Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

Abşeron çimərliklərində iyulun 9-da şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23°, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Yumurtaya görə başlanan mübahisə qanla bitdi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşu qadını qətlə yetirməkdə təqsirləndirilən Şəmkir rayon sakini Fariz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Əliyev 13 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, hadisə Şəmkir rayonunun Zəyəm-Çırdaxan kəndində baş verib. Kənd sakini F.Əliyevin iti qonşusu Əntiqə Məmmədovanın toyuqlarının yumurtasını yeyib. Ə.Məmmədova buna görə F.Əliyevə irad tutub və ondan dəymiş ziyana görə 7 manat tələb edib. F.Əliyev axşam saatlarında Ə.Məmmədovanın evinə gələrək ona 7 manat verib geri qayıdanda aralarında mübahisə yaranıb. Mübahisə zamanı Ə.Məmmədova F.Əliyevi söyüb təhqir edib. Geri qayıdan F.Əliyev qadını dirsəyi ilə vurub yıxıb. O, evi tərk edərkən Ə.Məmmədova onun ölənlərinin qəbrini söyüb. Bundan əsəbiləşən F.Əliyev həyətdən bıçağı götürərək geri qayıdıb və qadına 6 bıçaq zərbəsi endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb və F.Əliyev saxlanılıb.

Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı

Paris Apellyasiya Məhkəməsi 2022-ci ilin sentyabrında Azərbaycanın Fransadakı səfirliyinə hücumla bağlı Ermənistanın “Çarjum” hərəkatının üzvü Loris Tufanyanın cəzasını ağırlaşdırıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi şikayətə iyunun 10-da baxıb və bu gün iş üzrə qərar qəbul edib. Məhkəmə Tufanyanı Azərbaycanın Fransadakı səfirliyinə hücumda təqsirli bilən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Buna əsasən Tufanyana əlavə cəza - 5 il müddətinə icazə şərti ilə silah saxlama və ya gəzdirmə qadağası əlavə edilməklə, 12 ay şərti həbs cəzası (daha ağır cəza, çünki birinci instansiya məhkəməsinin qərarına görə o, 6 ay şərti cəzaya məhkum edilib). Bundan əlavə, məhkəmə iş materiallarını araşdırdıqdan sonra Tufanyanı bir qrup şəxs və ya şəriklər tərəfindən ictimai istifadə üçün nəzərdə tutulmuş əmlaka ziyan vurmaqda təqsirli bilib. Belə ki, məhkəmə birinci instansiya ilə müqayisədə cinayətin ağırlığını tanıyıb. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin mülki iddiada, yəni onun barəsində maddi cəza təyin edilməsində çıxardığı qərarı qüvvədə saxlayıb.

