İllər keçir, həyat bizi fərqli istiqamətlərə aparır. Amma bəzi bağlar var ki, zaman onları nə unudur, nə də köhnəldə bilir. Mənim üçün o unudulmaz bağlardan biri də əsgərlik illərində tanıdığım yoldaşlarımla olan dostluğumdur.
Bu gün artıq 22 il ötüb o, günlərdən. Hər birimiz indi ayrı-ayrı həyat yollarındayıq. Kimimiz sahibkar, kimimiz usta, kimimiz müəllim, kimimiz digər peşələrdə. Ancaq hər nə olur-olsun, o illərdə qurulan yoldaşlıq bağlarımız hələ də qopmayıb.
Əsgər yoldaşlarım, Zamir, Emin, Samir, Xəyal, Zaur, Eşqin, Rüfət, Mansur, Asəf, Vasif, Rafiq, Yaqub, Fərhad, Amil, Anar, Hakim, Vaqif, Eldar, Mahir, Ruslan, Orxan, Elşən, Fuad. sizin hər biriniz mənim yaddaşımda ayrı yerdəsiniz. Əgər kiminsə adını unutmuşamsa, bağışlayın, yeriniz ürəyimdədir.
Hər dəfə hansısa məclisdə, görüşdə bir araya gələndə elə bil o illər qayıdır. O saf baxışlar, gülərüz simalar, zarafatlar, çətinliklər içində paylaşdığımız çörək… Hər şey sanki dünən olub. O görüşlərdə ürəyim açılır, həyatın qayğıları bir anlıq kənara çəkilir.
Ən çox isə əsgər yoldaşlarımın səxavətli və qayğıkeş davranışları məni qürurlandırır. Aramızdan kiminsə başına bir iş gələndə, xəstə olanda, dara düşəndə, hamı imkanına görə əlindən gələni əsirgəmir. Kimi cibinə əl atır, kimi dua edir, kimi fiziki dəstək olur. Bu, sadəcə dostluq deyil, bu qardaşlıqdır.
Bəzən bir insanın ətrafında onlarla adam olur, amma heç biri səmimi olmur. Mən isə şükür edirəm ki, o illərdə qazandığım dostlar səmimiyyəti, sədaqəti və mərdliyi bu gün də qoruyub saxlayırlar.
Dəyərli əsgər yoldaşlarım, yaxşı ki varsınız!
Dostluğumuz, yoldaşlığımız daim olsun, qəlbimizdəki o əsgərlik illərinin istiliyi heç zaman sönməsin!
Anar Rəsullu