” 10 milyon əhalisi olan ölkənin 90 min cüt ayaqqabı istehsal etməsi faciədir”

İqtisadçı: “Cırıq ayaqqabılara yamaq salan pinəçilərdən vergi yığan hökumət gerçək islahatlar həyata keçirməlidir”

Azərbaycan hökuməti son 3 ildə ayaqqabı idxalına 211 milyon dollara qədər valyuta xərcləyib. Beləliklə, 2014-cü ildə 70 min cüt, 2015-ci ildə 67 min cüt, 2016-cı ildə 324 min cüt, 2017-ci ildə 196 min cüt, 2018-ci ildə 222 min cüt ayaqqabı istehsal olunub.

Dövlət Statistika Komitəsinin illik açıqladığı hesabatlarında belə qeyd edilib. Hesabatlardan məlum olur ki, son 5 ildə hər ilə orta hesabla 176 min cüt ayaqqabı istehsal olunub. Bu məhsul çeşidinə ölkə əhalisinin illik təlabatını ödəmək məqsədi ilə dünyanın dörd bir yanından 2016-cı ildə 34 milyon cüt, 2017-ci ildə 37 milyon cüt, 2018-ci ildə isə 36 milyon cüt ayaqqabı idxal olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iqtisadiyyat komissiyasının sədri, iqtisadçı Nemət Əliyev deyir ki, 10 milyon əhalisi olan ölkənin 90 min cüt ayaqqabı istehsal etməsi faciədir. Təlabatı yerli istehsalla təminetmə səviyyəsi bu mal çeşidi üzrə 1 faizdən də azdır. Ölkə ehtiyacın 99 faizdən çoxunu idxal hesabına təmin edir:

“Gündəlik istifadə etdiyimiz ayaqqabının istehsalı bu ilin yanvar-fevral dövründə 65 faiz azalıb. Bu iki ayda cəmi 15 min cüt ayaqqabı istehsal etmişik. Bu gedişatla fabrik və sexlərimiz ilin sonunadək vur-tut 90 min cüt ayaqqabı tikəçək. 10 milyon əhalisi olan bir ölkənin ildə 90 min cüt ayaqqabı istehsal etməsi rəzalətdir”.

İqtisadçı deyir ki, cırıq ayaqqabılara yamaq salan pinəçilərdən vergi yığmağı hədəf seçən hökumət bu sahədəki dözülməz vəziyyəti nəzərə almalı, daşı ətəyindən tökməli, yerli istehsalı təşviq edən gerçək islahatlar həyata keçirməlidir:

“Mövcud iqtisadi şəraitin dözülməz olması bu sahəni inkişafdan saxlayan başlıca səbəb kimi diqqəti cəlb edir. Doğrusu, hökumətin islahat düşüncəsinə məəttəl qalmaya bilmirsən. Yerli istehsalın həcmi idxal göstəricisi ilə heç müqayisəyə də gəlmir. Yerli istehsalla təminetmə səviyyəsi bu məhsul çeşidi üzrə 1 faizdən də azdır. Bu səbəbdən ayaqqabıya ölkədaxili təlabatın 99 faizdən çoxu idxal malları hesabına ödənilir. Demək olar ki, hamılıqla əcnəbi ayaqqabıların üzərində gəzirik. Milli iqtisadiyyat burada, demək olar ki, bitib”.

N.Əliyev deyir ki, hər il milyonlarla valyuta vəsaitləri Çin, Türkiyə, İran, Özbəkistan, Rusiya, Niderland, Belçika, Vyetnam, İtaliya və sair ölkələrə axın edir. Valyuta ehtiyyatlarına qənaət etmək, real iş yerləri yaratmaq, milli iqtisadiyyatı inkişaf etdirmək istəyən hökumətin fəaliyyətinə yerli istehsalda əmələ gəlmiş bu böyük boşluğa zəmin yaratdığına görə heç cür haqq qazandırmaq mümkün deyil:

“İdxal olunan ayaqqabıların 57 faizi Çin, 24 faizi Türkiyə, 16 faizi İran mənşəlidir (2017-ci il). Göründüyü kimi, daxili bazarlarda nisbətən keyfiyyətsiz Çin malları dominant mövqelərə malikdir. Yerli imkanları səfərbər etmək hesabına keyfiyyətsiz Çin ayaqqabıları ilə müqayisədə nisbətən keyfiyyətli yerli məhsul istehsal etmək elə də çətin olmamalıdır. Yalnız bu məhsul növünün istehsalında dönüş yaratmaqla həm milyonlarla valyuta ehtiyatlarına qənaət etmək, həm də minlərlə yeni, lakin real və daimi iş yerləri açmaq mümkündür”.(Meydan tv)

Sozcu.az

Facebook Comments