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 8-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Sonra Z.Ağayev bildirib ki, təqsirləndirilən Ruben Vardanyanın ötən iclasda verdiyi vəsatətlə bağlı cinayət işinin materialları nəzərdən keçirilib. Qeyd edib ki, məhkəmə onun və müdafiəçisinin verdiyi bütün vəsatətləri qiymətləndirib. Ardınca Ruben Vardanyan məhkəməyə müraciət edib. Bildirib ki, daha əvvəl məhkəmə kollegiyası iclas protokolları ilə tanış olmaq üçün ona və müdafiəçisinə şərait yaradıb. Hazırda isə məhkəmə hazırlıq iclasında qəbul edilmiş və protokollarda öz əksini tapmış qərarlarla tanış olmaq istəyirlər. Bundan başqa, müdafiə tərəfi müxtəlif tarixlərdə keçirilən iclaslarda verdikləri vəsatətlərin təmin olunmasına dair qərarlardan çıxarışın da onlara təqdim olunmasını xahiş edib. Vəkil Avraam Berman təqsirləndirilən şəxsin müraciətini müdafiə edib. İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədək təqsirləndirilən şəxs və onun müdafiəçisinə istədikləri sənədlərlə tanış olmaq üçün məhkəmə tərəfindən şərait yaradılıb, əvvəl olduğu kimi, yenə də şərait yaradılacaq. Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər. Zərərçəkmiş Elməddin Lətifovun hüquqi varisi qismində ifadə verən Sabir Lətifov deyib ki, onun qardaşı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribat nəticəsində həlak olub. Zərərçəkmiş Şamil Həsənovun hüquqi varisi Şiraslan Həsənov övladının Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini bildirib. Zərərçəkmiş Şamxal Həmidovun hüquqi varisi qismində tanınaraq dindirilən Asif Şükürov qeyd edib ki, Ş.Həmidov Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. Zərərçəkmiş Bəhruz Rüstəmlinin hüquqi varisi Mövlam Rüstəmli ifadəsində qardaşının Xocalı rayonu istiqamətində düşmənin açdığı atəş nəticəsində qəlpə yaralarından öldüyünü bildirib. Zərərçəkmiş Kamal Qasımovun hüquqi varisi Sevinc Qasımova oğlunun Xankəndi şəhəri istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həyatını itirdiyini söyləyib. Zərərçəkmiş Pərviz Hünbətov ifadəsində deyib ki, Ağdam rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş şəxs diqqətə çatdırıb ki, hadisə zamanı Sadiq Qəhrəmanov həlak olub, Ramin Osmanov və Aqil Quliyev isə müxtəlif növ bədən xəsarətləri alıblar. Məhkəmədə ifadə verən Elmir Qasımov isə dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında qeyd edib ki, o, Şuşa istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisinin yanına düşərək partlaması nəticəsində sağ çiyin, sol ayaq, baş və bədənin müxtəlif nahiyələrindən çoxsaylı qəlpə xəsarətləri alıb. Məhəmməd Mahmudov ifadəsində Xocavənd rayonu ərazisindən açılmış atəş nəticəsində kürəyindən xəsarət aldığını vurğulayıb. Zərərçəkmiş Vəli Balabəyli ifadəsində Ağdərə rayonunun Canyataq kəndi istiqamətində atılmış artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını deyib. O, dövlət ittihamçısı Nəsir Bayramovun suallarını cavablandırarkən hadisə zamanı yanında olan daha iki nəfərin yaralandığını söyləyib. Məhkəmədə ifadə verən Məhəmməd Kərimov isə Xocalı istiqamətində düşmənin snayperdən açdığı atəş nəticəsində boğaz nahiyəsindən yaralandığını, bir neçə şəxsin isə həlak olduğunu bildirib. Baş prokurorun böyük köməkçisi Vüsal ƏIiyevin sualına cavabında diqqətə çatdırıb ki, həmin vaxt düşmən ərazilərimizi iriçaplı silahlarla atəşə tutub. Zərərçəkmiş Namiq Atakişiyev Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında vurğulayıb ki, o, Ağdam istiqamətində atılmış mərminin yaxınlığına düşüb partlaması nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxs Oruc Məmmədov Xocavənd rayonu ərazisində atılan artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib. Digər zərərçəkmiş Amin Cavadov isə ifadəsində qeyd edib ki, Ağdərə rayonunun Canyataq kəndi ərazisində düşmən tərəfindən atılan artilleriya mərmisinin içərisində olduğu maşının üzərinə düşərək partlaması nəticəsində xəsarət alıb. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən hadisə zamanı Tural Ağcabəyov və Mirpaşa Mehdizadənin həlak olduğunu, özündən başqa daha dörd nəfərin isə yaralandığını söyləyib. Zərərçəkmiş Etibar Hüseyinli ifadəsində deyib ki, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin ərazisində yerləşən əkin sahəsində piyadaəleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb. Zərərçəkmiş Pərviz Qənbərov bildirib ki, Şuşa rayonunun Xəlfəli kəndində düşmən tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində o, Rəşad Əliyev və Rəhim Nəsirov müxtəlif növ bədən xəsarətləri alıblar. Zərərçəkmiş şəxs Mərkəz Sadıqov qeyd edib ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan artilleriya mərmilərindən biri onun təxminən 7-8 metr yaxınlığına düşərək partlayıb və nəticədə çoxsaylı xəsarətlər alıb. Zərərçəkmiş şəxs Valeh İbrəhimov deyib ki, düşmən tərəfindən atılmış “Faqot” tankəleyhinə idarəolunan raketin yaxınlığında partlaması nəticəsində bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb. Araz Usubov ifadəsində Xocavənd rayon ərazisində düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində ayaqlarından və boynundan çoxsaylı qəlpə xəsarətləri aldığını diqqətə çatdırıb. Zərərçəkmiş Etibar Səfərov Kəlbəcər rayonunun ərazisində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Orxan Kərəmli ifadəsində Ağdərə rayonu ərazisindən atılan minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını deyib. Zərərçəkmiş Vasif Yusupov Kəlbəcər rayonunda düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində yaralandığını bildirib. Etibar Baxışov isə Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mərminin partlaması nəticəsində qəlpə xəsarəti aldığını qeyd edib. Bəhruz Nəzərov ifadəsində bildirib ki, Zəngilan rayonunda düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində yaralanıb. Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Zığ şosesində yanğın olub

