“Putini bunkerdə boğub öldürə bilərlər”

“Müharibə sabah bitməyəcək, biz buna hazır olmalıyıq”
“Polşa nüvə zərbəsi üçün potensial hədəfdir”

“Rusiyanın Ukraynaya qarşı müharibəsi uzun çəkə bilər və Ukrayna vətəndaşları buna mənəvi cəhətdən hazır olmalıdır”.

Sozcu.az saytı xəbər verir ki, bu barədə Ukrayna Radasının “Avropa həmrəyliyi” fraksiyasından xalq deputatı Aleksey Qonçarenko “QORDON” internet- nəşrinin baş redaktoru Alesa Batsmana verdiyi müsahibəsində bəyan edib.

“İlk raket Ukraynaya uçub gələndə, artıq Putin uduzub, Ukrayna udub. Nə qədər paradoksal görünsə də. Biz dəqiq qalib gələcəyik, biz artıq qalibik. Bu qatar artıq həmin nöqtəyə doğru gedir, amma oraya nə zaman gedib çatacaq, insanlar nə zaman vağzala çıxıb şampan içəcək, bunu bilmirik. Biz bilmirik, neçə gün yol gedəcəyik. Bu günlər çox ola bilər, bunun fərqində olmaq lazımdır. Əgər hər şey tez baş versə, Allaha şükürlər olsun, hamımız xoşbəxt olacağıq. Amma tez baş verməsə, buna tezliklə uyğunlaşmalı və həyatımızı buna hesablamalıyıq”, – Qonçarenko deyib.

O, hesab edir ki, bunu anlamaq insanları məyusluğa qərq olmamağa və öz məişətini qaydaya salmağa kömək edəcək.

“Biz riskləri görməli və insanlara həqiqəti deməliyik ki, müharibə sabah bitən deyil. Çünki insanların həyatında planları var. “Bax, sabah, ya birisi gün biz öz şəhərimizə dönəcəyik. Qoy olsun beş gündən sonra. Onlar sabaha ümidlə yaşayır, getdikcə məyusluq artır. Sabah gəlib çıxır, amma dönməyə yer yoxdur. Beləcə, günlər bir- birini əvəz edir. Ona görə də insanlar dəyişməlidir, özləri anlamalıdır ki, bu müharibə uzun çəkə bilər. Bu, çox ağrılıdır, amma bunu qəbul etməli, öz həyatımızı başqa ab- havaya uyğunlaşdırmalıyıq və bu, son dərəcə vacibdir”, – deputat vurğulayıb.

Qonçarenko insanlara imkan daxilində adi həyat yaşamağa və işləməyə çağırış edib: “saç düzümünüzə diqqət edin, tort bişirin, idmanla məşğul olun”.

“Əgər oturub gözləsək, heç bir yerə gedib çıxmayacağıq. Bu, sprint deyil, Allah eləsin ki, marafona çevrilməsin, amma biz marafona hazırlaşmalıyıq”, – Qonçarenko belə deyib.

O, bu həftə Ukraynanın cənubunda, Nikolayevlə Xerson arasında olub və gözləri ilə Rusiya qoşunlarının səngər qazdıqlarını görüb, bu isə münaqişənin üzünmüddətli olduğuna dəlalət edə bilər.

“Rusiya qoşunları nə ilə məşğuldur? Onlar səngər qazır, istehkamlar qurur, ərazini minalayır, artılleriyanı hazırlayır. Yəni onlar hüdudlar müəyyən edir, oradan geri çəkilməyə hazırlaşmır, hücum etməyə isə qüvvələri yoxdur. Ona görə də hesab edirəm ki, Nikolayev və Odessa şəhərlərinə heç bir təhlükə yoxdur, Kiyevi də ala bilməyəcəklər, bir sözlə, onların hücum həvəsi tükənir, lakin onları tutduqları mövqelərdən, xüsusilə cənubda vurub çıxarmaq çox çətin olacaq”, – Qonçarenko belə hesab edir.

Xalq deputatı bir neçə həftə aktiv döyüş əməliyyatlarının davam etməsini proqnozlaşdırır. Bundan sonra münaqişə közərən mərhələyə keçəcək, çünki Ukrayna heç vaxt öz ərazisinin bir hissəsinin işğalı ilə barışmayacaq. Onun sözlərinə görə, hər şey 2015- ci ildən sonra Donbasdakı vəziyyəti xatırladacaq, döyüş əməliyyatları aşağı tempdə olacaq, amma hərbi qulluqçular və dinc sakinlər arasında qurbanlar baş verəcək.

“İntensiv döyüş əməliyyatları, ola bilsin ki, bir müddət olmasın. Amma bu dəhşətin tez bir
zamanda bitməsini, rahat nəfəs alacağımızı, qələbəni, paradı mən hələ görmürəm”, – Qonçarenko deyib.

“Polşa nüvə zərbəsi üçün potensial hədəfdir, sonra nüvə müharibəsi və Rusiyanın sonu gələcək”

Juralstin “Putin nüvə silahından istifadə edə bilərmi?” sualına deputat belə cavab verib:
“Təəssüf ki, 24 fevraldan sonra hər şey ola bilər. Mümkün olmayan ssenari yoxdur. Putin elə ağılsız, dağıdıcı hərəkətlərə yol verib ki, bundan sonra nələrinsə mümkün olmayacağını söyləmək mümkün deyil”.

Ona görə də o, hesab edir ki, Putin üçün Ukraynaya nüvə zərbəsi endirməyin mənası yoxdur.

“Bunu etmək istəsə, sonradan edə bilər. Bu mənada, təəssüf ki, potensial hədəflərdən biri Polşadır. Məndə olan məlumatlara görə, Makron və Şoltsla görüşlərində o, nüvə silahı sözünü işlətməsə də, Polşaya zərbə endirməklə hədələyib. Əgər bu, baş versə, nəticələri çox ağır olan nüvə müharibəsi demək olacaq. Hərçənd, bütün planetin məhv olması mütləq deyil. Bu, dünyanın deyil, Rusiyanın sonu demək olacaq”, – Qonçarenko vurğulayıb.

Daha sonra deputat Putinin taleyi ilə bağlı sualı cavablandırıb.

O, deyib ki, Rusiya elitası sanksiyalar altındadır və Putinin qətlini təşkil edə bilər.
“Onların elə bunkerdəcə onu boğub öldürmək ehtimalı varmı?

Var, əgər statistikaya nəzər salsaq, Rusiyanın hər üçüncü imperatoru öz əcəli ilə ölməyib. Ona görə də Putinin buna şansı var. Qorbaçov hələ sağdır, Yeltsin öz əcəli ilə ölüb…Deməli, Putin öz əcəli ilə ölməyən həmin üçüncü rəhbər ola bilər”, – Qonçarenko deyib.moderator

Facebook Comments