Bakıda usta iş yerində qəfil öldü

Bakıda usta iş yerində ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 2-si paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində baş verib. Orada usta işləyən 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov avtomobil təmir edərkən halı qəfil pisləşib. O. hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, M.Qasımov ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırmalar aparılır.

ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili

ABŞ qüvvələri Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı böyük bir hücumu uğurla həyata keçirib. Maduro həyat yoldaşı ilə birlikdə tutularaq ölkədən çıxarılıb. Əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib. Təfərrüat daha sonra açıqlanacaq. Diqqətinizə görə təşəkkür edirik!", - Tramp bildirib.

Tramp Venesuelaya zərbələr endirmək barədə əmr verib

Tramp Venesuela daxilindəki hədəflərə zərbələr endirməyi əmr etdi. Sozcu.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, əmr hərbi obyektlərə zərbələr endirməyi də əhatə edir.

KİV: Venesuelanın müdafiə naziri öldürülüb

Venesuela müdafiə naziri Vladimir Padrino Lopes öldürülüb. Sozcu.az xəbər verir ki. bu barədə yerli media məlumat yayıb.  Nazirin Karakasdakı evinə ABŞ aviasiyasının zərbələr endirdiyi bildirilir. *** 11:13 Venesuela müdafiə naziri Vladimir Padrino Lopesin Karakasdakı evinə zərbələr endirilib. Sozcu.az xəbər verir ki, zərbələrin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən endirildiyi güman olunur. Hadisə zamanı nazirin evdə olub-olmadığı məlum deyil.

ABŞ Venesuelanı vurdu: partlayışlar...

10:45 ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Sozcu.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır. Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib. Xarici KİV şəhərdə atışma səslərinin eşidildiyini yazır. ABŞ-ın Karakasda desant əməliyyatı həyata keçirdiyi bildirilir. *** Venesuelada atəş səsləri eşidilməkdə davam edir. Yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə də zərbə endirib. Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.

Maduro Venesuelada fövqəladə vəziyyət elan etdi

Venesuelaya hücumdan sonra Prezident Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bundan başqa, Maduronun səfərbərlik elan etdiyi də bildirilib.

Gözünü və böyrəyini itirən qazi vəfat etdi

2016-cı ilin aprelində Ermənistanın təxribatı nəticəsində meydana gələn döyüşlərdə ağır yaralanan hərbi qulluqçu Rüstəm Cəmil oğlu Bayramov Gəncə şəhərində vəfat edib. Sozcu.az Gəncəxəbər.az-a istinadla xəbər verir ki, qazi Gəncənin Sevinc qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüstəm MAXE kimi çavuş rütbəsində xidmət edib. O, 2016-cı ildə Aprel döyüşləri zamanı ağır yaralanaraq bir gözünü və böyrəyini itirmişdi.

Bu rayonda qarın hündürlüyü 29 sm-ə çatdı – Faktiki hava

Gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağıb, Şərurda qarın hündürlüyü 29 santimetrə (sm) çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 1-i saat 11:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, qarın hündürlüyü Şərurda (Biçənək) 29, Qaxda (Sarıbaş) 17, Qusarda 12, Gədəbəydə 7, Şahbuzda 6, Sədərəkdə 5, Xınalıq, Qrızda 4, Şəki, Xaltan, Şahdağ, Culfada 1 sm-dir. Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Mingəçevirdə 26, Bakıda və Abşeron yarımadasında 24, Şahdağda 20 m/s-dək güclənib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1408-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 208 970 hərbçi, 11 488 ədəd tank, 23 849 ədəd zirehli döyüş maşını, 35 678 ədəd artilleriya sistemi, 1 587 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 264 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 72 418 ədəd avtomobil texnikası, 98 453 ədəd PUA, 4 136 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 035 xüsusi avadanlıq itirib.

Putinin iqamətgahına hücum - Amerika kəşfiyyatı açıqladı

Amerika kəşfiyyat orqanları, xüsusən də ABŞ milli təhlükəsizlik rəsmiləri Kiyevin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücumu faktını təsdiqləmir. Sozcu.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Qeyd edək ki, Rusiya Ukraynanın dekabrın 29-na keçən gecə Prezident Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 ədəd PUA ilə hücum etdiyini bildirib. Ukrayna bu iddiaları rədd edib.

