600 manata ev kirayə verənlər dövlətə 60 manat ödəyəcək

Fiziki şəxslərin bir-birinə ev kirayə verməsindən əldə olunan gəlirlərdən yeni tariflə vergiyə cəlb ediləcək. Bu qayda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məsələnin həm kirayə bazarına, həm də vətəndaşların gəlirlərinə təsirini "Yeni Sabah"a açıqlayıb. Ekspert bildirib ki, bu dəyişiklik mütərəqqi addım kimi qiymətləndirilə bilər:  “İndi də qüvvədə olan qanuna görə, növündən, tərəflərin hüquqi və ya fiziki şəxs olmasından asılı olmayaraq, ödəmə mənbəyindən vergi 14 faiz tutulurdu, indi isə yeni dəyişikliyə əsasən, fiziki şəxslər arasında kirayə münasibətlərində 10 faizlik vergi tutulacaq. Bu, mütərəqqi haldır. Bununla bağlı bir neçə dəfə təkliflər etmiş və bildirmişdik ki, məhz kirayə münasibətlərinin leqallaşdırılması və büdcənin şəffaflaşdırılması məqsədilə 14 faizin 7 faizə endirilməsi daha məqsədəuyğundur. Belə olan halda tərəflər bu məbləği ödəməkdə o qədər də çətinlik çəkməyəcək və zaman keçdikcə müqavilələrin notarial qaydada imzalanması, dövlət vergisinin ödənilməsi stabilləşəcək və məbləğin böyük olmaması buna müsbət təsir göstərəcək. Görünür, yeni qərar həm də onu nəzərdə tutur ki, böyük məbləğ olmasın, vətəndaşlar onu asanlıqla ödəyə bilsin”. Vüqar Oruc hesab edir ki, yeni qərar qüvvəyə mindikdən sonra da proses dərhal tam şəkildə leqallaşmayacaq: “Onun tətbiqindən sonra bir müddət gözləməliyik. Ümid etməyək ki, ilk aylardan bütün kirayə münasibətləri leqallaşacaq, vergidən yayınma halları tam aradan qalxacaq. Bu qərarın tam icra olunması üçün müəyyən dövr lazımdır. Ona görə də düşünmürəm ki, mövcud prosesin hər ay artan daşınmaz əmlak bazarına ciddi təsiri olacaq. Amma qiymətlərin bahalaşması üçün əlavə stimulun yarandığını söyləmək olar. İndiyə qədər kirayə münasibətlərinin gizlədilməsi, tərəflərin öz aralarında heç bir hüquqi qüvvəsi olmayan müqavilələrlə əsaslandırması ondan irəli gəlirdi ki, dövlətə vergi ödənilməsin”. AQC sədri qeyd edib ki, artıq vergini kirayə götürən tərəf ödədiyi məbləğlə birgə verəcək: “Əvvəlki qaydalara görə, vergini kirayə verən tərəf ödəməli idi, indi isə kirayə götürən tərəf ödədiyi məbləğin bir hissəsini, eyni zamanda, vergiyə ödəyəcək. Məsələn, 600 manata verilən kirayə mənzilə görə, 60 manat ödəniləcək, bu da kirayə biznesinin rəsmiləşməsinə gətirib çıxacaq”.

Gələn il minimum maaş və pensiya artmayacaq

Azərbaycanda 2026-cı ildə də minimum əmək haqqı və minimum pensiyanın məbləği dəyişməyəcək. Sozcu.az APA-ya istiandən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Azərbaycanda gələn il də minimum əmək haqqı 400 manat, minimum pensiya 320 manat olacaq.

Bu xəstələr icbari tibbi sığorta hesabına müayinə olunacaq

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək. Sozcu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edilib ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək. Qüvvədə olan qanuna əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

Bu maşınlar partlamağa hazır olan bomba kimidir - BDYPİ

Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir. Sozcu.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib. Müraciətdə qeyd olunub ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır: "Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə qaz avadanlıqlarına lazımi texniki qulluq göstərilməməsi, mütəmadi texniki baxışdan keçirilməməsi, həmçinin köhnə və texniki cəhətdən yararsız avtomobillərdə bu sistemlərin istifadəsi çox zaman ağır fəsadlara səbəb olur". Vurğulanıb ki, Ələt qəsəbəsində baş vermiş hadisə bir daha onu deməyə əsas verir ki, belə nəqliyyat vasitələri hər an partlamağa hazır olan bir "bomba" kimidir: "Belə hallarda təhlükə təkcə sürücünün deyil, həm də digər hərəkət iştirakçılarının – yoldakı hər bir insanın həyatını riskə atır. BDYPİ hər kəsi diqqətli olmağa, təhlükəsizliyi riskə atmamağa və avtomobillərdə qaz avadanlığının quraşdırılmasından çəkinməyə çağırır. Bu, təkcə avtomobilin deyil, həyatın qorunması məsələsidir".