Paytaxtın Suraxanı rayonunda, Zığ şosesi yaxınlığındakı açıq ərazidə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Abşerondakı partlayışda yaralananların son durumu - GÖRÜNTÜ

Abşeronda Gənclər şəhərciyindəki binalardan birində baş verən partlayış zamanı yaralananların vəziyyəti açıqlanıb.  Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib.  Bildirilib ki, ötən gün saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. 1980-ci il təvəllüdlü (qadın cinsli), 2010-cu il təvəllüdlü (kişi cinsli), 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxslərə müxtəlif bədən üzvlərinin çoxsaylı yanığı diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, partlayış onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində baş vermişdi. 

Rusiyadan daha bir TƏXRİBAT - Bu dəfə bayrağımızı... - FOTO

Rusiyanın Lenta.ru saytında Azərbaycan-Rusiya münasibətlərinə dair videoçarxda Cənubi Azərbaycanın bayrağı yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Rusiya saytının bu təxribatçı addımla ölkəmizə qarşı hörmətsizlik etdiyi vurğulanıb. Qeyd edək ki, sözügedən videoçarx Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan haqqında mənfi fikirlərinin yer aldığı xəbərin sonunda paylaşılıb. Zatulin Azərbaycan və Rusiya arasında müttəfiqliyin olmadığını deyib.

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Sozcu.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan bidlirilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi

Bəzi söz-söhbətlərin əksinə olaraq, qonşularla sionist rejim arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməyib. Sozcu.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. Qeyd edək ki, bundan əvvəl İranın bəzi media qurumları və ekspertləri İsrailin Hərbi Hava Qüvvələrinin İrana zərbələr endirmək üçün bölgə ölkələrinin, o cümlədən Azərbaycan Respublikasından hava məkanından istifadə etdiyi barədə iddialar səsləndirmişdilər.

Temperatur 36 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.

