Silah səsləri eşidildi: Ağcabədidə xalq ayaqlanıb? – RƏSMİ AÇIQLAMA

“Youtube” sosial şəbəkəsində “Ağcabədinin Avşar kəndində xalq ayaqlandı” başlığı ilə yayılmış video görüntülər həqiqəti əks etdirmir, tamamilə uydurmadır və polis əməkdaşları ilə kənd sakinləri arasında qarşıdurma olduğu barədə illuziya yaratmaq məqsədi daşıyır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, həmin videogörüntülərdə eşidilən silah səsləri isə montaj edilərək videogörüntülərə əlavə edilib.

Qeyd edək ki, aprelin 10-da rayonun Avşar kənd sakini olan bir qrup şəxsin xüsusi karantin rejimi qaydalarını pozaraq kənd ərazisində toplanmaları barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə 16 nəfər saxlanılaraq RPŞ-yə gətirilmişdir. Onlardan 7 nəfəri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə həbs, digər 9 nəfərə isə xəbərdarlıq edilmişdir. Hazırda Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi və ictimai asayiş tam nəzarətdədir.

Facebook Comments