İsveçrədə kurortda güclü yanğın: ölənlər var

İsveçrənin Kran-Montana kurortunda "Le Constellation" barında Yeni il şənlikləri zamanı güclü yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Ölən və yaralananların dəqiq sayı barədə məlumat verilməyib.

Amsterdamda Yeni il gecəsi tarixi kilsə yandı

Niderlandın paytaxtı Amsterdam şəhərindəki Vondelkerk kilsəsi Yeni il gecəsi yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. Məlumata görə, yanğın zamanı ətrafdakı evlərin sakinləri təxliyə olunub. Güclü külək alovun şiddətlənməsinə səbəb olub və kilsə tamamilə yanıb. Yanğının baş vermə səbəbi açıqlanmayıb. Qeyd edək ki, Vondelkerk kilsəsi 1872-ci ildə inşa olunub.

Türkiyəli qadından şok iddia: "Tramp mənim atamdır"

Ankarada yaşayan Necla Özmen adlı qadın ABŞ Prezidenti Donald Trampın onun bioloji atası olduğunu iddia edib. O, 27-ci Ailə Məhkəməsində atalığın müəyyənləşdirilməsi ilə bağlı iddia qaldırıb. Özmen DNA testi götürülməsini tələb edib. Sozcu.az xəbər verir ki, iddia ərizəsində 1970-ci il təvəllüdlü olduğunu, rəsmi sənədlərdə Satı və Dursun Özmenin övladı kimi qeyd edildiyini bildirən Necla Özmen, onu böyüdən Satı Özmenin 2017-ci ildə əsl həqiqəti  danışdığını qeyd edib. Onun sözlərinə görə, Satı Özmen xəstəxanada ölü uşaq dünyaya gətirib, eyni vaxtda doğuş edən və Trampdan hamilə qaldığını deyən Sofiya adlı qadının körpəsi isə ona verilib. Məhkəmə 10 oktyabr tarixli qərarı ilə iddianı rədd edib. Qərarda qeyd olunub ki, ərizədə Trampın ata olması ilə bağlı heç bir konkret sübut təqdim edilməyib və bu, prosessual deyil, mahiyyətə aid çatışmazlıqdır. Bu səbəbdən iş üzrə araşdırma aparılmasının mümkün olmadığı bildirilib. Qərardan narazı qalan Necla Özmen işi apellyasiya instansiyasına daşıdığını, eyni zamanda ABŞ səfirliyinə və ABŞ məhkəmələrinə müraciət etdiyini bildirib. Qadın Trampın onun atası olub-olmadığını öyrənmək istədiyini və DNA testi ilə bunun sübut edilə biləcəyini deyib.