"Ukrayna dronları Rusiyanın cənubundakı neft emalı zavodunu vurub" - Ukrayna BKİ

"İlsk Neft Emalı Zavoduna zərbə və Rusiyanın hərbi infrastrukturlarına ardıcıl hücumlar..." Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinin (BKİ) uzaqmənzilli döyüş dronları iyulun 7-də Rusiyanı  Krasnodar diyarında yerləşən A. Şamar adına İlsk Neft Emalı Zavoduna zərbə endirib. Bu zavod Cənub Federal Dairəsinin aparıcı neft emalı müəssisələrindən biri sayılır. Sozcu.az xəbər verir ki, bu barədə "pravda.com" nəşri məlumat yayıb. Hədəfdə əsas enerji infrastrukturudur Ukrayna kəşfiyyat mənbələrinin verdiyi məlumata görə, hücum nəticəsində zavodun texnoloji sexlərindən biri ciddi şəkildə zədələnib. Yerli Rusiya KİV-ləri də hadisəni təsdiqləyib və zərbənin nəticələrini işıqlandırıb. Hərbi təyinatlı enerji mərkəzi A. Şamar adına İlsk Neft Emalı Zavodu həm neft və qaz kondensatının qəbulu, saxlanması və emalı, həm də hazır məhsulların avtomobil və dəmir yolu ilə daşınması üzrə fəaliyyət göstərir. Kəşfiyyat məlumatlarına görə, bu müəssisə Rusiyanın hərbi-sənaye kompleksinin bir hissəsi kimi Ukraynaya qarşı müharibədə dolayı rol oynayır. Zavodun istehsal etdiyi yanacaq məhsulları Rusiya ordusunun texnikası üçün strateji əhəmiyyət daşıyır, xüsusilə Cənub Hərbi Dairəsinin ehtiyaclarını qarşılayır. İkinci zərbə: Vladivostokda partlayış və yanğın İlskdəki hücumdan bir neçə gün oncə, iyulun 5-nə keçən gecə Rusiyanın Uzaq Şərqində, Vladivostok yaxınlığında magistral qaz kəməri partladılıb. Kəşfiyyat məlumatlarına əsasən, bu partlayış və ardınca baş verən yanğın nəticəsində Yapon dənizi sahil xətti boyunca uzanan "Vladivostok" qaz magistralının bir neçə hissəsi məhv edilib. Bu qaz kəməri Rusiyanın Sakit Okean Donanmasının 155-ci dəniz piyadaları briqadası da daxil olmaqla, sahil boyu yerləşən bir sıra hərbi obyektlərin qazla təminatında mühüm rol oynayır. Kəmərin bir hissəsinin yalnız bu ilin mart ayında istismara verildiyi bildirilir. Eyni zamanda hərbi qarnizonları içməli su ilə təmin edən mühüm bir su xətti də partladılaraq sıradan çıxarılıb. Enerji infrastrukturuna hücumların strateji məqsədi Ukrayna son aylarda Rusiya ərazisində yerləşən enerji, yanacaq və kommunikasiya infrastrukturuna ardıcıl zərbələr endirir. Bu strategiya xüsusilə hərbi logistikanı iflic etmək, yanacaq təminatını pozmaq və Rusiya ordusunun müharibə aparmaq qabiliyyətini zəiflətmək məqsədi daşıyır. Əsasən uzaqmənzilli kamikadze dronlar və partlayıcı yüklü pilotsuz uçuş aparatlarından istifadə olunur. Hədəf alınan müəssisələr isə çox vaxt sivil maskalanma altında hərbi ehtiyaclara xidmət edən enerji obyektləri olur. Rusiya tərəfindən açıqlama Rusiya Müdafiə Nazirliyi son hücumlarla bağlı hər zamankı kimi yalnız "dronların məhv edildiyini" bildirir, amma nəticədə baş verən ziyan və ya yanğınlar barədə ya məlumat vermir, ya da onları texniki qəza kimi təqdim edir. Müstəqil müşahidəçilər isə Ukraynanın bu hücumlarının artmaqda olduğunu və Rusiya ərazisindəki kritik infrastrukturun getdikcə daha həssas hala gəldiyini qeyd edir.

Xocalı cəlladı ilə bağlı QƏRAR: Toxunulmazlığı ləğv edildi

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bu gün Ermənistan parlamentində keçirilən səsvermədə qərarı 59 deputat dəstəkləyib, əleyhinə səs verən olmayıb. Seyran Ohanyanınla yanaşı, "Hayastan" fraksiyasının katibi Artsvik Minasyanın da deputat toxunulmazlığı ləgv edilib. Qeyd edək ki, Seyran Ohanyan 2000-2007-ci illərdə Qarabağdakı keçmiş qondarma rejimin, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən S.Ohanyan Xocalı soyqırımını törədənlərdən biridir. 44 günlük müharibədə isə o, qondarma rejimin “prezident”inin hərbi məsləhətçisi kimi Şuşanın müdafiəsinə rəhbərlik etmişdi.

Putinin bu gün işdən çıxardığı nazir özünü öldürdü

Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İlkin məlumata görə, o, mənzilində intihar edib. “Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında PM tapançası tapılıb. “Baza” və “Kommersant”ın yazdığına görə, Starovoytun intiharı cinayət işi ilə bağlı ola bilər. Mənbələrin bildirdiyinə görə, Kursk vilayətinin qubernatoru olarkən onun müavini işləmiş və 1 milyard rubl məbləğində dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov onun əleyhinə ifadə verib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib. Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.

Rayonlara leysan yağacaq – Xəbərdarlıq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib. Məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Azərbaycanla danışıqlar aparırıq, hazırıq - Mirzoyan

Biz yalnız sərhədlərimizdə deyil, digər regionlarda da sülhün qurulmasına can atırıq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. "Biz Azərbaycanla danışıqlar aparırıq. Bu sazişi imzalamağa və sonra ratifikasiya etməyə hazırıq. Eyni zamanda, qərb qonşumuz olan Türkiyə ilə münasibətlərimizi nizamlamağa çalışırıq", - Mirzoyan qeyd edib.

