ŞƏRQƏ DOĞRU MARŞ! – NATO Rusiya üzərinə hücumun böyük məşqinə hazırlaşır!- TƏHLİL

Bu yaxınlarda NATO-nun gərgin London sammiti keçirildi. Sammit öncəsi Fransa prezidenti “The Economist” jurnalına verdiyi müsahibədə bildirmişdi ki, alyans “beyin ölümü” keçirir.

Bir məsələnin üzərində xüsusilə dayanmaq olar – NATO yarandığı vaxtdan Fransa bu alyansda özünü sərbəst, müstəqil aparmağa çalışıb. Fransa Amerikaya demək istəyib ki, mən də BMT Təhlükəsizlik Şurasının daimi üzvüyəm, mənim də nüvə silahım var və ona görə də mənimlə məsləhətləşmədən qərar verməyinizi istəmirik. Hələ prezident Şarl de Qol NATO tərkibində Fransaya Amerika səviyyəsində status verilməsini tələb edirdi. Lakin onun üçtərəfli direktorluq formulu (ABŞ, Fransa, B.Britaniya) qəbul ounmadığından, Fransa 1966-cı ildə NATO-nun hərbi əməliyyatlar sistemindən çıxmışdı. Ancaq siyasi əməkdaşlıq sistemindən imtina etməmişdi. Nəhayət, 2009-cu ildə Fransa yenidən alyansın hərbi əməliyyatlarında iştiraka qoşulub.

Hələ Amerika Emannuel Makronun bu sözlərindən öncə şərqi Avropada geniş miqyaslı hərbi təlimlər keçirməyi planlaşdırmışdı. Kod adı “Avropanın müdafiəçisi-2020” olan bu təlimlərdə alyansın 18 ölkəsinin əsgərləri iştirak edəcək. Ümumiyyətlə isə, bu təlimlərəki hərbçi sayı 44 min nəfər olacaq. “The Associated Press” agentliyinin əldə etdiyi məlumata görə, Amerika Avropaya 20 min nəfərlik ordu yollayacaq.

Genişmiqyaslı manevrlərin gedişində Avropanın 10 aeroportu 96 saat ərzində 480 tank və zirehli transportyoru, həmçinin də 2000 ədəd müxtəlif təyinatlı avtomobil texnikasının daşınmasını həyata keçirəcək. Pentaqon bildirir ki, bu, son 25 ilin ən iri hərbi təlimi olacaq. ”Avropanın müdafiəçisi 2020” (”Defender Europe 2020”) aprel-may aylarında keçiriləcək. Əlbəttə, burada məqsəd alyansın potensial düşmənə qarşı döyüş hazırlığının möhkəmləndirilməsidir. Göründüyü kimi, deyəsən hadisələrin gedişi Makronun sözlərinin tərsi istiqamətində gedəcək. Belə ki, son 25 ildə alyansın bu cür iri miqyaslı təlimləri olmayıb. Bunun NATO-ya yeni nəfəs gətirəcəyinə şübhə yoxdur.

Məlumdur ki, öz geostrateji mövqeyinə görə Almaniya Avropa tarixində həmişə mərkəzi mövqedə dayanıb. Çünki Şərqi Avropa ilə Qərbi Avropa arasındakı bütün əlaqələrin əsas kommunikativ bazası Fransa yox, Almaniyadır. Ona görə də “Avropanın müdafiəçisi -2020” təlimlərində Almaniyanın tutduğu yer əvəzedilməzdir. Yəni, nə vaxta qədər ki, Almaniya Amerika ilə birlikdə hərəkət edərsə, onda Amerika şərq istiqamtinə doğru rahat hərəkət edəcək.

Sözügedən mövzuyla bağlı Almaniyanın “Junge Welt” qəzetində gedən “Şərqə doğru marş” başlıqlı məqalə diqqət çəkicidir. Həmi məqalədə deyilir: “Rəsmi bəyanatlara əsasən, söhbət, ABŞ başda olmaqla, NATO hərbi blokunun Avropadakı təlimlərindən gedir, ancaq faktiki olaraq bu təlim Rusiya ilə mümkün müharibə zamanı NATO-nun necə hücuma keçəcəyinin repetisiyasıdır. Nəzərdə tutulan ssenariyə görə ABŞ qoşunları Atlantik okeanını keçib Qərbi Avropaya və oradan isə Polşaya və Pribaltika ölkələrinə yollanacaqlar. Yəni onlar maksimal şəkildə Rusiya sərhədlərinə yaxınlaşacaqlar. Orada hərbi təlimlər keçiriləcək.

