa Rudniyevanın dəvəti ilə səfər barədə düşünməyə başlayıb: “Nyu-Yorkda Olqa ilə rastlaşdım və ona nə ilə kömək edə biləcəyimi soruşdum. O dedi ki, Kiyevə gəlmək ən böyük təsir olacaq. Mən bu səfəri əvvəlcə həyat yoldaşımla və Britaniya hökuməti ilə razılaşdırmalı oldum. Sonra rəsmi dəvət gəldi”.

1297-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1297-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 092 780 hərbçi, 11 177 ədəd tank, 23 266 ədəd zirehli döyüş maşını, 32 668 ədəd artilleriya sistemi, 1 485 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 217 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 61 403 ədəd avtomobil texnikası, 58 467 ədəd PUA, 3 718 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 964 xüsusi avadanlıq itirib.

Azərbaycanda əhalinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 20 min 654 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10 milyon 245 min 543 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

TƏBİB-də yoxlamalarla bağlı rəsmi AÇIQLAMA

Maliyyə Nazirliyi son günlər dövlət qurumlarında aparılan yoxlamalarla bağlı açıqlama yayıb. Sozcu.az bildirir ki, nazirlikdən verilən məlumata görə, nəzarət tədbirləri qanunamüvafiq qaydada və planlı şəkildə həyata keçirilir. “Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalarla bağlı bəzi media orqanlarında əsassız məlumatların dərc edilməsi müşahidə olunur. Yoxlamalar mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir. Nəzarət tədbirlərinin nəticələri qanunvericiliyə uyğun olaraq mütəmadi şəkildə nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır. Media nümayəndələrindən nəzarət tədbirləri ilə bağlı yalnız rəsmi açıqlamalara istinad etmələri xahiş olunur”, - məlumatda vurğulanıb. Qeyd edək ki, bir neçə gündür nazirlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıldığı bildirilir.

Azərbaycana qış qəfil gəldi – Bölgələrdə vəziyyət kritikləşir

Sentyabrın 12-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dolu düşüb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yüksək dağlıq ərazilərə - Şahdağ, Laçın və Kəlbəcərdə isə qar yağıb.  Düşən yağıntının miqdarı Qusarda 71, Qubada 63, Sarıbaşda (Qax) 49, Qəbələdə 40, Kürdəmirdə 30, Gədəbəydə 28, Zərdabda 25, Ağdam və Oğuzda 23, Xınalıqda 20, Şəkidə 19, İsmayıllıda 18, Naxçıvanda 16, Bərdə və Yevlaxda 15, Şabran, Beyləqan və Tərtərdə 14, Naftalan və Şahbuzda 13, Daşkəsəndə 12, Xaltan, Şamaxı və Göygöldə 11, Ağsu, Zaqatala, Altıağac, Göyçay, Mingəçevir, Balakən, Şərur, Gəncə, İmişli, Qobustan, Culfa, Tovuz, Şəmkir, Sabirabad, Goranboy, Sədərək, Qrız, Ordubad, Lerik, İsmayıllı, Ceyrançöl, Cəlilabad, Biləsuvar, Qubadlı, Şuşa, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb. Yağan intensiv leysan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir. Sentyabrın 11-də Gədəbəy rayonunun Söyüdlü kəndinə diametri 4-6 mm olan dolu düşüb. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Naftalan və Neftçalada 20, Culfada 19, Sabirabadda 17, Şamaxı və Yevlaxda 16 m/s-dək güclənir.

İsrail bununla islam dünyasına müharibə elan etdi - HƏMAS

İsrailin Dohada olan HƏMAS hərəkatının liderlərinə zərbə endirməsi bütün ərəb və islam dövlətlərinə müharibə elanıdır. Sozcu.az xəbər verir ki, bu fikri hərəkatın siyasi bürosunun üzvü Fövzi Bərhum deyib. “İsrailin törətdiyi cinayət təkcə Qətərə hücum deyil, bütün ərəb və islam ölkələrinə açıq müharibə elanı, eləcə də bütün regionun sabitliyinə təhdiddir”, - deyə Barhum bildirib. Qeyd edək ki, İsrail sentyabrın 9-da HƏMAS rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alaraq Dohanın yaşayış massivindəki binalara hava zərbəsi endirib.

ABŞ-dan Hindistana şərt: Rus neftindən imtina etsə...

Hindistan Rusiya neftini almağı dayandırdıqdan sonra onunla ticarət sazişi bağlaya bilərik. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Hovard Lutnik CNBC-yə açıqlamasında deyib. "Hindistan ümumən öz bazarını açmalıdır və Rusiya neftini almağı dayandırmalıdır. Düşünürəm ki, onlar Rusiya neftini almağı dayandırdıqda bu həll olunacaq", - deyə o bildirib. Qeyd edək ki, avqustun 6-da ABŞ Hindistana Rusiyadan neft və neft məhsulları alması ilə əlaqədar 25% əlavə rüsum tətbiq edib.

Naxçıvanda güclü külək bədbəxt hadisəyə səbəb oldu

Naxçıvan şəhərində güclü külək nəticəsində bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb. Xəsarət alan 68 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Köçkün alim nazirə çağırış etdi: Bu köçkünləri və söyənləri həbs edin!

Əslən Ağdamdan olan tanınmış alim, professor Zaur Əliyev daxili işlər nazirinə sosial şəbəkə üzərindən müraciət edib. Sozcu.az xəbər verir ki, Z.Əliyev keçmiş məcburi köçkünlərə qarşı sosial şəbəkələrdə bəzilərinin apardığı kampaniyanı kəskin tənqid edib. “Cənab nazir, sosial mediada məcburi köçkünlər əleyhinə başlanan təhqirlərə səbəb olan məlum çıxışların səbəbkarları barədə tədbir görməyinizi xahiş edirəm. Biz məcburi köçkünlər olaraq şəxsi evlərə girib və çıxmaq qarşılığında pul istəyən köçkünlərə qarşı da tədbir görməyinizi xahiş edirik. Biz qarabağlılar olaraq bu addımı pisləyirik və belə şəxslərin cəzalandırılmasını tələb edirik. Bu başqa məsələdir. Lakin bunun fonunda Ağdamda kimsə döyüşməyib deyən və 6570 şəhidin haqqına girən şəxsin və məcburi köçkünləri ardıcıl şəkildə video paylaşaraq təhqir edən jurnalist və digərlərinin qanun qarşısında cavab verməsini də tələb edirik. Çünki o çıxışlar evi zəbt edənlər fonunda ümumilikdə məcburi köçkünlərin ailələrinin, ölülərinin təhqir edilməsi ilə davam edir. Bizin daha söyüşlərə və təhqirlərə dözüm göstərmək niyyətimiz yoxdur”, - o bildirib. Z.Əliyev qeyd edib ki, belə şəxslər söz azadlığı anlayışından sui-istifadə edərək, insanları kütləvi şəkildə təhqir edir. Qeyd edək ki, vaxtilə məcburi köçkün kimi evə girmiş 2 ayrı-ayrı şəxsin ev sahibinin tələbinə və məhkəmə qərarına baxmayaraq, evdən çıxmadığı, 30 ildən çoxdur yaşadığı evdən çıxması üçün ev sahibindən külli miqdarda pul istədiyini əks etdirən səs yazıları yayılıb. Bu bir neçə fakta görə ümumilikdə keçmiş məcburi köçkünlərlə bağlı aşağılayacı ifadələrlə çağırışlar səsləndirənlər olub.