İrandakı etirazlarda neçə nəfər öldürülüb? - ŞOK RƏQƏM AÇIQLANDI

İranda baş verən etiraz aksiyaları zamanı ölənlərin dəqiq sayı hələlik tam müəyyən edilməyib. Sozcu.az xəbər verir ki, İran rəsmisi "Reuters" agentliyinə bildirib ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla təxminən 2 min nəfər həlak olub. Bu açıqlama hakimiyyətin iki həftədir ölkə boyu davam edən etirazlara qarşı sərt müdaxilə fonunda ölənlərin sayının bu qədər yüksək olduğunu ilk dəfə açıq şəkildə etiraf etməsi kimi qiymətləndirilir. Adının açıqlanmasını istəməyən rəsmi deyib ki, həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri arasında ölənlərə görə “terrorçular”ın məsuliyyət daşıdığını bildirib. Rəsmi şəxs ölənlərin kimlərdən ibarət olması ilə bağlı bölgü təqdim etməyib. İnsan haqları təşkilatları isə indiyədək yüzlərlə ölən şəxsin adını müəyyən etdiklərini bildirirlər. BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Ceni Lourens ölənlərin sayı ilə bağlı suala cavab verərkən BMT-nin İrandakı öz mənbələrinə istinadla “eşitdiyimiz rəqəm yüzlərlədir” deyə açıqlama verib. Bununla yanaşı, İran xaricində fəaliyyət göstərən müxalifət qrupları ölənlərin sayının 2 mindən xeyli çox olduğunu iddia edirlər. Hazırda rəsmi və qeyri-rəsmi rəqəmlər arasında ciddi fərq qalmaqdadır.

Oktay Kaynarca ev dustaqlığına buraxıldı

Türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb. Sozcu.az xəbər verir ki, istintaq tədbirləri çərçivəsində saxlanılan tanınmış şəxslər əməliyyatlardan sonra ədliyyəyə gətirilib və Sülh Cəza Hakimliyinə təqdim olunublar. Oktay Kaynarca saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.

Bakıda böyük söküntü başlayır - Bu evlər PLANA DÜŞDÜ

Azərbaycanın müxtəlif ərazilərində infrastrukturun yenilənməsi həyata keçirilən sahələrdə mühafizə zonaları yaradılır. Sozcu.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. V.Orucov bildirib ki, artıq Ağdaş və Şəmkirdə təhlükəli ərazilərdə yerləşən fərdi yaşayış evlərinin köçürülməsinə başlanılacaq. "Bunun üçün müvafiq qurum tərəfindən iki tender elan olunub. Bu satınalmalarda qeyd olunan ərazilərdəki fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərindən alınması nəzərdə tutulur. Onların köçürülməsi zamanı ödəniləcək kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün qiymətləndirmə fəaliyyətinin satın alınması istiqamətində də işlər görülüb. Bu, olduqca vacib məsələdir". Sədr qeyd edib ki, məlum olduğu kimi, Bakıda kanalizasiya magistrallarının istismarını çətinləşdirən, hətta mümkünsüz hala gətirən 1600-dən çox fərdi yaşayış evi və digər tikililər mövcuddur. "Bu evlərin və tikililərin yağış sularından zərər görməməsi üçün köçürülməsi zəruridir. Dövlət bu baxımdan həmin ərazilərdə yaşayanlara və tikililərin sahiblərinə kompensasiya ödəyərək köçürülməni həyata keçirəcək. Bu prosesdə qiymətləndirmənin böyük önəmi var. Bütün hallarda həmin ərazilərdə yaşayanlara əvvəlcədən məlumat veriləcək. Belə ki, 1600-dən çox fərdi yaşayış evi və ya digər tikilinin köçürülməsi böyük məbləğdə kompensasiya və zaman tələb edir. Yağış sularından təhlükəsizliyin təmin edilməsi baxımından bu addımların atılması çox vacibdir. Düşünürəm ki, bunun üçün satınalmaların elan olunmasına ehtiyac var".