Azərbaycanda alim küçədə gedərkən yıxılıb öldü

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib. Sozcu.az Bakı.vs-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib. Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə, o, bir illik kirayə haqqını ödəməmişdi. Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və “Quran”ın rusca və azərbaycanca tərcüməçisidir.

Bu məktəblərin adı dəyişdirildi

Bakıda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin adları dəyişdirilib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu məktəblər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib. Dəyişikliyə əsasən Ramana qəsəbəsində fəaliyyət göstərən Malıbəyli kənd tam orta məktəbi bundan sonra Bakı şəhəri 339 nömrəli tam orta məktəb adlanacaq. Həmçinin 9 saylı Şuşa tam orta məktəbinin adı Bakı şəhəri 343 nömrəli tam orta məktəb, Füzuli rayon 4 nömrəli tam orta məktəbi isə Bakı şəhəri 199 nömrəli tam orta məktəb olaraq dəyişdirilib.

İş qurmaq adı ilə yalan vəd verdi - Tanışlarının 87 min manatını ələ keçirdi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə iki nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, həmin şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlarla şərikli iş quracağı barədə yalan vədlər verdiyi və ümumilikdə 87000 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.  Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.  G.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Azərbaycanda tələbə dabaq xəstəliyinə yoluxub? - RƏSMİ CAVAB

“Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil”. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb: “Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı  insanlar arasında yoluxma faktı aşkarlanmayıb.   Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər. Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar”.

İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sozcu.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 35 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məktəb direktoru işdən ÇIXARILDI

Daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar rayonu Amankənd kənd ümumi orta ümumtəhsil məktəbində araşdırma aparılıb. Araşdırma nəticəsində məktəbin direktoru Anar İmanovun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini düzgün yerinə yetirmədiyi, təhsilverənlərin etik davranış qaydalarını, eyni zamanda mövcud təlimatların tələblərini pozduğu, bununla yanaşı, təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamınin pozulduğu aşkar edilib. Bu barədə Sozcu.az-a MÜTDA-dan məlumat verilib. Aşkar edilmiş nöqsanlara görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmrinə əsasən, adıçəkilən məktəbin direktoru Anar İmanov ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.

Ərini güllələyib öldürdü - Basdırdığı yerdə gül əkdi

Bakının Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib. Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qadın izi itirmək üçün ərini basdırdığı yerdə güllər əkibmiş...

Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb...

Bakıda milyonlar manat vergidən yayınan məşhur şirkətlərin rəhbəri həbs edilib. Sozcu.az bildirir ki, qaynarinfo-nun məlumatına görə, 1970-ci ildə Ordubad rayonunun Biləv kəndində anadan olmuş Ağakişiyev İntizam Əjdər oğlunun Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb. Məlum olub ki, İntizam Ağakişiyev öz adına 3, tanışlarının adına isə bir neçə şirkət təsis edərək, 2016-2020-ci llər ərzində 10.846.626,92 manat məbləğində vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqını dövlət büdcəsinə ödəməkdən yayındırıb. Təqsirləndirilən şəxs "Trade A” MMC, ”Sumeksport A” MMC, "Perspektiv-A" MMC, "Miraj-85" MMC, "Planet-B” və digər MMC-lərin fəaliyyətlərinə rəhbərlik edib. Onun vahid niyyətlə, külli miqdar təşkil edən 2.843.096,43 manat məbləğində gömrük ödənişlərini gömrük orqanlarına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə qəsdən dövlət büdcəsinə ödəməkdən yayınması məlum olub. İntizam Ağakişiyev məhkəmədə ifadəsində deyib ki, rəhbərlik etdiyi şirkətlər Rusiya Federasiyasından taxta məmulatlarının idxalı və satışını həyata keçirib. Bəzi MMC-lərin qanuni təmsilçisi özü olmasa da, həmin şirkətlərə faktiki olaraq rəhbərilik edib. O, rəhbəri olduğu şirkətlərin dövlət büdcəsinə 18.000.000 manatdan artıq vergi ödənişləri etdiyini də bildirib. İş adamının rəhbərlik etdiyi şirkətlərin həmin illərdə Abşeron rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və başqa bir sıra dövlət qurumlarında milyonluq tenderlərin qalibi də olması məlum olub. Məhkəmə İntizam Ağakişiyev barəsində Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü verib. Əvəzində o, Cinayət Məcəlləsinin 209.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və 1 il 10 ay 27gün azadlıqdan məhrum edilib. Həmçinin MMC-lərin fəaliyyəti üzrə 2.843.096,43 manatın təqsirləndirilən şəxsdən tutularaq Dövlət Gömrük Komitəsinin büdcəsinə köçürülməsi barədə qərar verilib. Xatırladaq ki, İntizam Ağakişiyevin adı məşhur Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə işində zərərçəkmiş qismində hallanırdı.

