Milli Şura ilə Müsavat Partiyası arasında GƏRGİNLİK

AXCP sədri Əli Kərimlinin sonuncu müsahibəsini izlədim. Orada qismən doğru olaraq qeyd edir ki, AXCP İdarə Heyyətinin ZOOM toplantısında Müsavat Partiyasının və müsavatçıların təhqirə və böhtana məruz qaldığı hissəni hakimiyyətin kibercinayət yoluyla kəsib paylaşmaqda əsas məqsədi gündəmi dəyişməkdir.

Qismən niyə deyirəm, çünkü digər məqsədləri də var. Müsavat Partiyasını gözdən salmaq, AXCP ilə Müsavat Partiyası arasında gərgin olan münasibətləri biraz da gərginləşdirmək və s.

Məlum video yayılan zaman Müsavat Partiyası rəhbərliyində ümumi fikir belə oldu ki, Yasamal sakinlərinə divan tutulan bir vaxtda bizə atılan növbəti böhtanlara da cavab verməyək. Diqqət sadə vətəndaşlara qarşı polis zorakılığından yayınmasın.

Başqan başda olmaqla, rəhbərlikdə təmsil olunanlar və təhqir olunan şəxslər qəzəbli müsavatçıları təmkinli olmağa, səbrli davranmağa səslədi. Açıq müraciətlər edildi.

Bu sadə gedişi siyasətlə məşğul olmayanlar da asanlıqla başa düşdüyü üçün, hakimiyyətin gündəm dəyişmək istəyi alınmadı. Bu istək alınmadıqda Gültəkin Hacıbəyli hakimiyyətin dili ilə açıq şəkildə Müsavata qarşı növbəti dəfə ağ yalan, böhtan səsləndirdi. Hansı ki, o böhtanları səsləndirənlərin hər birinin hakimiyyətin əlaltıları, uzantıları olmaları əksəriyyətə məlumdur. Yeri gəlmişkən, həmin böhtanları səsləndirənlər Əli Kərimliyə qarşı ən ləyaqətsiz ifadələri də işlədirlər.

Əli Kərimlinin birbaşa nəzarətində olan, Azadlıq qəzetinin facebook səhifəsi həmin şər və böhtan dolu, hakimiyyətin sifarişi ilə Müsavat Partiyasına qarşı yazılan yazını yaymaqla müsavatçıları qəzəbləndirməkdə maraqlı olduqlarını göstərmiş oldular. Dedikləri ilə əməlləri üst-üstə düşmədi. Hansı ki, oxşar ittihamlar AXCP-yə qarşı daha çox səslənib, səs yazıları ortaya atılıb və s.

Bir də həmin müsahibədə müxalifətin yeni əməkdaşlığı ilə bağlı suala verilən haqsız cavabla bağlı.

Əli Kərimli Milli Şurada kimlərin necə təmsil olunduğunu, hansı səviyyədə şəxslərin orada təmsil olunduqlarını bildiyi halda Müsavat Partiyasını qəsd edərək “Milli Şuradan təzyiqlər olduğu üçün çıxdılar” deməsi məcbur edir ki, həqiqətləri bir daha xatırladaq.

Milli Şuraya ən ciddi təzyiqlər 2013 seçkisi ərəfəsində, ehtiyat namizəd müəyyənləşdirlən zaman, imza toplama, təbliğat-təşviqat dövründə olmuşdu. Hansı ki, hakimiyyətin əsas istəyi ehtiyyat namizəd müəyyən edilməsinə qarşı olduğu zaman, Vahid Namizədin müəyyən edildiyi iclası kimlərin hansı bəhanə ilə tərk edib getmək istəməsinin, bu “getmə”nin Müsavat və gənclərin çətinliklə qarşısını aldığını işin içində olanlar bilir. Nəticədə Putinin o zaman Azərbaycana səfərinə qədər hansısa güc Müsavatın və gənclərin iradəsinə qarşı Ehtiyat Vahid Namizədin müəyyənləşməsinin qarşısını ala bildi.

Milli Şura nə zaman ki, hakimiyyətə qarşı idi, real işlər görürdü Müsavat Partiyası onun nüvəsi idi. Nə zaman ki, təşkilat hakimiyyətə deyil, Müsavat Partiyasına qarşı oyunlar qurmağa, prinsiplərindən kənara çıxmağa, nə zaman ki, təşkilatı öz nüvəsinə qarşı çevirməyə başladılar Müsavat o zaman oranı tərk elədi. Bu haqda hələlik bu qədər.

Gündəmi dəyişmək, demokratik düşərgə içində nifaq salmaq, bununla da cəmiyyəti ruhdan düşməsini istəyən hakimiyyət Gültəkin Hacıbəylini və o tip insanları hərəkətə gətirməsini görməyən və ya görə bilməyən siyasətçilər peşakarlıqdan uzaqdırlar.

Cümhuriyyətin 100 illiyində, Müsavat Partiyasının təklifi ilə Rəsulzadənin abidəsini AXCP ilə birgə ziyarət etməklə bağlı partiya rəhbərliyinə daxil olan şəxslərin görüşü zamanı əldə edilən ilkin razılıq var idi. AXCP nin sonradan bu razılaşmadan imtina etməsində kimlərin həlledici rol oynadığı ZOOM toplantılarındakı və digər davranışlardan indi daha aydln başa düşülür.

Gültəkin Hacıbəyliyə bu böhtan və iftira işində Azadlıq qəzeti adından xüsusi dəstək verməyin adının nə olduğunu isə vicdanlı cəbhəçilər özləri desin.

Səxavət Soltanlı

Müsavat Partiyası başqanının müavini

Facebook Comments