ABŞ-İran danışıqları ləğv olunur? - AÇIQLAMA

İran-ABŞ danışıqları sabah Omanda keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi X-də yazıb. O, Oman tərəfinə bütün zəruri tədbirləri təşkil etdiyi üçün təşəkkür edib. Xatırladaq ki, ötən gün Qərb mediası amerikalıların görüş yerini Türkiyədən Omana köçürməkdən imtina etməsi səbəbindən danışıqların baş tutmayağını bildirdiyini yazmışdı.

Güclü külək Bakıda 78 ağacı sındırdı

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağacın sınması, 40 ağacın budaqlarının qırılması qeydə alınıb. Bu barədə Sozcu.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bu günlərdə gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb və ərazi təmizlənib.

Bakıda qar, çovğun… - Hava ilə bağlı XƏBƏRDARLIQ

Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Ana və 3 övladı dəm qazından zəhərləndi

Mingəçevirdə ana və 3 övladı yaşadıqları evdə dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, zərərçəkmiş 2010-cu il təvəllüdlü D.Yusifli, 2014-cü il təvəllüdlü N.Yusifli, 2015-ci il təvəllüdlü E.Yusifli və 1988-ci il təvəllüdlü N.Yusifova xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1443-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 243 840 hərbçi, 11 642 ədəd tank, 23 996 ədəd zirehli döyüş maşını, 36 975 ədəd artilleriya sistemi, 1 636 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 293 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 77 149 ədəd avtomobil texnikası, 125 094 ədəd PUA, 4 245 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 062 xüsusi avadanlıq itirib.

Biz sülh şəraitində yaşamağı öyrənirik - İlham Əliyev

Biz (Ermənistan və Azərbaycan – red.) 30 ildən artıq müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasimində deyib. Dövlətimizin başçısı qeyd edib: “Mən bunu əvvəl də söyləmişəm. Bu, xüsusi bir hissdir.”

Yağıntılı və küləkli hava şəraiti davam edir

Fevralın 4-ü saat 18:00-a olan faktiki hava açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Belə ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 metrə çatır. Dənizdə dalğanın hündürlüyü 5,5 metrdir.

Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır"

“Zayed İnsan Qardaşlığı Mükafatı” xalqlarımızın əldə etdiyi nailiyyətlərə verilən qiymətdir. Həmçinin bizim iradəmizi, gələcəyə yönələn baxışlarımızı göstərir". Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib. “Biz bundan sonra düşünməliyik ki, dəyişikliklər edə və öz xalqlarımız üçün əmin-aman gələcəyi təmin edə bilərik”, - deyən Ermənistanın Baş naziri diqqətə çatdırıb ki, bu istiqamətdə atılan addımlar etimada əsaslanır. “Sülh hər bir kəsə lazımdır”, - deyə o əlavə edib. (Mənbə:AZƏRTAC)

Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvlərindən biri- Aleksey Vasilçenko barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması qərarından verilən apellyasiya şikayətinı baxılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadlı məlumat verib. O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Qeyd edək ki, Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. 28 oktyabrda Xətai Rayon Məhkəməsinin qərarı ilə onların həbs müddəti 3 ay uzadılmışdı. Bu il yanvarın 27-də Xətai rayon Məhkəməsinin qərarı ilə həbs müddəti daha üç ay uzadılıb. (Mənbə:APA)

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladı

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb, lakin hələ onları tətbiq etməyib. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “ABŞ Ukrayna ilə sülh müqaviləsini rədd edəcəyi təqdirdə Moskvaya təzyiqi artırmaq üçün Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar paketi hazırlayıb. Vaşinqtonun “kölgə donanması”nın bir hissəsi hesab etdiyi və dəniz yolu ilə neft daşımaq üçün istifadə etdiyi gəmiləri hədəf almaq da daxil olmaqla, müxtəlif variantlar nəzərdən keçirilir”, - məlumatda bildirilib.

Qızıl yendən bahalaşdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 3,35% artaraq 5 100,46 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 5,49% artaraq 87,878 ABŞ dolları olub.

İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirilir

Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bu rayonlara qar yağır

Fevralın 4-ü saat 9:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Lerik, Quba və Qaxa (Sarıbaş) qar, əksər bölgələrə isə yağış yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Bərdə və Naftalanda 21, Gəncədə 20, Şəki və Mingəçevirdə 18, Şəmkir və Tərtərdə 16, Culfa və Yevlaxda 15 m/s-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir. Daşkəsən, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Göyçay, Lerik, Astara, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 300 metrədək məhdudlaşır.

ABŞ-İran danışıqları bu ölkədə baş tutacaq

ABŞ administrasiyası İranla danışıqların Omanda keçirilməsinə razılıq verib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı "Axios" portalı yayıb. Danışıqların cümə günü baş tutacağı gözlənilir.

Neft yenidən bahalaşdı

Dünya bazarlarında neft yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neft 67,71 dollara, yüngül neft isə 63,62 dollara təklif edilir.

Meymunçiçəyi həmsərhəd ölkədə - Azərbaycanda yoluxma qeydə alınıb?

Xəbər verdiyimiz kimi, Moskvada meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb. Rusiyada ilk dəfə aşkarlanan xəstə virusa ölkə daxilində yoluxub və hazırda Domodedovo xəstəxanasında izolyasiya olunub. Azərbaycanla Rusiyanın həmsərhəd olduğunu nəzərə alsaq, meymunçiçəyinin ölkəmizdə də yayılma ehtimalı göndəmə gəlir. Pravda.az xəbər verir ki, Day.Az bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu göndərib. Bildirilib ki, 2026-cı il ərzində ölkə ərazisində meymunçiçəyi (mpox) virusuna yoluxma faktı qeydə alınmayıb. Hazırda respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır. Qeyd edilib ki, meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Şübhəli halların vaxtında aşkarlanması üçün ölkəmizdə müvafiq laborator diaqnostika imkanları və klinik protokollar mövcuddur. "Eyni zamanda tibb işçiləri üçün məlumatlandırma tədbirləri aparılır, əhali arasında isə profilaktik tövsiyələr paylaşılır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqla bağlı diqqətli olmaq tövsiyə olunur. Ümumilikdə, hazırda Azərbaycan üçün meymunçiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil."

İsrail İrana hücum edəcək?

İsrail bəyan edib ki, İran ilə ABŞ arasında istənilən razılaşma Tehranın ballistik raket proqramından tam imtinanı nəzərdə tutmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata görə, əgər Tehran bu şərtlə razılaşmasa, İsrail müstəqil şəkildə hərəkət etməyə və zərbələrin endirilməsi üçün İsrail Müdafiə Qüvvələrini cəlb etməyə hazırdır. İsraildə təhlükəsizlik dairələrində ABŞ–İran danışıqlarının başlanması fonunda hərbi toqquşma ehtimalının artdığına dair proqnozlar güclənir. Mənbə mümkün ssenarilər sırasında razılaşmanın əldə olunmasını, danışıqlar olmadan birbaşa qarşıdurmanı, eləcə də danışıqların başlanıb sonradan eskalasiyaya keçməsi variantını qeyd edib. Eyni zamanda İsrailin təhlükəsizlik sistemi hesab edir ki, ABŞ prezidenti Donald Tramp yaxın günlər və ya həftələr ərzində yekun qərar verəcək. Trampın İrana doğru böyük hərbi qüvvələrin irəlilədiyi barədə son bəyanatlarına baxmayaraq, İsrailin müdafiə qurumlarında ABŞ ordusunun artıq regionda kifayət qədər ciddi qüvvə cəmləşdirdiyi düşünülür.

