“Urmu gölünün qurumasına seyrçi qalmayacağıq”- Qərbi azərbaycanlı fəallardan xəbərdarlıq

Qərbi Azərbaycan əyalətinin bir qrup milli-mədəni fəalı Urmu gölünün acınacaqlı durumu ilə bağlı bəyanat yayıb. Bəyanatda gölün qurumasının bölgə üçün doğuracağı faciələr barədə xəbərdarlıq edilir.

Sənəddə gölün çox hissəsinin məhv olduğu, təcili və professional tədbirlər görülməsə milyonlarla Azərbaycan türkünün və qonşu xalqların həyatının təhlükəyə düşəcəyi qeyd olunub.

“Qərbi Azərbaycan fəalları 20 ildir ki, məsullarla görüşlərdə, stadionlarda, müxtəlif mədəni və ictimai tədbirlərdə, aksiyalarda, mediada və başqa yayım platformalarında Urmu gölünün qurumasının qarşısının alınması ilə bağlı xəbərdarlıqlar edirlər.

Ancaq görünən odur ki, mərkəzdə oturan hakim şovinist düşüncəli sistem başçıları bölgə xalqının həyati məsələsinə miliyyətçi və etnik fərqlilik gözü ilə baxırlar.

Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər hökumət Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmu gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik.

Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdırmağa çalışacağıq.

Bütün imkanlarımızdan istifadə edərək hakim sistemin Azərbaycanın sərvətlərini talamaqla, Azərbaycanı qarət etməklə qalmayıb onun Urmu gölünün qətlinə fərman verdiyini bütün dünyaya car çəkəcəyik”-deyə, bəyanatda yazılıb.

Qeyd edək ki, hazırda Urmu gölünün 90 faizə yaxın bir hissəsi məhv olub və bu səbəbdən gölün qurumuş yatağından qalxan duz fırtınaları bölgə üçün ciddi ekoloji problemlər yaradır.

Keçmiş prezident Həsən Ruhaninin dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb.

Yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında da Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı verilən vədlər özünü doğrultmayıb.

Məsələ ilə bağlı açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.

Facebook Comments