Azərbaycana getməyə hazıram - Simonyan

“İstisna etmirəm ki, hansısa beynəlxalq formatlar çərçivəsində mən də Azərbaycana gedə bilərəm”. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. "Amma buna qədər müzakirə edilməli olan məsələlər var”, - deyən A.Simonyan Bakıda mühakimə olunan erməniləri missal göstərib. Simonyan bildirib ki, Azərbaycan parlamentinin sədri ilə görüşündə ab-hava bir çox beynəlxalq həmkarları ilə müqayisədə daha yaxşıdır. O, əlavə edib ki, Azərbaycan parlament sədrinin sülhə sadiqliyini görüb. “İkimiz də münaqişənin birdəfəlik bitməsini istəyirik”.

Yayılan virus covid ola bilər - Həkimdən XƏBƏRDARLIQ

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma halları artıb. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yüksək hərarət, boğaz ağrısı, burun axması və öskürəklə müşayiət olunan xəstəliyə daha çox uşaqlar arasında rast gəlinir. Belə ki, virus günlərlə davam edir, sürətlə yayılır və böyüklərə də keçir. Xüsusilə də məktəblər, uşaq bağçaları kimi ictimai yerlərdə yayılan qripəbənzər virus insanların təşvişinə səbəb olub. Hətta yayılan virusun COVID ştamı olması ehtimalları da var. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərovanın sözlərinə görə, yayılan xəstəlik mövsümi xarakter daşıyır: “Son dövrlər xüsusən uşaqlar arasında infeksion xəstəliklər yayılıb. Bu, mövsümi xəstəlikdir. COVID ştamı da ola bilər, onu təsdiqləmək üçün virusoloji müayinə metodları aparılmalıdır. Bunun yoxlanmamış, təsdiqlənməmiş COVID olduğunu deyə bilmərik. Həmçinin rotavirus, adenovirus və digər viruslar da ola bilər. Uşaqlar arasında daha çox yayılıb. Uşaqlar adətən yoluxduran olur”. O hesab edir ki, hazırda ölkəyə gətirilən qrip əleyhinə peyvəndlər də bunun müəyyən qədər qarşısını alacaq: “Peyvəndləmədən bəzən bizim insanlarımız qorxurlar. Əslində peyvənd ancaq ağırlaşmanın qarşısını almaq üçündür. Bu virusa yoluxsa da, həmin şəxsdə ağırlaşma olmayacaq”. K.Cəfərova bildirib ki, əhali ənənəvi qorunma yollarından istifadə etməli, maska taxmalı, digər şəxsləri yoluxdurmamağa çalışmalıdır: “Əgər uşaq xəstədirsə, bağçaya, məktəbə göndərmək olmaz. Bu virus infeksiyasının daşıyıcısı olmasınlar, digər uşaqları da yoluxdurmasınlar. Uşaqlarda immun sistemi zəif olduğuna görə onlar bu virusu daha ağır keçirirlər. İstirahət rejimi, bol maye qəbul etmək, yüksək temperatur olarsa, hərarət salıcı dərmanlardan istifadə tövsiyə olunur”. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirilib. Oktyabrın 8-dən etibarən əhali arasında vaksinasiyaya başlanılıb. Xüsusilə səhiyyə işçilərinin, hamilələrin, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı körpələrin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Ağsu–Şamaxı yolunda silsilə oğurluqlar: restoranlardan generator və mallar oğurlanıb