Məktəb direktoru avtomobillə piyadanı vurdu

Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bədirli kəndində qeydə alınıb. Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub. Xəsarət alan piyada təcili tibbi yardım avtomobili ilə xəstəxanaya hospitalizasiya olunub. Həkimlər X.Əliyevin vəziyyətinin ağır olduğunu bildiriblər. Qeyd edək ki, Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur. Faktla bağlı araşdırma aparılır.

Əminəm ki, bundan sonra müharibə olmayacaq - Prezident

Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə deyib. “Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Trampdan İrandakı etirazçılara mesaj: Kömək yoldadır!

ABŞ Prezidenti Donald Tramp İrandakı etirazçılara çağırış edib. Sozcu.az xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında İran xalqını etirazları davam etdirməyə çağırıb. “İranlı vətənpərvərlər, etirazlara davam edin - qurumları ələ keçirin. Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Onlar bunun hesabını verəcəklər. Mən etirazçıların öldürülməsi dayanmayana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Kömək yoldadır! MIGA!!!”, - Tramp qeyd edib. Qeyd edək ki, MIGA (Make Iran Great Again) “İranı yenidən möhtəşəm edək” mənasını verir.

İrana qarşı hər şey edəcəyik - Almaniya hədələdi

İranda rejim açıq-aydın bütün legitimliyini itirib və artıq İran xalqının dəstəyi yoxdur. Sozcu.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib. “Sanksiyalar da daxil olmaqla, bu rejimə qarşı əlimizdə olan bütün tədbirləri tətbiq edəcəyik”, - o bildirib.

Bu bölgələrin pensiyaları ödənildi

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə yanvar ayının pensiyaları ödənilib. Sozcu.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib. Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin yanvar ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək. Qeyd edək ki, 2026-cı ildən nəzərdə tutulan pensiya artımları fevral ayından etibarən ödəniləcək. Pensiyaçıların növbəti ay həm yanvar, həm də fevral ayları üzrə artımları birlikdə alacağı gözlənilir.

İranda aksiyalarda ölənləri sayı yeniləndi

İranda 16 gündür davam edən ümumxlaq etirazlarında öldürülən çoxsaylı etirazçılardsan yalnız 646 nəfərin kimliyi müəyyənləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatının yaydığı məlumatda bildirilib. Öldürülənlərdən 133-ü hökumət məmuru, 9-u azyaşlı və 7-si etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir. Aksiyalarda həmçinin 10721 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb. Qeyd edək ki, 28 dekabr 2025-ci ildə İranda iqtisadi vəziyyətə görə başlayan kütləvi aksiyalar hələ də davam edir.

Azərbaycanda zəlzələ oldu

Biləsuvar rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 10:53-də 3.4 maqnitudada baş verib.

Ağdamda əkin sahəsində kişi meyiti tapıldı

Ağdamda əkin sahəsində kişi meyiti tapılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Baharlı qəsəbə sakini 1986-cı il təvəllüdlü Taleh Məmmədov olduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bank müflis olsa da, pulunuz itməyəcək - Qərar

Ali Məhkəməsinin Kommersiya kollegiyası müflis elan olunmuş bankla bağlı ödəmə tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Məlumatda bildirilir ki, iş iddiaçı ASC-nin cavabdeh banka təqdim etdiyi ödəmə tapşırıqlarının icra edilməməsi ilə bağlıdır. İddiaçı həmin vəsaitlərin tutulması tələbi ilə məhkəməyə müraciət edib və birinci instansiya məhkəməsi iddianı qiyabi qətnamə ilə təmin edib. Sonradan cavabdeh bankın müflis elan olunması əsas gətirilərək qiyabi qətnamə ləğv edilib və iş üzrə icraata xitam verilib. Birinci və apellyasiya instansiya məhkəmələri bu mövqeni onunla əsaslandırıb ki, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra banka qarşı bütün məhkəmə icraatları dayandırılır və bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülə bilər. Lakin Ali Məhkəmə bu mövqe ilə razılaşmayıb. Məhkəmə kollegiyası bildirib ki, müflis banka qarşı irəli sürülən iddialar bankın bilavasitə bank fəaliyyəti ilə bağlı iddialar və bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyətlə bağlı iddialar olmaqla, iki qrupa bölünür Yalnız birinci qrupa aid olan, yəni kreditor tələbləri iflas proseduru çərçivəsində baxılmalı, ikinci qrupa aid olan mübahisələr isə ümumi iddia icraatı qaydasında məhkəmələr tərəfindən araşdırılmalıdır. Ali Məhkəmə müəyyən edib ki, baxılan iş bankın kreditor tələbləri ilə bağlı deyil. Mübahisə iddiaçının öz hesablarında olan vəsaitlərin bank tərəfindən icra edilməmiş ödəmə tapşırıqları ilə əlaqədardır. Həmçinin bu ödəmə tapşırıqları verildiyi vaxt cavabdeh bank hələ müflis elan olunmamışdı. Bu səbəbdən iddiaçının tələbləri "Banklar haqqında" Qanunun 73.1 və 73.1.1-ci maddələri ilə tənzimlənir. Ali Məhkəmə vurğulayıb ki, bankın müflis elan olunması ilə bağlı məhdudiyyətlər bu cür münasibətlərə şamil edilmir. Nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilib, ASC-nin kassasiya şikayəti təmin olunub.

