3 dairənin nəticələrinin açıqlanmamasının – Səbəbi

Milli Məclisə növbədənkənar seçkilər üzrə 6 dairədə səsvermənin nəticələrinə dair protokollar hələ ki açıqlanmayıb.

Sozcu.az-ın məlumatına görə, bu 6 dairədən 2-də – 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində protokolların hələ də açıqlanmamasının əsas səbəbi sözügedən dairələrin məntəqələrinin müxtəlif ərazilərdə yerləşməsidir.

Belə ki, prosedura görə, seçki məntəqələri protokolları dairələrə təqdim etməli, dairələr də öz növbələrində Mərkəzi Seçki Komissiyasına göndərməlidir. Lakin sözügedən 2 dairənin işğal altındakı rayonlarımızla bağlı olması səbəbindən bu dairələrin məntəqələri Azərbaycanın müxtəlif rayonlarında yerləşir. Ehtimal edilir ki, əlverişsiz hava şəraitinə görə məntəqələr protokolları dairələrə hələ təqdim edə bilməyib.

Bu dairələrin sırasına 77 saylı Astara seçki dairəsi də aid edilir.

Bu ehtimalı gücləndirən əsas səbəblərdən biri də odur ki, MSK sədri Məzahir Pənahov ciddi şikayətlərin daxil olduğu dairələr sırasında bu 3 dairənin adını çəkməyib. Belə görünür ki, bu dairələrdə araşdırma aparılmır.

Qeyd edək ki, 6 dairə – 35 saylı Xətai üçüncü seçki dairəsi, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 77 saylı Astara seçki dairəsi, 123 saylı Kəlbəcər seçki dairəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə protokollar hələ də MSK-nın saytına yerləşdirilməyib.(Axar.az)

Facebook Comments