Ağsu dolaylarının Şamaxı və Ağsu rayonlarına aid ərazisində yerləşən bir neçə iaşə obyektində silsilə oğurluq hadisələri baş verib. Sozcu.az saytına daxil olan məlumata görə, gecə saatlarında baş verən hadisələr zamanı naməlum şəxs və ya şəxslər restoranlara daxil olaraq obyektlərə məxsus işıq generatorlarını, samovarları, içkiləri və digər maddi əşyaları oğurlayıblar. Məlumatda bildirilir ki, hadisə barədə dərhal Şamaxı və Ağsu Rayon Polis Şöbələrinə məlumat verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Mənbənin sözlərinə görə, hadisələr əsasən Ağsu dolayları adlanan yolun üzərində fəaliyyət göstərən restoran və istirahət obyektlərində qeydə alınıb. Qeyd edək ki, son vaxtlar bölgədə bu cür oğurluq hadisələrinin artması sahibkarlar arasında narahatlıq yaradıb. Ümid edilir ki, yaxın günlərdə cinayətkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.

Bu ölkə Bakıda səfirlik açacaq

Estoniya Azərbaycanda səfirlik açacaq. Sozcu.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O qeyd edib ki, bu, ikitərəfli münasibətlərin inkişafı üçün önəmli addımdır: "Biz təmsilçiliyimizi artırmalıyıq".

Eşqi Bağırov məktəb direktorunu işdən çıxardı - Səbəb

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov əmr imzalayıb. Buna səbəb Elşad Kərimovun fəaliyyətində nöqsanlara yol verməsi olub.

Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək

Yaxın vaxtlarda Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsindən Naxçıvan və Türkiyəyə Azərbaycan-Ermənistan-Türkiyə boru kəməri və elektrik xətləri çəkiləcək. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib. “Bütün bunlar TRIPP marşrut proqramı çərçivəsində müzakirə olunur. Türkiyə və Azərbaycanla da müvafiq müzakirələr aparırıq”, - baş nazir vurğulayıb. Nikol Paşinyan bu proqramların həyata keçirilməsi və reallaşması üçün sülhü əsas şərt hesab edir. “Hazırda Azərbaycanla qurulan sülhün daha institusional olması üzərində işləyirik”, - Ermənistan rəhbəri əlavə edib.

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Səhər bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunubndan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 19-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Şahdağ və Kəlbəcərdə qar yağdı

Azərbaycanda oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntılar arabir leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə - Şahdağ və Kəlbəcərdə isə qar yağıb. Lənkəranda 40, Astarada 34, Biləsuvarda 28, Lerikdə 23, Yardımlıda 20, Neftçalada 16, Zaqatalada 14, Sarıbaşda(Qax) 10, Gədəbəydə 8, Qəbələ və Sədərəkdə 6, Göygöl, Daşkəsən, Ordubad və Şahbuzda 5, Qubada 4, Naxçıvan, Naftalan, Oğuz, Şamaxı, Sabirabad, Şərur, Gəncə, Qusar, Şabran, Mingəçevir, Yevlax, İmişli, Şəki, Culfa, Xaçmaz, Tərtər, Bərdə, Xaltan, Şəmkir, Balakən, İsmayıllı, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Beyləqan, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Cəbrayılda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb. Balakən, Daşkəsən, Göygöl, Şəki, Oğuz, Şamaxı, Xızı, Qusar, Quba, Göyçay, Mingəçevir, Yevlaxda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

İsveç Ukraynaya 40 milyon dollar ayırır

İsveç Dünya Bankı vasitəsilə Ukraynaya qış mövsümundə dəstək göstərəcək. Ölkə Ukraynanın bərpasına və dayanıqlığını gücləndirməsinə kömək etmək üçün 40 milyon dollardan çox vəsait ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nəşr qeyd edir ki, İsveç qış yaxınlaşdıqca Ukraynaya yardım məqsədilə Dünya Bankının müvafiq fonduna dəstəyini artırır.

Azərbaycan nümayəndələri Ermənistana gedir

Oktyabrın 21-22-də Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzi məlumat yayıb.  Görüşün İrəvanda keçirilməsi nəzərdə tutulub. Müzakirələr zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

Faktiki hava açıqlandı - Yağış, külək...

Oktyabrın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Naxçıvan MR, Şabran, Xaçmaz, Zaqatala, Qəbələ, Oğuz, İsmayıllı, Qax, Şəki, Quba, Qusar, Qobustan, İmişli, Ağsu, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Beyləqan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Bərdə, Tərtər, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 16 m/s-yə çatır. Zaqatala, Şəki, Şamaxı, Balakən, Qax, Qusar, Göyçay, Göygöl, Daşkəsəndə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Şəkidə ağır qəza - 3 nəfər öldü

Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində qeydə alınıb. KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə, 3 nəfər hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. (Mənbə: oxu.az)