Fələstində dəhşətli fəlakət: 72 min insan həlak olub

Fələstin Mərkəzi Statistika Bürosu işğal altında olan İordan çayının qərb sahili və Qəzza zolağında mövcud vəziyyətlə bağlı 2025-ci il üzrə hesabat açıqlayıb. Sozcu.az-ın məlumatına görə, hesabatda bildirilir ki, Fələstin əraziləri son onilliklərin ən ağır humanitar və demoqrafik böhranla üz-üzədir: "2023-cü ilin oktyabrından bu yana İsrail ordusu və israilli məskunlaşanların hücumları nəticəsində Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdə 72 mindən çox fələstinli həyatını itirib. Ölənlərin 98 faizi Qəzza zolağında qeydə alınıb. Qəzzada iki ildən artıqdır davam edən hücumlar soyqırımı xarakteri daşıyır. Qəzzada həlak olanların 18 min 592-si uşaq, 12 min 400-ü qadındır. Hücumlar nəticəsində 171 mindən çox insan yaralanıb, təxminən 11 min nəfər isə itkin düşüb və onların əksəriyyətinin dağıntılar altında qaldığı ehtimal edilir. İsrailin hücumları səbəbindən 100 mindən çox fələstinli Qəzza zolağını tərk etmək məcburiyyətində qalıb. Kütləvi ölümlər və məcburi köç nəticəsində Qəzza əhalisi 10,6 faiz azalıb. İşğal altındakı İordan çayının Qərb sahili və Şərqi Qüdsdə isə hücumlar nəticəsində 1102 fələstinli həlak olub, 9 min 34 nəfər yaralanıb". Hesabatda Qəzzada səhiyyə sisteminin faktiki olaraq çökməsi xüsusi vurğulanır. Belə ki, 36 xəstəxanadan yalnız 19-u məhdud imkanlarla fəaliyyət göstərir, ümumi yataq sayı isə cəmi 2 minə yaxındır. Bu, 2 milyodan çox əhalinin minimum tibbi ehtiyaclarını belə qarşılamır. Bölgədə 60 minə yaxın hamilə qadın ciddi sağlamlıq riskləri ilə üzləşib. Eyni zamanda Qəzzada təmiz içməli suya çıxış kəskin şəkildə məhdudlaşıb. Əhalinin 95 faizi təhlükəsiz içməli su ilə təmin olunmur. Təhsil sektoru da ağır zərər görüb. Hesabata əsasən, İsrail hücumları nəticəsində 179 məktəb tamamilə dağıdılıb, 218 məktəb zədələnib, 63 universitetin isə hamısı məhv edilib. Hücumlar zamanı 18 min 979 şagird və tələbə, onların 18 min 863-ü Qəzzada olmaqla, həyatını itirib. Hesabat Fələstin ərazilərindəki vəziyyətin humanitar fəlakət həddini çoxdan aşdığını və beynəlxalq ictimaiyyətin təcili müdaxiləsinə ehtiyac olduğunu ortaya qoyur.

AB Rusiyaya qarşı 20-ci sanksiyalar paketini hazırlayır

Avropa Birliyinə üzv ölkələr Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulunu planlaşdırır. Yeni paketdə fərdi və sektorlar üzrə məhdudiyyətlərin genişləndirilməsi nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu barədə “Velt” qəzeti Avropa diplomatlarına istinadən məlumat yayıb. Bildirilib ki, planlara AB ərazisində müəyyən şəxslər və təşkilatlar üçün səfər qadağaları və aktivlərin dondurulması daxildir. Xüsusi diqqət Ukraynalı uşaqların qaçırılmasına görə məsuliyyət daşıyanlara yönəlib. Bundan başqa, enerji və bank sektorlarında əlavə sanksiyaların tətbiqi, eləcə də mövcud məhdudiyyətlərdən yayınmağa imkan verən boşluqların aradan qaldırılması planlaşdırılır. AB eyni zamanda Rusiyadan uran idxalının qadağan edilməsini və bununla “Rosatom”a sanksiya tətbiqini də müzakirə edir. Bu təşəbbüsü bir sıra üzv dövlətlər dəstəkləsə də, Fransa və Belçika buna qarşı çıxır. Diplomatik mənbələrin məlumatına görə, sözügedən ölkələr atom elektrik stansiyalarının fəaliyyəti üçün lazım olan uranı Cənubi Afrika, Avstraliya və ya Kanadadan ala bilərlər, lakin bu, daha baha başa gələ bilər. Qeyd edək ki, AB-nin sonuncu sanksiyalar paketi oktyabrın 23-də qəbul edilib.

Göyçayda ağır qəza: 5 yaralı

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Bakıda 64 yaşlı qadın faciəvi şəkildə öldü

Bakıda 64 yaşlı qadın dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində qeydə alınıb. Belə ki, 1961-ci il təvəllüdlü Təranə Hümbət qızı Nağıyeva fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Lerikdə mikroavtobus dərəyə aşdı: yaralılar var

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, qəza səhər saatlarında qeydə alınıb. Lerik istiqamətində hərəkətdə olan “Mersedes Vito” markalı mikroavtobus idarəetməni itirərək dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisədə xəsarət almış 6 nəfər kişi cinsli şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər. Faktla bağlı araşdırma aparılır.