Xameneinin müşaviri Azərbaycanı hədələdi

İranın ali dini liderinin müşaviri Əli Şamxani "Əl-Mayadin"ə geniş müsahibəsində Azərbaycanı təhdid edib. Sozcu.az Axar.az-a istinadla xəbər verir ki, ABŞ-ın İrana hücum ehtimalından danışan Şamxani müxbirin İranın Körfəz və ya Azərbaycan da daxil olmaqla, bölgədəki bütün ABŞ bazalarına zərbə endirib-endirməyəcəyi ilə bağlı suala Şamxani belə cavab verib: “Əvvəlki müharibə zamanı İranın qeyd olunan bəzi ərazilərdən təhdid edildiyini göstərən dəqiq məlumatlara malik idik. Artıq səbirli olmaq lazım deyil. Bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəyimizi bildirdik və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandırmaq niyyətindəyik”. Qeyd edək ki, nəinki ABŞ-ın, heç bir ölkənin Azərbaycanda hərbi bazası yoxdur. Bunu Azərbaycanın qonşusu olan İranın yüksək səviyyəli rəsmisi Əli Şamxani də gözəl bilir. Amma nədənsə həmişə başqa bir xarici dövlətin təcavüzü ilə üzləşəndə İran rəsmiləri Azərbaycanı təhdid etməyi özlərinə borc bilirlər.

"Tərtər işi": Ölən leytenantın ailəsinə 50 min veriləcək

“Tərtər işi”ndə işgəncə nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilən leytenant Təmkin Nizamioğlunun ailəsi 50 min manat mənəvi təzminat alacaq. Sozcu.az-ın Teleqraf-a istinadən məlumatına görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qətnamə qəbul edib. Lakin Təmkinin atası Nizami Quliyev qərardan apellyasiya şikayəti verib. O, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinə görə 509,654 manat, mənəvi zərərə görə isə 10 milyon manat Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Nizami Quliyevin apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, leytenant Təmkin Nizamioğlu Tərtərdə N saylı hərbi hissədə xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub. Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu baş verib. Belə ki, zabit təlimdən çağırılacaq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə edilib. 2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib. Təmkinin nəşi atasının iştirakı olmadan Ordubadın Darkənd kəndində torpağa tapşırılıb. Dəfn prosesində tabutun açılmasına icazə verilməyib, onun ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub. Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib. 2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman, bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Cinayət işinin nəticəsi ilə sonradan müəyyən edilib ki, Təmkin Nizamioğlun günahı olmayıb, o, vətənə xəyanət etməyib.

Ürək xəstəsi hərbi xidmətə cəlb edildi – Açıqlama

Lənkəran rayon sakini Azər Nəsirovun ürəyində problem olduğu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən çağırışa cəlb edilib. Bu barədə Axar.az-a Azər Nəsirov özü məlumat verib. Nəsirovun sözlərinə görə, tez-tez göz qaralması, huşun itməsi, dərman asılılığı (aritmiyaya görə), fiziki yükənməyə dözümsüzlük kimi sağlamlıq problemləri var: “Mənim ürək xəstəsi olduğum Elmi-Tədqiqat Kardiologiya İnsitutundan 3 dəfə təsdiqlənib və sənədlərə əsasən hərbi xidmətdən möhlət verilir. Bu ürək problemi isə sağalmır, getdikcə pisləşir. Düşünün ki, iti addımlarla belə gəzə bilmirəm. Əyləşdiyim, yatdığım yerdə belə huşum gedir. Yanvar ayında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yerləşən hərbi həkim komissiyasına getdim. Məlum oldu ki, ürəyimdəki problem daha da artıb. Tibbi nəticələri götürüb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə yaxınlaşdıq. Xidmətin rəisi bizim nəticələrə baxıb, düzgün olmadığını, yenidən dəqiq şəkildə yoxlatdıracağını bildirərək, Elmi-Tədqiqat Kardiologiya İnsitutuna göndəriş məktubu yazdı. Mən yenidən yoxlanışdan keçdim. Müayinədən iki gün sonra yanvar çağırışına cəlb olunmağım üçün bildiriş gəldi. Biz dərhal Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və SHXÇDX barədə İnzibati Məhkəməyə müraciət etdik. Bir neçə gün sonra Reabilitasiya Agentliyindən qeyd edildi ki, onlar mənim müayinəmlə bağlı belə bir qərar verməyib. Sonra isə SHXÇDX-dən zəng gəldi və deyildi ki, biz səhv etmişik. Nəticədə aydın olur ki, xidmətdən agentliyə məlumat vermədən çağırışa cəlb olunmağımla bağlı bildiriş göndərilib”. Məsələ ilə bağlı SHXÇDX-dən bildirildi ki, fərdi məlumatların konfidensiallığına görə qanunla hər hansı vətəndaşın məlumatlarının ictimaiyyətə açıqlanması qadağandır: “Vətəndaş şikayətinin nəticəsini ancaq özü istəsə, ictimailəşdirə bilər. Şikayətçi xidmətin çağrı mərkəzinə müraciət etsin. Şikayətinə baxılıb, qanun çərçivəsində müvafiq cavab göndəriləcək”.

