“Sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq Qarabağ” statusundan söhbət gedə bilər?!” – İlham Əliyev

“Mən demişdim ki, biz Ermənistanla sərhədləri müəyyən etməliyik. Ermənistan bundan imtina edirdi, ilyarım imtina edirdi. Amma nəticə nə oldu? Mayın 24-də Azərbaycan-Ermənistan sərhədində komissiyaların birinci görüşü keçirildi. Bunun çox böyük mənası var. Həm o nöqteyi-nəzərdən ki, biz bu sərhədləri müəyyən edəcəyik və bu, çox vacibdir. Çünki ermənilər o sərhədləri də zəbt etmişlər”.

Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

“Digər tərəfdən bu, avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyur. Çünki əgər biz sərhədləri müəyyən ediriksə, hansı dırnaqarası “Dağlıq Qarabağ” statusundan söhbət gedə bilər?! Qarabağ zonası var, Qarabağ diyarı var. Bu, Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var.

Digər məsələ, biz demişdik ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir. Amma nəticə etibarilə biz buna da nail olduq və artıq Azərbaycan öz işçi qrupunu müəyyən edib”, – dövlət başçısı bildirib.

Facebook Comments