Rusiyada partlayış: ölü və yaralılar var

Rusiyanın Ryazan şəhərində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Məlumata görə, kafeyə qumbara atılması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Taleyin umuduna qalan vətəndaşlar - İşsizlik müavinəti niyə ödənilmir?

Taleyin umuduna qalan vətəndaşlar... İşsizlik müavinəti niyə ödənilmir? Ölkə konstitusiyasında belə bir maddə var. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu maddədən məlum olur ki, dövlətin əsas mənbəyi XALQdır.  Yeri gəlmişkən, o zaman diqqət edib görək ki, hökumət xalqı sosial-iqtisadi baxımdan necə yaşadır? Xalqın rifah halı necədir, ürək açandırmı, yoxsa yox?  Ölkə əhalisinin əksər hissəsinin ağır, çətin, hətta bir çox ailələrin ürək ağrıdan dözülməz sosial-iqtisadi durumundan açıq-aydın məlum olur ki, Azərbaycanda neçə illərdir ki, işsizlik hökm sürür. Minlərlə ailələrin sosial vəziyyəti demək olar ki, çox acınacaqlıdır və çox məşəqqətlidir. Bəzi xəbər saytlarında işsizliklə bağlı belə bir rəsmi və eləcə də qeyri-rəsmi bəzi məlumatlar var. Deməli, dərc olunan rəsmi məlumatlarda deyilir ki, 2024-cü ilin aprelində Azərbaycanda işsizlik səviyyəsi 5,4 % olub. Amma qeyri-rəsmi məlumata görə ölkədə 650 mindən çox əmək qabiliyyəti olan vətəndaşlar var. Bəs hansı məlumata inansaq doğru olar? Çünki rəsmi və qeyri-rəsmi məlumatlar arasında görün necə böyük fərq görünür. Elə bu məqamda hökumət üzvlərinə və məmurlara sual olunur ki, Azərbaycanda iş yerləri olsaydı hər il minlərlə vətəndaşlar  Qərbə, Avropa ölkələrinə niyə köçüb gedir? Ölkənin bəzi xəbər saytlarında 2023-cü ilin rəsmi statistikasına görə, son beş ildə 3 mindən çox tibb işçisi Azərbaycanı tərk edərək Almaniyaya köçüb.  Bu müddətdən  isə 1 il 6 aydan çox vaxt ötüb. Deməli, çox təəssüflər olsun ki, 2 ilə yaxın olan bu zaman ərzində yüzlərlə həkim yenə də Avropaya üz tutub.   Bu isə Azərbaycandan xarici ölkələrə güclü beyin axınının olması deməkdir. Onu da  vurğulayıram ki, son nəticələrə diqqət etdikdə məlum olur ki, bu, geriyə dönüşü olmayan beyin axınıdır. Hətta təəssüf doğuran belə bir məlumat da var ki, Avropaya həkim axını üzrə hesabatda keçmiş SSRİ ölkələri üzrə ilk 3 ölkədən biri Azərbaycandır. Əgər belə davam etsə, bu gedişlə çox yaxın illərdə Bakıda, həmçinin regionlarda ciddi həkim çatışmazlığı yaranacaq. Təəssüflər. İndi isə işsizliklə bağlı yenə bəzi məsələlərə toxunaq. Azərbaycan hökuməti aidiyyatı dövlət qurumlarında rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçən vətəndaşlara minimum əmək haqqı məbləğində işsizlik müavinəti versə çox yaxşı olar.  Çünki ölkədəki işsiz vətəndaşlar çörək və ərzaq məhsulları ala bilmədiyinə görə qidalana bilməz və bunun da nəticəsində həmin vətəndaşlar günlərlə ac qalar, hətta həyatını itirə bilər. Belə xoşagəlməz hallar isə vətəndaşların həyatı ilə bağlı böyük faciəyə səbəb olar. Hökumət bunun fərqindədirmi görəsən? Jurnalist olaraq bir nüansı da söyləyim. Məmurlar çox yaxşı bilir ki, Qərb ölkələrində, Avropada işsiz vətəndaşlara hökumət tərəfindən minimum əmək haqqı qədər də olsa işsizlik müavinəti ödənilir. Sual olunur ki, Azərbaycanda işsiz vətəndaşlara işsizlik müavinəti nə üçün ödənilmir? Neft-qaz ölkəsi olan Azərbaycan hökuməti aidiyyatı qurumlarda, eləcə də Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınaraq işsiz statusu alan vətəndaşlara, niyə, nədən işsizlik müavinəti ödəmir bəs?  Zəngin Azərbaycan hökumətinin təbii ki,  buna imkanı var. Belə olan halda hökumət və dövlətin bu məsələlərlə bağlı aidiyyatı qurumları işsiz vətəndaşlara hansı səbəblərə görə işsizlik  müvainəti vermir? Cənab Baş nazir, hökumət üzvləri, yüksək vəzifəli şəxslər, məmurlar, eləcə də aidiyyatı qurumların rəhbərləri. Bu məsələləri sözün həqiqi mənasında ciddiyə alın. Cənablar, suallarımı cavablandırmağınızı sizlərdən çox-çox xahiş edirəm... P. S. Bir daha xatırladım ki, dövlətin yeganə mənbəyi Azərbaycan Xalqıdır. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Reabilitasiya mərkəzinin əməkdaşı 2 nəfəri bıçaqlayıb