ABŞ “Avropanın müdafəçisi-2020” təlimlərində özünün bütün təchizat zəncirini Şərqi Avropa istiqamətində istifadə edəcək. İlk əvvəl Amerikadan gəmiylə Avropaya 20 min əsgər gələcək. Sonra onlar Qərbi Avropada tikilmiş dörd xüsusi anbardan döyüş sursatları götürəcəklər. Bu anbarlardan biri Niderlandda (Eyqelsxoven), biri Belçikada (Zutendaal)-da, ikisi isə Almaniyada (Dyulmen və Mizau) yerləşir. Bu anbarlarda tanklar, haubitsalar və zirehli transportyorlar saxlanılır. Umumiyyətlə, burada söhbət 13 000 silah predmentindən gedir. Avropada dislokasiya olunmuş 9000 Amerikan əsgəri ilə birlikdə ABŞ milli qvardiyasının 7000 hərbçisi və əlavə 750 nəfərlik ehtiyat qüvvə Rusiyanın qərb sərhədləri yaxınlığında manevr edəcəklər.

Məsələn, Polşada Amerika qoşunları Polşa hərbi birləşmələriylə birlikdə çay üzərindən keçməyi məşq edəcəklər. Əlavə olaraq, Pribaltika ölkələrində “Qılınc zərbəsi” təlimləri keçiriləcək. Həmin təlimlər hər iki ildən bir keçirilir. “Avropanın müdafiəsi-2020” təlimlərində iştirak etmək üçün bundesverə 1750 hərbçi cəlb olunacaq. Almaniya silahlı qüvvələri əsas etibarıyla Amerikan ordusunun şərqə doğru irəliləməsinə yardım göstərir. Məsələn, marşrutun planlaşdırılması, ordunun təhlükəsiz hərəkətinin təmin olunması, nəqliyyat vasitələrinin yanacaqla doldurulması, müvəqqəti yaşayış və ərzaqla təchiz edilmə, həmçinin IT infrastrukturunun qurulması işləri görülür.

Texniki məsələlərdən başqa digər aspektlər də yer alır. Amerika silahlı qüvvələrinin şərqə doğru istiqamətlənməsini nəzərə alasaq, Almaniya Avropanın mərkəzində geostrateji mövqeyi ilə hərbi təlimlərin təchizat mərkəzinə çevriləcək.

Almaniya bundesveri bildirir: “Nəqliyyat kalonu alman avtobanları ilə gecə hərəkət edirlər, uzun yük qatarları Almaniya dəmir yol stansiyalarının yanından şərqə doğru yürüyür, tanklar Rur vilayətindən çay gəmiləri ilə daşınır”.

Hazırda Almaniya silahlı qüvvələri Litvadakı çoxmillətli batalyona rəhbərlik edir. Bundan başqa Almaniya hərbi dəniz gücləri Baltik dənizindəki müharibə hazırlığında mühüm rol oynayırlar. Builki kimi 2023-cü ildə də bundesver NATO-nun “Yüksək hazırlıq üzrə birləşmiş operativ qrupu”na rəhbərlik edəcək.

Bəli, 25 ildir ki, Amerika Avropaya böyük qoşun birləşmələri yollamayıb. Həm də əgər diqqət etsək, həqiqətən də soyuq müharibədən sonrakı dövr ərzində ABŞ və Rusiya arasındakı münasibət bu cür gərgin olmayıb. Krımın ilhaqından sonra Rusiyanın sanki əl-qolu açılıb və o, Yaxın Şərqdəki, Afrikadakı münaqişələrə hərbi müdaxilələr edir. Düzdür, Afrikada özəl hərbi dəstələr adıyla döyüşsələr də, lakin bəllidir ki, bu iş Rusiya siyasi mərkəzinin istəyi olmadan baş tuta bilməz.

İndi ola bilər ki, Amerika Rusiyaya bildirmək istəyir ki, əgər sən soyuq müharibənin yenidən “zühr” etməsini istəyirsənsə, mən hazıram. ”Avropanın müdafiəçısi – 2020” hərbi manevrlərinin bir qısmi birbaşa Rusiya sərhədləri yaxınlığında keçiriləcək. Bəlkə də, bu təlimlər hələ başlanğıcdır. Bəs, Rusiya nəylə cavab verəcək. Rusiyanın iki adekvat cavabı ola bilər:

Birincisi – Pribaltikaya müdaxilə.

İkincisi – Pribaltika yaxınlığında 100 minlik qoşun birləşməsiylə manevrlərə başlamaq.

Birinci variant Rusiyanın NATO-yla birbaşa müharibəyə girişməsi deməkdir. Bu, inandırıcı deyil. Moskva belə riskə getməz. İkinci variant mümkündür. Ancaq əgər gələcəkdə NATO-nun hərbi təlimləri silsiə xarakteri alarsa, onda Rusiya müdafiə büdcəsini xeyli artırmalıdır.

Deməli, SSRİ-nin gedişləri təkrar olunmalıdır? Hansı resurslarla? Sovet İttifaqı vaxtilə təkcə Şərqi Almaniyada (Almaniya Demokratik Respublikası) 500 minlik qoşun saxlayırdı və daima hərbi manevrlər aparırdı. Ancaq indi artıq hətta ”Varşava müqaviləsi”nə daxil olan ölkələr də NATO-nun üzvüdür.

Beləliklə, Avropadakı geosiyasi vəziyyət mürəkkəbləşməyə doğru gedir”.

AzPolitika.info

Sozcu.az

Facebook Comments