“Müsavat Partiyasının parlamentə buraxılmaması Rusiya siyasətçilərinin dilindən səsləndi”-Gülaga Aslanlı

Gülağa Aslanlı,
Müsavat Partiyası mərkəzi aparatının rəhbəri

Əziz dostlar!

Bəzi partiyaların rəhbərləri kimi biz bu seçkilərdə qalib gəldik, deyə bilmərik. Çünki, 9 fevral növbədənkənar parlament seçkiləri azad və ədalətli seçkilər deyildi. Seçki komissiyaları, ümumiyyətlə seçki prosesi hakimiyyətin nəzarəti altında idi.

Seçkiqabağı demokratik mühitin, bərabərhüquqlu siyasi rəqabət şəraitinin olmadığı, fundamental hüquq və azadlıqların tapdalandığı şəraitdə keçirilən seçkilərin qalibi olmur.

Bu yazımda seçkilərdə iştirak edən Müsavat Partiyasına aid bəzi məlumatları bir daha diqqətinizə çatdırmaq istəyirəm.

Hələ seçkidən əvvəl Müsavat Partiyasının başqanının təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən əsas siyasi partiya, ictimai təşkilat rəhbərlərinin, ictimai xadimlərin, ekspertlərin iştirakı ilə böyük əks-səda doğuran Dəyirmi Masa keçirildi.

Bu toplantıda bir sıra məsələlərlə yanaşı parlament seçkiləri üçün zəruri islahatlarla bağlı ölkə müxalifətinin vahid mövqeyi ortaya qoyuldu.

Lakin, hakimiyyət bu təklifilərin heç birini qəbul etmədi. Bu təkliflərlə bağlı müzakirə belə açmadan növbədənkənar parlament seçkiləri elan olundu.

Bu seçkilərdə iştirak edib-etməmək məsələsi partiya strukturlarında geniş müzakirə edildi. Partiya başqanı Arif Hacılı «ya hamılıqla seçkidə iştirak, ya hamılıqla seçkini boykot» təklifi ilə ölkənin əsas siyasi partiyalarının rəhbərliyi ilə görüşdü. Yalnız belə birliyin alınmayacağı aydın olduqdan sonra Müsavat Partiyası seçkilərdə iştirak barədə qərar qəbul etdi.

Müsavat Partiyası 83 seçki dairəsi üzrə, 88 namizəd irəli sürdü. Namizədlərimiz üçün ölkənin əksər ərazisindən hər dairədən 500 və daha artıq seçici imzası olmaqla, 40 mindən çox imza toplandı. Bütün təzyiqlərə baxmayaraq 60 seçki dairəsi üzrə Müsavat Partiyasının 64 üzvü deputatlığa namizəd kimi qeydə alındı.

Açıq siyasi rəqabətdən çəkinən hakimiyyət teledebatlara imkan vermədi. Seçicilərlə görüş yerlərinin sayını həlledici səviyyədə azaltdı. Bu çətinliklərə baxmayaraq ölkənin əksər ərazisində milyonlarla seçici ilə təmasda olduq. Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu planlarımızı seçicilərə bir daha izah etdik. 300 mindən çox təşviqat bukleti seçicilərə təqdim olundu.

Müsavat Partiyasının seçki platformasını hər kəsə çatdırmaq üçün ciddi işlər görüldü.
Hakim partiyanın namizədlərindən fərqli olaraq, namizədlərimiz hər yerdə sevgi ilə qarşılandı.

Seçki günü 2000 dən çox müşahidəçimiz seçkiləri izlədi.

Müsavatdan olan müşahidəçilər seçki saxtakatlıqları və qanun pozuntuları haqqında çoxsaylı faktların aşkarlanması, ictimailəşdirilməsində mühüm rol oynadı.

Bizə məlumdur ki, Müsavat Partiyasından olan namizədlərin əksəriyyəti seçkidə könüllü olaraq iştirak edən seçicilərin əksəriyyətinin səsini almağa nail olub.

