Zorba Məhəmməd

Kəndimizin toyları əvvəllər daha maraqlı keçirdi. Sanki hər şey qayda-qanunla tənzimlənir, hamı adət-ənənələrə riayət etməyə çalışırdı.

Toylarda “qayda-qanun”a nəzarəti adətən Zorba Məhəmməd edərdi. Onu həmişə toylarda sərfayı olaraq görürdük. Məhəmməd ucaboylu, enlikürək bir kişi idi. Qoluzorlu olduğu üçün qorxudan onun bir sözünü iki edən olmazdı. Zorba ləqəbini də buna görə almışdı.

Kənd toylarının ən sərt qaydalarından biri də oyun havaları ilə bağlı idi. Adətən hərənin öz havası var idi və kənd sakinlərindən biri digərinin havasına oynamazdı, çünki bu böyük “günah” hesab edilirdi. İsabala da həmişə bu qaydaya riayət etməyə çalışırdı. Onun da havası “Tello” idi. Bu havanı elə şövqlə oynayırdı ki, iki göz azlıq edərdi ona baxmağa.

Bir gün yenə kəndə toy idi. Hamı İsabalanı gözləyirdi. İsabala əvvəlcə yemək verilən mağara girdi. Mağarda onu hörmətlə qarşılayaraq, oturmağa yer göstərib qulluğunda durdular. Hamı İsabalanın yeməyini yeyib qurtarmasını gözləyirdi. Çünki daha sonra adəti üzrə qalxıb öz havasını oynayacaqdı. O, yenicə bir-iki tikə yemişdi ki, birdən toy mağarında “Tello” havası çalındı. Hamı təəccüblə bir-birinə, sonra isə İsabalaya baxırdı. Axı o burada yemək yeyirdi, Zorba Məhəmməd belə səhv etməzdi. Elə bu vaxt mağardan xəbər gəldi ki, İsabalanın havasına Ağaverdi oynayır. Ölü sükütü yerdən kiminsə “Adə, sənin havanı oynayırlar e, sabah kəndin içinə necə çıxacaqsan” sözləri pozdu.

İsabala arağı başına çəkib şüşəsini də götürüb toy mağarına girdi. Araq şüşəsini Ağaverdinin başına çırpmaq istəyirdi ki, zorba Məhəmməd əlindəki ağacla İsabalanın qoluna güclü bir zərbə vurdu, şüşə onun əlindən yerə düşdü. Üstünə qışqırqıraraq – “Adə neynirsən?” – dedi. İsabala isə ona -“Görmürsən, mənim havamı oynayır?” deyə cavab verdi. Zorba Məhəmməd isə öz növbəsində – “Adə əcəb eləyir. Mən icazə verdim oynayır, sənə nə?” – deyərək ömründə ilk dəfə ədalətsizlik etdi. İsabala zorba Məhəmmədin qorxusundan bir söz demədən mağarı tərk elədi. O gündən İsabalanın “havası ” əlindən alındı. Daha İsabala toylarda oynamırdı. Düzdür, hərdən zorba Məhəmməd hansısa toyda “Tello”nu çaldırar və Ağaverdi və İsabalanı qarşı-qarşıya oynadardı. İsabala “rəqib”i ilə oynamaq istəməsə də, zorba Məhəmmədin qorxusundan etiraz edə bilməzdi. Lakin onun əvvəlki şövqündən, həvəsindən əsər-əlamət qalmamışdı. Ağaverdi isə zorba Məhəmmədə arxalanıb, İsabalaya acıq verə-verə mağarın düz ortasında nümayişkaranə şəkildə atılıb düşərdi.

İsabala havasını geri qaytarmağın və rüsvayçılıqdan qurtulmağın yollarını axtarırdı. Amma özü də yaxşı anlayırdı ki, zorba Məhəmməd kəndin toybəyisi olduğu müddətcə bu mümkün deyil. İndi artıq köhnə toylar, adət-ənənələr də yoxdur. Toylarımız, məclislərimiz dəbdəbəli şadlıq saraylarında keçirilir. Nə çalırlar onu da oynayırıq. Havamızı çoxdan unutmuşuq. Deyəsən, heç xatırlamaq istəyən də yoxdur axı …

Yazıya söz ardı: Bu yazını yazmaqda məqsədim heç də sizi kəndimizin adət-ənənələri ilə tanış etmək deyil. Sədəcə olaraq kimlərsə hərdən məsuliyyətsiz bəyənatlar verəndə bu hadisə yadıma düşür. Məsələn, Qarabağ bizimdir. Lazım gəlsə azad edərik və s. Mənim buna şübhəm yoxdur. Bizim həqiqətən də dünya standartlarına cavab verən ordumuz var. Biz bu ordu ilə lazım gəldi-gəlmədi, nəinki Qarabağı azad edərik, hətta İrəvanı da geri qaytara bilərik. Amma son hadisələr göstərdi ki, hər şey bizim istəyimizlə deyil. Demək olarki dünya ölkələri bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Təkcə Rusiyadan başqa. Putinin Prezident İlham Əliyevə dəfələrlə zəngləri, Medvedyevin və Lavrovun ölkəmizə səfərləri bizim hücumumuzu yarımçıq kəsdi. Bu o deməkdi ki, yuxarıda dediyim kimi , “sərfayı çubuğu Rusiyanın” əlindədi. Necə ki, İsabala zorba Məhəmmədin qorxusundan öz “havasına” oynaya bilmir. Biz də elə…

Son hadisələr göstərdi ki, hər şey biz istədiyimiz kimi deyil. Bizim ixtiyarımız axı böyük güclərin əlindədi.

Əbil Həsən

Facebook Comments