Aqil Səmədbəyli İlham Əliyevə açıq məktubla müraciət etdi – MƏTN

Azərbaycanın tanınmış aydınlarından olan Bütöv Azərbaycan Birliyinin (BAB) Rəyasət Heyyətinin sədri, Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.

Sozcu.az həmin müraciəti olduğu kimi təqdim edir

Cənab prezident!

Syasətdə ölkəni idarə edən şəxs, Dövləti və Dövlətçiliyi təmsil edən ən ali görəvi üstlənmiş biri olaraq, davamçılığı qorumalıdır. Düşünürəm ki, bu səbəbdən Azərbaycan adlı ölkəni vaxtı ilə idarə etmiş şəxslərin qarasına qərəzli şəkildə danışmaq, doğru deyil (burda atanızı da nəzərdə tuturam). Ümid edirəm, siz də bunu anlayırsınız. Hər halda sizdən sonra gələnin qərəzli və haqsız olaraq şəxsinizi qaralaması siyasi əxlaqla uzlaşmayacaq haldır. Qısacası Azərbaycan adına heç də az iş görməmiş ELÇİBEY haqda dedikləriniz təəssüf doğurur. Təhlil və tənqid hər kəs üçün keçərlidir lakin qərəzli şəkildə qaralamaq, doğru deyil…

Məlum olduğu kimi Milli Məclisdə çoxluq təşkil edən Yeni Azəbaycan Partiyası, parlamentin buraxılması təşəbbüsü ilə çıxış edərək, sizə müraciət etdi. Siz isə Azərbaycan Respublikası Milli Məclisinin 5-ci çağırış deputatlarını səlahiyyət müddətləri başa çatmadan buraxdınız. (Bunun hüquqi tərəfləri ilə bağlı dəyərli hüquqşünas Ələsgər Məmmədli ətraflı yazdığı üçün toxunmuram).

Əvvəla onu qeyd edim ki, ölkədə cərəyan edən hadisələrin gedişatına baxarkən, 5-ci çağırış deputatların buraxılmasını labüd edirdi. Ona görə ki, bir əlin barmağı qədər millət vəkillərini çıxmaq şərtilə, orda olan deputatların hamısı, parlamentin nüfuzunu ləkələməklə məşğul idilər. Əgər bir parlamentin üzvü öz mandatını girov qoyub, seçicinin problemləri ilə deyil, ev tikməklə, bizneslə məşğul olursa, bir başqası müəllimlərin işdən sonra daş atıb pul qazanmasını, digər bir başqası, xarici ölkələrdə pul qazanıb ailələrini dolandıranlara “otxod” deyirsə, (hansı ki, məhz həmin deputatların yarıtmaz “fəaliyyəti” nəticəsində Azərbaycan insanları qürbətçilik həyatı yaşayırlar) Ayrı bir yaramaz isə, Azərbaycan ərazisində yaşayan 90 faizdən yuxarı türkə, “siz türk deyilsiniz, azərbaycanlısınız”, deməklə onları milli kimliklərindən uzaqlaşdırmaq üçün ucuz təbliğat aparırsa, biri də çıxıb Milli Dəyərimiz olan Şəxsiyyətlərə dil uzadırsa bu o deməkdir ki keçmiş parlamentdə həm də xarici dövlətlərin casusları da olub.. Belə olan təqdirdə parlamentin vaxtından əvvəl buraxılıb, yenidən formalaşması hüquqi prosedur baxımından qüsurlu olsa da lazımlı idi.

Prezident İlham Əliyev!

Seçki, məcəlləsindəki, problemlərə gəlincə belə bir deyim var: “ən pis qanunlarla, dövləti ən gözəl formada idarə etmək olar”. Sadəcə, qanunlar işləsin. Bu baxımdan demək olar ki, Azərbaycanda digər sahələrdə və qurumlarda olduğu kimi, seçki məcəlləsindəki qanunlar da işləmir. Əgər məcəllədəki qanunların başında duran icraçılar işləsəydi, prezident aparatının təyinatı ilə yox, xalqın istəyilə parlament formalaşsaydı, biz bu gün başqa mövzudan danışardıq. Bu da, o deməkdir ki, bu gün Azərbaycanda ilk növbədə seçki məcəlləsinin özündən çox, seçkini keçirənlərin düşüncələrində, yanaşmasında dəyişiklik edilməlidir. Ondan sonra isə, məcəllədə olan müəyyən boşluqları aradan qaldırmaq lazımdır.