Ermənistan Türkiyə ilə sərhədindən rusları çıxarır

Ermənistan hakimiyyəti yaxın gələcəkdə Rusiya sərhədçilərini Türkiyə ilə sərhəddə yerləşən “Axurik” sərhəd məntəqəsindən çıxarmaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası diplomatik mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, “Axurik” keçid məntəqəsinin təhvil verilməsi barədə qərar artıq verilib və hətta bayraq dirəyi də qoyulub.

Tramp Venesuela müxalifətinin lideri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp yanvarın 15-də Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşə bilər. Sozcu.az xəbər verir ki, bu barədə "CNN" Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb. “Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado cümə axşamı Prezident Donald Trampla görüşəcək”, - qeyd edib.

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Osmanlı tarixinin araşdırıcısı Fransevi Efendinin “Mən İranda Qacarlar sülaləsinin bərpasını və 1906-cı il konstitusiyasını dəstəkləyirəm” ifadəsinə beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik, şərhçi və alim Maykl Skott Doran münasibət bildirib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, Doran İranda hakimiyyətdə Səfəvilər sülaləsini görmək istədiyini vurğulayıb: “Mən Səfəviləri dəstəkləyirəm. Şah İsmayıl uzaqgörən Azərbaycan monarxı idi,” – Doran vurğulayıb. Qeyd edək ki, Maykl Doran Corc Buş (oğul) administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında baş direktor və Pentaqonda ictimai diplomatiya üzrə müavin vəzifələrində çalışıb. O, açıq şəkildə İraqın işğalını və Yaxın Şərq ölkələrini hədəf alan “rejim dəyişikliyi” siyasətini dəstəkləyib.

