“Prezidentin çıxışından o nəticə çıxır ki, proporsional sistem bərpa oluna bilər…”

“Bu yeniliklər təkcə parlamentlə bağlı deyil. Bilirsiniz ki, bu yeniliklərlə paralel olaraq Prezident Administrasiyasının Siyasi partiyalarla iş və qanunvericilik şöbəsi də ölkədəki partiya rəhbərlərini dəvət edib onlarla görüşlər keçirir, müzakirələr aparır”.

Sozcu.az xəbər verir ki, Bu fikirləri Milli Məclisin rəhbərliyində baş verən yenilikləri Moderator.az saytına şərh edərkən prezidentin keçmiş köməkçisi, politoloq Eldar Namazov səsləndirib.

Eldar Namazov ölkədəki siyasi dəyişiklilklərin təkcə parlamentlə məhdudlaşmadığını, daha geniş bir proses olduğunu vurğulayıb:

“Siyasi partiya nümayəndələri ilə görüşlərin keçirilməsi də bir yenilik idi və cəmiyyətdə kifayət qədər müzakirə predmeti oldu. Uzun illərdi müxalifət partiyaları ilə hakimiyyət arasında heç bir faktiki dialoq mövcud olmayıb. Lakin indi bu, adi hala çevrilir.

Bu proses cəmiyyət tərəfindən fövqəladə bir hadisə kimi yox, normal siyasi proseslər kimi qəbul edilməyə başlayıb. Əslində bu, belə də olmalıdır və çox müsbət haldır”.

Onun sözlərinə görə, parlamentdəki yeniliklərə də bu görüşlərin davamı kimi baxmaq lazımdır və əsas diqqət prezidentin parlamentin ilk icalsında verdiyi mesajlara yönəlməlidir:

“Burada ilk növbədə Azərbaycan prezidentinin Milli Məclisdəki çxışına diqqət yetirmək lazımdı. Prezident İlham Əliyev açıq söylədi ki, ölkədə çoxpartiyalı siyasi sistem formalaşmalıdır. Bununla bağlı müəyyən addımlar da atıldığını, siyasi partiyalarla görüşləri xatırlatdı və qeyd etdi ki, bunlarla bağlı ona müntəzəm məruzələr edilir. Parlamentdəki dəyişikliklə bağlı da öz fikirlərini bildirdi və bir daha dedi ki, Azərbaycanda çoxpartiyalı sistem qurulmalıdır.

Düşünürəm ki, prezident açıq mesaj verdi ki, bu sistemi qurmaq üçün ona müəyyən kriteriyalar, siyasi instrumentlər lazımdır və bu, hələ formalaşmayıb. Bununla bağlı Milli Məclisin də üzərinə öhdəlik qoydu ki, MM – də bu haqda düşünməlidir. Dövlət başçısı bu mövzunu ictimai diskussiyanın öhdəliyinə buraxdı”.

Siyasi idarəetmədə gedən yeniliklərin perspektivindən danışan Eldar Namazov qeyd edib ki, bu, gələcəkdə Azərbaycanda yeni seçki sisteminin formalaşdırılması zərurətindən xəbər verir: “Mən hesab edirəm ki, bu kriteriyalar haqqında prezident mesaj verərkən ən yaxşı instrument elə parlament seçkilərində proporsional sistemin bərpa olunmasıdı. Söhbət tamamilə bu sistemə keçiddən yox, majoritarla proporsional sistemin qarışığı olan bir formatdan getməlidir.

Prezidentin çıxışından da bu nəticəyə gəlmək olar. Çünki məhz proporsional sistemdə partiyaların real gücü ortaya çıxır, güclər nisbəti məlum olur və buna uyğun olaraq da partiyalar Milli Məclisdə təmsil olunurlar. Burada həm instrumentariya aydın olur, həm kriteriyalar müəyyənləşir.

Mənim fikrimcə, burada ən efferktiv üsul proporsional seçki sisteminin bərpası və majoritar sistemlə birgə qarışıq seçki sisteminin yaradılmasıdır”.

Facebook Comments