Şəxsən mən 2000, 2005 və 2010’cu illərdə üç dəfə 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd kimi proseslərin birbaşa içində olmuş və saxtakarlığın şahidi olmuşam.

Ölkədə demokratik, seçki ab-havası yaradılmalı, siyasi yarışmada paritet əsaslar təmin edilməli və qorunmalı, seçki komisiyaları iqtidar-müxalifet tereflerinden birlik içinde qurulmalı, vətəndaşın seçim hüququ əlindən oğurlanmamalı, bir sözlə seçki marafonu üçün normal mühit ortaya qoyulmalıdır. Bunların olması üçün isə şübhəsiz ki, siyasi iradə ortaya qoyulmalıdır ki, işlək mexanizm yaransın.

Hazırkı prosesdə nə etməliyik?

Sağçı, solçu və ya mərkəzçi, müxalifət və ya iqtidar olmasından asılı olmayaraq hesab edirəm ki, istənilən siyasi partiya öz dövlətinin və milli təhlükəsizliyinin keşiyində durmağı bacarmalı və bu prinsipi qarşısına məqsəd qoymalıdır. İstənilən bir partiya yalnız siyasət xatirinə və ya sadəcə hakimiyyət hırsı ilə siyasət yürütməməlidir. Siyasətçi, iqtidar və ya müxalifət olmasından asılı olmayaraq xalqa qucaq açmağı bacarmalı, xidmət anlayışına hakim kəsilməlidir. Rəqiblərinə düşmənçilik gözü ilə baxıb, kin-küdurət qusmamalıdır. Belə olacağı təqdirdə zərər çəkən yenə də xalq olacaq, millət olacaq, Dövlət olacaq.

Demokratik cəmiyyətlərdə siyasi partiyalar cəmiyyətin əsas hərəkətverici qüvvəsi hesab edilir. Bu baxımdan, siyasi partiyalar məqsəd və məzmuna uyğun olaraq cəmiyyətin inkişafı trayektoriyasını müəyyən etməli, ictimai rəylə hesablaşmalıdır.

Azərbaycanda isə siyasi atmosfer elə hala gətirilib ki, iqtidar müxalifətə, müxalifət də iqtidara rəqib deyil, düşmən gözündə baxır. Bu yanaşmanın özü çox təhlükəli tendensiyalara yol açır və ya açıb. Siyasi plüralizm, tənqidə dözümsüzlük və siyasi rəqabət sıradan çıxıb. Normal təkliflər və proqramlarala çıxış etmək əvəzinə təəssüf ki, İqtidar müxalifəti, müxalifət də iqtidarı söyməklə məşğul olur. Ölkədə siyasi müzakirələr üçün normal mühit aradan qaldırılıb.

TV-lar alternativ fikrin üzüne bağlanıb.

Təbii ki, bunun da əsas məsuliyyəti iqtidarın üzərinə düşür. Çünki, iqtidar partiyası, siyasi partiyalar haqqında qanunların əksinə olaraq müxalifətin bütün resurslarını, hətta, qərərgahlarını belə əlindən alıb qeyri-bərabər şərait yaradıb. Ölkənin ən önəmli bayram və ya anım günlərində müxalifət nəinki yada düşmür, əksinə onların həmin tədbirə qatılması üçün əngəllər yaradılır. Bu da iqtidar-müxalifət legitimliyini yox edir. Və beləcə bir birinə itaətsizliyin meydana gəlmə imkanları artır.