Pezeşkiyan illüziyası, Pəhləvi xülyası və Güney Azərbaycanın gerçək liderləri

İranda baş verən hadisələr və Bütöv Azərbaycan Yazar: Hakim Sadiqli (Alper Əlincəli) Bu yazını qələmə almaqda məqsədim son günlər İranda baş verən hadisələrə və həmin hadisələrə cəmiyyətin müxtəlif prizmadan yanaşmasına münasibət bildirməkdir. Xüsusilə də İranda son etiraz dalğalarından sonra Pəhləvilərin yenidən gündəmə gətirilməsi və Məsud Pezeşkiyanın sürətlə ideallaşdırılaraq bir növ “bal küpünə” çevrilməsi diqqətimi çəkir. Əvvəlcədən qeyd edim ki, mən nə politoloqam, nə sosioloqam, nə ekspert, nə də hansısa siyasi partiyanın üzvüyəm. Mən sadəcə milləti üçün mübarizə aparan, Bütöv Azərbaycan ideyasına inanmış bir əsgərəm. Paylaşdığım şəkillərə diqqət yetirsəniz, birinci şəkilin yuxarı hissəsində Yürüş Mehrəlibəyli və Abbas Lisani yer alır. Bu iki qardaşımız ömürlərini Güney Azərbaycan türkünün azadlığına həsr ediblər və həyatlarının böyük bir hissəsini İran zindanlarında keçiriblər. Hazırda Abbas Lisani Tehranın məşum Evin həbsxanasında, Yürüş Mehrəlibəyli isə 5 yanvar tarixində saxlanılaraq ehtimallarımıza görə Təbriz Ettelatında ağır işgəncələr altındadır. Şəkildə yer alan digər iki şəxs isə İran prezidenti Məsud Pezeşkiyan və Pəhləvi şahzadəsi Rza Pəhləvidir. Ardınca təqdim olunan şəkil isə bizim idealımız olan Bütöv Azərbaycan xəritəsidir. Pezeşkiyan illüziyası, Pəhləvi xülyası və Güney Azərbaycanın gerçək liderləri Pezeşkiyan fenomeni və gerçək tablo Son günlər sosial şəbəkələrdə Məsud Pezeşkiyanın Nəriman Nərimanovla müqayisə edilməsi, Səttarxan, Pişəvəri və Şəhriyarla eyni sıraya qoyulması, hətta Azərbaycan xalqının xilaskarı kimi təqdim olunması geniş yayılıb. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma mənim də bu mövzuda öz baxışım var. Pezeşkiyan ilk baxışda müsbət təəssürat yaradır: ana dilində danışması, şeir söyləməsi, emosional çıxışları insanlarda simpatiya doğurur. Lakin gəlin seçildiyi gündən bu yana öz milləti üçün real olaraq nə etdiyinə baxaq. Cavab sadədir: heç nə. Simvolik jestlərdən və sözlərdən başqa ortada konkret nəticə yoxdur. Nə ana dilində məktəb açılıb, nə hazırlıq kursu yaradılıb, nə də sistemli bir addım atılıb. “Gücü çatmır” arqumentinə gəlincə, burada əsas məsələ güc yox, niyyətdir. Çünki Pezeşkiyan bu missiya üçün bu posta gətirilməyib. Rəisidən sonra İrana sistemin imicini yumşaldacaq bir fiqur lazım idi və Pezeşkiyan bu rol üçün uyğun seçildi. İran dövlətinin strukturunu az-çox tanıyan hər kəs bilir ki, bu ölkədə prezidentlər təsadüfən seçilmir, öncədən planlaşdırılır. Bu şəxs Hatəmi dövründə səhiyyə naziri olub, uzun illər millət vəkili kimi fəaliyyət göstərib. Əgər rejimin süzgəcindən keçməsəydi, bu mövqelərə yüksələ bilməzdi. Əgər doğrudan da bu qədər türkçü və millətsevər idisə, niyə bu səs əvvəl eşidilmirdi? Bu gün Pezeşkiyanın elə bir planlı təbliğatı aparılır ki, insan istər-istəməz emosional