Qızıl yenidən BAHALAŞIR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 4,35% artaraq 4 854,11 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 8,4% artaraq 83,48 ABŞ dolları olub.

Azərbaycandan olan eks-icra başçısının oğlu Rumıniyada 40 villa aldı

Azərbaycan mənşəli biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb. O bildirib ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib. Ü.Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb. Xatıqladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 2016-cı ildə isə bu postdan azad olunmuşdu. Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu. O zaman bu hadisə ölkədə böyük səs-küyə səbəb olmuş və Tahir Kərimovin vəzifədən uzaqlaşdırlmasına gətirib çıxarmışdı. T.Kərimov daha əvvəllər əvvəllər Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru, "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləmişdi. Daha sonra Daşkəsən rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş, oradan da Salyana gətirilmişdi.  Onun oğlu Umid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Həmzə Kərimov isə 2007–2024-cü illər arasında SOCAR Petroleum SA şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı olub. "Memaar Capital" Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir. Yeni layihə Harmony Homes adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə Memaar Capital şirkətinin nəzarətinə keçib.

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən 4 nəfəri həbs etdi

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb. “Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olub, itkin düşüb və ya yaralanıb, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilib. Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir”, - məlumatda deyilir.

Qiymət artdı, xidmət yüksəlmədi: şikayətlər çoxalır

Son bir ildə internet provayderləri ilə bağlı şikayətlərin artmasının əsas səbəbi infrastruktur keçidi zamanı yol verilən texniki koordinasiya çatışmazlıqlarıdır. Köhnə ADSL texnologiyasından fiber-optik (GPON) şəbəkəsinə sürətli keçid prosesi bir sıra problemlərlə müşayiət olunub. Bu sözləri Axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov internet xidmətlərinin keyfiyyəti ilə bağlı vəziyyəti şərh edərkən deyib. “Montaj işlərinin keyfiyyətsiz aparılması, binaların daxili şəbəkə paylanmasında yaranan nasazlıqlar və provayderlərin vəd etdiyi internet sürətini son istifadəçi nöqtəsinə çatdıra bilməməsi istifadəçilərin narazılığına səbəb olur. Eyni zamanda, rəqəmsal xidmətlərin həcminin artması vətəndaşların internetin sürət və stabillik göstəricilərinə qarşı tələbkarlığını artırıb və bu da ən kiçik kəsintilərin belə rəsmi şikayətə çevrilməsinə yol açıb”, - o bildirib. Elvin Abbasovun fikrincə, qiymət artımı fonunda xidmət keyfiyyətinin eyni qalması və ya pisləşməsi bazar rəqabətinin və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir: “Tarif artımı infrastrukturun modernləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi ilə əsaslandırılmadığı hallarda bu, tənzimləmə mexanizmlərinin kifayət qədər təsirli olmadığını göstərir. Yüksək şikayət indeksi və uzun cavablandırma müddəti olan provayderlərə qarşı daha sərt nəzarət mexanizmləri tətbiq edilməlidir. Problemli provayderlərin fəaliyyət göstəricilərinin ictimaiyyət üçün şəffaf şəkildə açıqlanması, habelə əsas fəaliyyət göstəricilərini ardıcıl pozan şirkətlərə qarşı inzibati tədbirlərin görülməsi xidmət keyfiyyətinin yüksəldilməsinə təsir göstərə bilər”. Qeyd edək ki, son dövrlərdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin “E-Şikayət” platformasına internet provayderlərindən daxil olan şikayətlərin sayında artım müşahidə olunur.