Bununla belə Azərbaycan hakimiyyəti Müsavat Partiyasının 60 seçki dairəsində mübarizə aparan namizədlərin heç birini parlamentə buraxmadı.

Müsavat Partiyasının parlamentə buraxılmamasında Rusiya siyasi dairələrinin də rolu olması barədə məlumatlar Rusiyanın əsas televiza kanallarının efirindən, Rusiyanın məşhur siyasətçilərinin dilindən səsləndi.

Müsavat Partiyası seçki kampaniyası dövründə ATƏT-in müşahidə missiyası ilə sıx əməkdaşlıq etdi.

Seçki kampaniyası dövründə və seçki günü yol verilən qanun pozuntuları və saxtakarlıqlar barədə ilk açıqlamanı da Müsavat Partiyası yaydı.

Seçkisonrası etirazların təşkilində Müsavat Partiyası xüsusi rol oynadı. 11 fevral aksiyanın təkadamlıq aksiyadan ölkə miqyasında əks-səda doğuran aksiyaya çevrilməsində Müsavat Partiyası üzvlərinin xüsusi rolu oldu.

Həm 11 fevral, həm də 16 fevral aksiyalarının iştirakçılarının və bu aksiyalarda həbs olunanların əksəriyyəti Müsavat Partiyasından olan namizədlər, səlahiyyətli nümayəndələr, müşahidəçilər və partiya fəalları idi.

Müsavat Partiyasının, seçkidə iştirak edən digər müxalifət təşkilatlarının və müstəqil namizədlərin fədakar mübarizəsi nəticəsində hakimiyyətin islahat nağılları ifşa edildi. Hakimiyyətin seçkilərə demokratik seçki donu geyindirmək planı iflasa uğradı.

Seçki saxtakarlıqlarına qarşı hüquqi müstəvidə mübarizəmiz də davam edir.
Müsavat Partiyasından olan namizədlər 42 seçki dairəsi üzrə saxta seçkilərin nəticələrinin ləğv edilməsi tələbi ilə MSK və müvafiq məhkəmə orqanlarına müraciət edib. Bu mübarizə Avropa İnsan Haqları Məhkəməsinədək davam edəcək.

Müsavat Partiyası 9 fevral növbədənkənar parlament seçkiləri nəticələrini xalqın iradəsini əks etdirmədiyi üçün tanımadığını, yeni seçkilərin keçirilməsini tələb etdiyini bəyan edib.
Seçki saxtakarlığına, avtoritar rejimə qarşı həm siyasi, həm də hüquqi müstəvidə mübarizəmiz, bu məqsədlə demokratik müxalifətin bir araya gəlməsi üçün səylərimiz davam edir.

Burada qeyd olunan faktlar da təsdiq edir ki, dövlət resurslarından istifadə edən YAP nəzərə alınmasa son seçkilərdə ən ciddi siyasi qüvvə kimi iştirak edən partiya Müsavat Partiyası oldu.

Əslində indiki siyasi şəraitdə bəzi siyasi rəqiblərin proqnozlarına rəğmən Müsavat Partiyasının parlamentə buraxılmaması da partiyanın ziyanına yox, xeyrinə olan faktlardan biridir. Bu fakt Müsavat Partiyasının heç vaxt, heç bir şərtlə hakimiyyətlə sövdələşməyə getməyən siyasi partiya olması barədə məlum faktı bir daha təsdiq etdi.

Biz yaxın zamanlarda demokratik şərtlərlə yeni seçkilərin keçirilməsi uğrunda mübarizə aparırıq. Azərbaycan cəmiyyətinin buna nail olacağına inanırıq.

Son seçkilər də göstərdi ki, ölkədə keçirilən ilk demokratik seçkilərin qalibi Müsavat Partiyası olacaq.

Facebook Comments