Bakıda reabilitasiya mərkəzində işləyən şəxs küçədə iki nəfəri bıçaqlayıb. Sozcu.az Oxu.az-a istinadən, hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini Orxan Aslanov (soyadı şərtidir) narkomaniya xəstəliyinə görə müalicə kursu keçən pasiyentindən mərkəzə olan pul borcunu almaq üçün yaşadığı evə gedərkən yolda Murad və Vüqar adlı şəxslərlə rastlaşıb. Söhbət əsnasında tərəflər arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Orxan üzərində gəzdirdiyi bıçaqla Murada 7 zərbə endirib. Hadisə zamanı onları ayırmağa çalışan Vüqar da bıçaq xəsarətləri alıb. Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Aslanov 6 il azadlıqdan məhrum edilib.

MN-dən xəbərdarlıq: Təşvişə düşməyin, partlayış səsləri...

Pirəkəşküldə 7-11 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Qaxa istirahətə gedən iş adamının meyiti tapıldı

Qaxda istirahətdə olan Bakı sakini evdə ölü tapılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elçin Məmmədov Qax rayonundakı evinə istirahət məqsədilə gedib. Dünən axşam saatlarında onun yaşadığı evdə meyiti aşkar edilib. Məlumata görə, əslən Qax rayonundan olan E.Məmmədov Bakıda bizneslə məşğul imiş. O, bir neçə gün öncə istirahət məqsədilə rayondakı evinə gedibmiş. Faktla bağlı araşdırma aparılır.

Tverdə azərbaycanlılar saxlanıldı

Rusiyanın Tver vilayət prokurorluğu saxta içki və qanunsuz tütün məmulatlarının dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin ifşa olunduğunu açıqlayıb. Sozcu.az Bakupost.az-a istinadla xəbər verir ki, rəsmi məlumata görə, cinayətkar qrupun təşkilatçısı və 8 üzvü saxlanılıb. İstintaq onların 2022–2025-ci illər ərzində qeydiyyatsız, markasız tütün və spirtli içkilərin satışını həyata keçirdiyini müəyyən edib. Qeyd olunur ki, saxlanılanlar arasında Azərbaycan əsilli şəxslər də var.

ABŞ-da təbii fəlakətdə ölənlərin sayı artdı

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ən azı 82 nəfər ölüb. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, qurbanların sayı artmağa davam edir.

Fransalı gənc İranda yoxa çıxdı

18 yaşlı fransalı velosipedçi Leonar Monterloz İranda iyunun 16-dan itkin düşüb. Sozcu.az xəbər verir ki, bu haqda Fransa mənbələri məlumat yayıb. Bildirilib ki, onun barəsində hər hansı məlumat almaq mümkün olmayıb və bu, Monterlosun taleyi ilə bağlı narahatçılığı artırır. Qeyd edək ki, bir müddət əvvəl Fransa hökuməti vətəndaşlarına İrana getməmək barədə xəbərdarlıq edib.

Bakıda məşhur brendin anbarı yandı: geyimlər məhv oldu

“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə iyulun 6-da gecə saat 02:00 radələrində olub. Hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında yaşanıb. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub. İlkin məlumata görə hadisə qısapanmadan baş verib.