Trampa etimad kəskin aşağı düşüb - SORĞU

ABŞ vətəndaşlarının yarıdan çoxu prezident Donald Trampın ikinci müddətinin ilk ili üzrə fəaliyyətinin nəticələrini bəyənmir. Sozcu.az xəbər verir ki, bu barədə "Economist" jurnalı və "YouGov" şirkətinin apardığı araşdırmada bildirilir. Sorğuda iştirak edənlərin 39 faizi Trampın fəaliyyətini dəstəklədiyini, 56 faizi isə onu bəyənmədiyini qeyd edib. Demokrat Partiyasının tərəfdarları arasında nisbət 4 faiz dəstək – 95 faiz narazılıq, Respublikaçılar arasında isə 88 faiz dəstək – 10 faiz narazılıq təşkil edir. Özünü heç bir partiyaya aid etməyən seçicilər arasında isə prezidentin fəaliyyətini 27 faiz bəyənir, 63 faiz isə onun kursu ilə razılaşmır. Trampın siyasətinə ən aşağı dəstək 18–29 yaş qrupunda qeydə alınıb: bu kateqoriyada cəmi 29 faiz onu dəstəkləyir, 66 faiz isə narazıdır. ABŞ-ın hazırkı prezidenti ən yüksək dəstəyi 65 yaşdan yuxarı şəxslər arasında alır – burada təsdiq səviyyəsi 45 faizdir. Lakin bu yaş qrupunda belə narazılıq göstəricisi daha yüksəkdir – 54 faiz. Araşdırma 26–29 dekabr tarixlərində ABŞ-ın yetkin vətəndaşları arasında aparılıb. Sorğunun statistik səhv payı açıqlanmayıb. Amerika KİV-ləri və sosioloqların apardığı digər sorğular da Trampın reytinqinin azaldığını göstərir. "Economist" və "YouGov" onu son dövrlərin ABŞ prezidentləri arasında ən ciddi reytinq itkilərinə məruz qalan dövlət başçısı kimi qiymətləndirir. NORC tədqiqat mərkəzi və "Associated Press" agentliyi öz sorğularına əsaslanaraq, Amerika liderinin iqtisadi siyasətinə dəstəyin zəiflədiyini bildiriblər. "Politico" nəşrinin "Public First" şirkəti ilə birgə apardığı araşdırmaya görə isə ABŞ sakinlərinin təxminən yarısı gündəlik xərcləri – ərzaq, dərman və kommunal ödənişləri qarşılamaqda çətinlik çəkir. Donald Tramp isə öz növbəsində sosioloqları ABŞ iqtisadiyyatının real vəziyyəti barədə yalan məlumat yaymaqda ittiham edir.

Bakıda güclü külək neçə gün davam edəcək? - Rəsmi

Milli Hidrometeorologiya Xidməti dekabrın 31-i, yanvarın 1-2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, xəbərdarlıqda qeyd olunur: "Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Kürdəmir, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərdab, Ağcabədi, Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək".

Bakıda güclü külək: 8 ağac aşdı, daha 12-si isə...

Bakıda güclü külək nəticəsində 8 ağac aşıb, daha 12-si zədələnib. Sozcu.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşma Təsərrüfatı Birliyindən məlumat verilib. Məlumata görə, gecə saatlarından bu vaxta qədər paytaxt ərazisində 8 ağac aşıb, daha 12 ağacın budaqları zədələnib. Hazırda ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.

Rusiyanın neft emalı zavodu vuruldu

Ukrayna PUA-ları Rusiyanın Krasnodar diyarındakı Tuapse şəhərinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə “Astra” məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində limanda və yerli neft emalı zavodunda partlayış səsləri eşidilib, yanğın baş verib.

Sürücülərə çağırış: Yollarda ehtiyatlı olun!

Bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş formada xidmət aparır. Hazırda güclü küləklə əlaqədar yollarda yarana biləcək çətinliklərin qarşısının alınması məqsədilə, respublika əhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sürücüləri ilə izahedici söhbətlər aparılır, qəza ehtimalı yüksək olan təhlükəli yol sahələrinə fasiləsiz nəzarət həyata keçirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a bildirilib ki, küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır. Küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi - aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə, yükdaşıma, eləcə də ikitəkərli nəqliyyat vasitələri ilə sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək, küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir. “Bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bütün hərəkət iştirakçılarını intizama dəvət edir, onlara təhlükəsiz yol arzulayırıq!”, - deyə müraciətdə qeyd olunub.

FHN hava ilə əlaqədar əhaliyə müraciət etdi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi, əsasən dağlıq rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlar şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur. Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!