Fərəc Kərimli deputata cavab verdi: “Ukraynada muzdlular toplamıram və onlara təlim keçmirəm”

“Deputat Bəhruz Məhərrəmov haqqımda yersiz açıqlama verib. Əgər mənimlə bağlı məlumatı yox idisə, açıqlamanın ilk mənbəsi olan səhifəmdəki paylaşımlarımı gərək oxuyardı. Yox, başqa qərəz varsa bu başqa məsələ…”

Sozcu.az xəbər verir ki, Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli onunla bağlı qərəzli açıqlama verən deputat Bəhruz Məhərrəmova cavab olaraq deyib:

“Həmin deputatın istinad etdiyi qanundakı kimi mən Ukraynada muzdlular toplamıram və onlara təlim keçmirəm, radikal, radikal olmayan dini cərəyanlara qoşulmağım isə çox gülünc səslənərdi. Səhifəmdəki açıqlamamda da nə etdiyimi yazmışam və kimsə Ukraynada olmağımla bağlı nəsə fikir bildirəndə gərək mənim dediklərimə istinad edə. İlk açıqlamamda da xahiş etmişdim ki, heç kim haqqımda şişirdilmiş fikirlər yazmasın”- deyə, Fərəc Kərimli bildirib.

“Ölkəyə qayıdanda da əgər müvafiq orqanlar üçün qaranlıq məqamlar olarsa, həqiqətən obyektiv nəyisə araşdırmaq istəyərlərsə istənilən suala da cavab verməyə hazıram”, deyən Fərəc Kərimli, “Mənim cinayət məsuliyyəti daşıyacaq heç bir əməlim olmayıb. Bu gün Meydan TV-yə açıqlamamda da demişəm” – deyən Fərəc Kərimli qeyd edib.

“Dostlardan da xahiş edirəm, mənə qarşı haqsız mövqeyə qarşı nə qədər əsəbləşsəniz də heç kimi təhqir etməyin. Məni tanıyanlar bilir ki, təhqirə-söyüşə qarşıyam. Haqsız danışan olanda görürsünüz ki, əksəriyyət kimin haqlı olduğunu ayırd edə bilir. Başqa danışmaq istəyənlər olarsa da heç kimin tələsməməsini məsləhət görərdim – deyən Fərəc Kərimli tərəfdarlarına da müraciət edib.

Elşən Əlisoy

Facebook Comments