2005-ci ildən sonra ölkədəki seçki siyasəti, faktiki olaraq kliniki ölüm vəziyyətində çabalayır. Xalqın böyük kəsiminin seçkiyə inamı tamamilə məhv olub. Nə iqtidardan, nə də müxalifətdən gözlədiyini ala bilməyən xalq ümidini möcüzəyə bağlayıb. Diqqət edin ölkədə baş verən, hətta, istənilən kosmetik dəyişiklik xalqda ümidi, gələcəyə inamı artırır.
Eyni zamanda, bu gün boykot variantını seçən təşkilatları da anlamaq mümkündür. Ona görə ki, zamanında qatıldıqları bütün seçkilərin sonucu, mövcud iqtidar tərəfindən qəsb edilib, səslər oğurlanıb. Müxalifət oğurlanan səslərin müdafiəsinə qalxmaq cəhdi etsə də, bu səsləri qoruya bilməyib. Əksinə basıqlarla üzləşib, siyasi nəfəslikləri biraz da daraldılıb.

Azərbaycanın beynəlxalq siyasəti

Əvvəla ondan başlayaq ki, Azərbaycan xalqının qəlbində Dağlıq Qarabağ adlı yarası var. Və bu yara sözdə atəşkəs dediyimiz ötən 25 il ərzində az da olsun sağalmayıbsa demək, xarici siyasətdə hər hansısa uğurdan, çeviklikdən, dinamiklikdən danışmaq mənasızdır.
Doğrudur, müstəqilliyimizdən sonra, Azərbaycan bir sıra dövlətlərlə ikili münasibətləri qurmaqla yanaşı həm də beynəlxalq təşkilatlara- BMT, ATƏT, AŞPA, İƏT kimi qurumlara üzv olub. Dünyanın təhlükəsizlik çətiri sayılan NATO kimi qurumla anti-terror koalisiyası tərkibində müəyyən töhvələrini də verib. Hətta, Azərbaycan bəzi regional və transmilli layihələrin təşəbbüskarı qismində çıxış da edib. Lakin, belə bir durumda sənin milli maraqların dövlətlər və əməkdaşıq etdiyin qurumlar tərəfindən dəstəklənmirsə, bu o deməkdir ki, Azərbaycan benəlxalq münasibətlər sistemində ciddi yalnışlıqlara yol verib və problemlər yaşamaqdadır.

Beynəlxalq siyasət, milli mənafelərin qorunması ilə bərabər, həm də dövlətçiliyimizin dayaqlarını müntəzəm şəkildə möhkəmləndirmək deməkdir. İlk növbədə beynəlxalq hüquq və prinsiplər çərçivəsində, o cümlədən BMT- TŞ qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edilməli idi. Ancaq əfsuslar olsun ki, Azərbaycan nəinki, ərazi bütövlüyünü təmin edə bilib, heç bu istiqamətdə qardaş Türkiyə istisna olmaqla işğalçı Ermənistana “gözün üstə qaşın var” deyən tərəfdaşlara da rast gəlməyib.
Məsələyə digər diaspora və ya lobbiçilik prizmasından baxarkən, ölkəmiz adına uğurlu addımların atıldığını söyləyə bilmərik. Həm lobbiçilik, həm də diapora istiqamətində ciddi boşluqların olduğunu müşahidə edirik. Əgər, bir diaspora sədri qızını düşmən olan erməniyə ərə verirsə, bir digəri ermənilərlə biznes və digər layihələrdə ortaq hərəkət edirsə, bu o deməkdir ki, sözügedən fəaliyyət istiqamətimiz bərbad gündədir. Belə olduğu halda siz deyin hansı uğurdan danışmaq olar?

Əlbəttə, burda da bütün yalnışlıqların başında Azərbaycan iqtidarının yürütdüyü siyasət durur. Əgər Xarici İşlər Nazirliyi kimi mühim bir inistitunun başında, doğru-dürüst öz ana dilində danışa bilməyən Elmar Məmmədyarov kimi biri durursa, xarici siyasətdə milli və dövlətçilik maraqlarımızın necə qorunduğunu söyləmək çox da çətin deyil.
İqtisadiyat, Sağlıq ve Tehsil ayrıca mövzudur…

Hörmətlə: Aqil Səmədbəyli

Facebook Comments