təsir altına düşür. Bu mənzərə mənə vaxtilə Naxçıvanda Vasif Talıbovla bağlı hazırlanan verilişləri xatırladır: reallıqda zülm, efirdə isə ideal obraz. Nəticədə Güney Azərbaycan Hərəkatı belə iki yerə bölündü: Pezeşkiyanı xilaskar sayanlar və bu oyunu açıq şəkildə görənlər. Hətta illərdir bu hərəkatın içində olan bəzi şəxslər “özünüzü yormayın, Pezeşkiyan var” deməyə başladılar. Bu isə təhlükəli illüziyadır. Rza Pəhləvi: köhnə radio sindromu Rza Pəhləvini kəndimizdə babamın taxta eyvanına vurduğu köhnə sovet radiosuna bənzədirəm. Hansı xəbər hardan gəlirdisə gəlsin, babam yalnız o radiodan verilənə inanardı. Bu gün Pəhləvi də elə bilir ki, İran taxtına çıxacaq. Halbuki ABŞ və İsrail onu sadəcə keçid dövrü üçün istifadə edilən bir alət kimi görür. Əsl güc haradadır? Gələk əsas məsələyə — Yürüş Mehrəlibəyli və Abbas Lisaniyə. Bu iki şəxs Güney Azərbaycan Milli Hərəkatının canlı simvollarıdır. Abbas Lisani tək başına bir orduya bərabərdir. Evin həbsxanasında aclıq edən milli fəallara dəstək üçün həbsxananın qarşısında aclıq aksiyası keçirdi və bunun müqabilində yenidən həbs olundu. Onun hər sözü xalq üçün yol xəritəsidir. Yürüş Mehrəlibəyli isə mənim 1995-ci ildən yol yoldaşımdır. Onun milləti tanıması, sevməsi və analiz qabiliyyəti nadir səviyyədədir. Tehran Universitetinin idarəetmə fakültəsini yüksək nəticələrlə bitirib. Yəni bu adam dövlətin necə idarə olunmalı olduğunu oxuyub və bilir. Rejim bu iki şəxsdən qorxur. Təsadüfi deyil ki, İranın müxtəlif şəhərlərində etirazlar başlayanda, türk bölgələrində hələ proses aktivləşməmişkən, məhz Yürüş Mehrəlibəyli və Abbas Lisani saxlanıldı. Bu fakt hər şeyi açıq göstərir. Bütöv Azərbaycan xəritəsi və ittihamlara cavab İndi isə Bütöv Azərbaycan xəritəsinə toxunmaq istəyirəm. Bu xəritəni qəbul edənlər də var, etməyənlər də. Etməyənlərin fikrinə hörmətlə yanaşıram. Amma son günlər hörmət etdiyimiz bir dostun bu xəritəni paylaşaraq “Türkiyənin Misak-ı Milli sərhədlərinə girirsiniz, utanmırsınız?” deməsi qəbuledilməzdir. Bildirim ki, Misak-ı Milli sərhədlərini pozan biz yox, TBMM-də oturub Türkiyənin doğusunu “Kuzey Kürdüstan” adlandıranlardır. Bu xəritə Bütöv Azərbaycan Ocaqları tərəfindən təsis olunub. Daha əvvəl bu xəritəni mərhum Əbülfəz Elçibəy hazırlatdırıb və biz onun yolunu davam etdiririk. Bu xəritəni hazırlayan insanların bu günə qədər millət qarşısında heç bir üzqarası işi olmayıb. Əksinə, başları dik, yolları açıqdır. Nəticə Bu milləti nə Pezeşkiyan, nə də Pəhləvi xilas edəcək. Bu milləti yalnız öz içindən çıxan, xalqın içində olan, xalq üçün zindanlara girən insanlar ayağa qaldıra bilər. Bu gün həmin simalar Yürüş Mehrəlibəyli və Abbas Lisanidir. Gəlin onların ətrafında sıx birləşək, səsimiz onların səsi olsun. Əsassız ittihamları, keçmiş intriqaları kənara qoyaq. Bu tarixi fürsət bir daha 50 ildən sonra da verilməyə bilər. Şərəfli Bütöv Azərbaycanın vətəndaşı olmağınızı arzulayıram.

Şirvanda 14 yaşlı qız zəhərləndi

Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, yeniyetmə şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

“Ətin qiyməti 30 manata qalxacaq” – EKSPERT

“Ətin qiyməti 30 manata qalxacaq. Hələ bu qiymət deyilsə, idxalla əlaqəlidir”. Sozcu.az “Sherg.az”a istinadən xəbər verir ki, bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov deyib. Mütəxəssis qeyd etdi ki, hazırda quzu ətinin kiloqramı 22-23 manat arasında dəyişir. Proqnoza görə, əgər idxala məhdudiyyət qoyulsa, xaricdən idxal olunmasa, quzu, iri və ya xırda buynuzlu heyvan ətinin qiyməti 30 manata çatacaq. Kiçik təsərrüfatlarda mal-qara saxlayanlar dabaq xəstəliyi səbəbindən ziyana düşdülər. Yerli istehsal ətə olan tələbatı qarşılamaq gücündə deyil. Heyvandarlığın inkişafı çox zəifdir. Ət ehtiyatının azalmasının bu dəqiqə idxal hesabına qarşısı alınır. Monqolustandan, digər ölkələrdən dana, qoyun əti idxal olunur. İdxalda azalma olsa, ətin qiyməti sürətlə qalxacaq.

İranda etnik repressiyalar başladı

İranın Sistan və Bəluçistan əyalətində repressiyalar daha da sərtləşib. Sozcu.az Teleqram kanallarına istinadən xəbər verir ki, son iki gün ərzində bölgədə keçirilən etiraz aksiyaları zamanı azı 200 nəfər saxlanılıb. Həbslərin böyük hissəsi Zahidan şəhərində həyata keçirilib. Bununla bağlı, “Halvəş” Teleqram kanalı məlumat yayıb. Məlumatlara görə, təhlükəsizlik qüvvələri etirazların yatırılması zamanı zorakılığa əl atıb. Zahidanda tutulanlar arasında qadınlar, kişilər, uşaqlar və tələbələr də var. Bildirilir ki, saxlanılanların əksəriyyəti etnik bəluçlardır və onların çoxu döyülüb. Repressiv qüvvələrin öz məlumatına əsasən, saxlanılanların təxminən 80 faizi qadınlardır və onlar da fiziki zorakılığa məruz qalıblar. Etirazlar zamanı həbs edilən bəluçların sayının daha çox olduğu, ancaq hamısının kimliyinin hələlik müəyyən edilmədiyi qeyd olunur.BakuPost)

İçməli su problemi: Vaxt gəlib çatıb ki... - Prezident

Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib. "Qeyd etdiyim kimi, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır. Biz bu gün həm bu proqramı müzakirə edəcəyik, eyni zamanda, görülmüş işlərdən danışacağıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq. Bu proqramın əsas məqsədi, qeyd etdiyim kimi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki vaxt lazımdır biz bunu tam icra edək. Proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən maliyyələşəcək, həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına. Deyə bilərəm ki, son illər ərzində burada da aparılan islahatlar imkan verdi ki, biz xarici borcumuzu böyük dərəcədə aşağı salaq və salmışıq da. Bu gün dünya miqyasında xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünyada aparıcı yerlərdədir, bu, cəmi 6 faizdən bir qədər çox təşkil edir. Yəni bu, deməyə əsas verir ki, bu gün biz daha çox xarici kreditlərə müraciət edə bilərik, xüsusilə nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə təsisatları bizə müraciətlər edirlər", - Prezident qeyd edib.

Güclü külək əsəcək - Xəbərdarlıq

Yanvarın 13-ü gündüzdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Qobustan, Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Ukraynada hərbi vəziyyət yenə uzadıldı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin daha 90 gün uzadılmasını nəzərdə qanun layihələrini Ali Radanın müzakirəsinə verib. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihələrinə əsasən, hərbi vəziyyət və səfərbərlik müddəti 90 gün uzadılaraq 3 may tarixinədək qüvvədə qalacaq.

Azərbaycan İsraildə bu layihəyə 270 milyon yatıra bilər

Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması (desalinasiya) layihəsinə 270 milyon ABŞ dollarınadək sərmayə yatıra bilər. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payın planlaşdırılan satın alınması ərəfəsində ətraflı yoxlama (due diligence) aparır. Qeyd edək ki, IDE İsraildə ən böyük desalinasiya şirkətidir. Şirkət İsraildə desalinasiya olunmuş suyun 45%-nə cavabdehdir. Əgər sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsraildə ikinci böyük dövlət investisiyası olacaq. Birinci belə investisiya 2025-ci ilin yayında SOCAR tərəfindən Tamar qaz yatağının 10%-lik payının 1,25 milyard dollara alınması olub.

Türkiyədə hərbi tenderlərdə korrupsiya aşkar edildi

Ankara Prokurorluğu Quru Qoşunları Komandanlığında korrupsiya cinayəti faktı üzrə cinayət işi qaldırıb. Sozcu.az Cumhuriyet-ə istinadla xəbər verir ki, Quru Qoşunları Komandanlığına aid hərbi yük və sərnişin daşımaları üzrə tenderlərdə təxminən 23 milyon 578 min TL (təxminən 930 min manat) dövlətə zərər dəydiyi ehtimal olunur. 2019-2024-cü illərdə keçirilmiş 18 tenderin araşdırıldığı istintaqda, rüşvət və tenderdə saxtakarlıq ittihamları ilə 6 hərbçi və 14 mülki şəxs olmaqla, cəmi 20 şübhəli saxlanılıb.