Brüssel dəhlizlərindən Laçın yoluna düşən işıq…

Brüssel görüşü Soçi görüşündən yalnız forma etibarı ilə fərqli olmadı, məzmununda da yeni detallar üzə çıxdı və daha konkret nəticələrlə yekunlaşdı. Brüsseldəki masa ilə Soçi masası kifayət dərəcədə müzakirə olduğundan, bu fərqə xüsusi diqqət ayırmağa ehtiyac yoxdur, həm də formalar keçici xarakter daşıyır, əsas məzmun və ondan irəli gələn növbəti siyasi xəttin müəyyənləşməsidir. Bütövlükdə Brüssel görüşü 26 noyabr Soçi görüşündə müəyyən edilmiş nəqliyyat kommunikasiyalarına aid maneələrin götürülməsi, sərhədlərin delimitasiyası və bəzi humanitar məsələlərin müzakirəsi ilə davam etdi. Sadəcə olaraq bu görüşdə niyyətlərdən çox, konkret olaraq müzakirə olunan bir məsələ barəsində razılığa gəlindi. Bu, bizim neçə müddətdir “Zəngəzur dəhlizi” dediyimiz ərazidə dəmir yolunun açılmasına verilən razılıqdır. Dəmir yolu məsələsinə razılıq Soçidə verilmişdi, amma onun hüquqi rejimi açıq qalmışdı. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşdən sonra verdiyi açıqlamada və Ermənistanın Baş nazirinin özünün “Facebook” səhifəsində yazdığı statusda dəmir yolunun açılacağı və hüquqi statusu barədə razılaşma öz əksini tapıb. Daha aydın olması üçün Nikol Paşinyanın FB statusuna nəzər salaq:” Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə dəmir yolunun açılması ilə bağlı razılaşmanı təsdiqlədik. Dəmir yolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı prinsip əsasında, bu ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Ermənistan dəmir yolu vasitəsilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcək. Biz, həmçinin təmasları davam etdirmək barədə razılığa gəldik”.

Bu açıqlamalrdan aydın olur ki, Ermənistan Mehri bölgəsindən beynəlxalq səviyyədə qəbul olunmuş sərhəd və gömrük sistemi tətbiq olunmaqla dəmir yolunun açılmasına razılıq verib. Magistral yol razılığı yoxdur. Şarl Mişelin dediyinə görə tərəflər bu məsələdə hələ razılığa gələ bilməyiblər. Dəmir yolu da Ermənistanın tam nəzarətində olacaq, yəni oradan keçən qatarlar sərhəd nəzarətindən və gömrük sistemindən keçəcək. Bu yol statusudur, dəhliz deyil. Bu dəmir yolu vasitəsi ilə Rusiya Ermənistana, Ermənistan da Rusiyaya yüklərini rahat daşıyacaq, Rusiya ona baha başa gələn aviasiya ilə yük daşımaqdan canını və cibini qurtaracaq, ermənilər də mallarını Azərbaycan dəmir yolundan keçirməklə Rusiyaya çatdıra biləcəklər. Qış mövsümündə Yuxarı Lars yolunun bağlandığına görə hətta erməni yük maşınlarının işləməməsinin çətinliyi də arxada qalacaq. Azərbaycan da Naxçıvana müəyyən yüklərini dəmir yolu vasitəsi ilə çatdıra biləcək. Hər halda Naxçıvana daşınan yükün həcmi Rusiya ilə Ermənistan arasındakı yük daşımalarından çox azdır. Perspektivdə bu yoldan Türkiyə, İranın da maraqlarına cavab verən daşımalar həyata keçirilməsi gözlənilir. Yəni dövlətlərarası bir layihə.

Qeyd olunan dəmir yolu faktiki mövcud deyil. Bu yol Ermənistan -İran sərhədi boyu çəkilməlidir. Mövcud Ermənistan dəmir yolları Rusiyanın Cənubi Qafqaz dəmir yolu sisteminə aiddir, amma yeni çəkiləcək dəmir yolu Ermənistana məxsus olacağı bildirilir. Bu yolu Ermənistan nə vaxt çəkəcək, hansı maliyyə ilə çəkəcək və neçə ilə çəkəcək.., məlum deyil. Ermənistan bu xətti öz mülkiyyətində saxlamaq üçün vəsaiti özü ayıracaq, ona görə də bu yolun Paşinyanın baş nazirlik dövründə tikintisinə başlaması belə sual altındadır. Həm də nəzərə alaq ki, Paşinyan bu gedişlə siyasi müxalifətin basqılarını da uzun müddətə neytrallaşdırmış olacaq.

Brüssel görüşündən əvvəl Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında apardığı müqayisə və görüşdən sonra dəmiryolu razılaşması dəhliz söhbətinə son verilməsinin proloqu ola bilərmi? Bu, bəlkə də bizim üçün ən yaxşı variant ola bilər. Baxmayaraq ki, Laçın dəhlizinə və sərhədinə Rusiya sülhməramlıları nəzarət edir, Azərbaycan Brüssel görüşündən sonra Laçın dəhlizinin də yol statusuna keçməsini, öz sərhəd və gömrük sistemini yaratmasını şərt olaraq Rusiya qarşısında qaldırmalı və həll etməlidir.Rusiyanın razılaşması çətin ola bilər, amma biz verdiyimiz bəyanatın arxasında dayanıb mövqeyimizi sonadək müdafiə etməliyik. Rusiya razı deyilsə, qoy Ermənistanı məcbur etsin, bizi yox. Rusiyanın tam dirənişi ilə rastlaşsaq ( bu tamamilə mümkün variantdır) Xankəndi üzərində nəzarətimizi bərpa etmək üçün 10 noyabr 2020 bəyanatından irəli gələn bəndlərin reallaşmasını tələb etməliyik. Azərbaycan qaçqınları – Şuşanın, Ağdərənin, Xocavəndin, Əsgəranın kəndlərinə, Xankəndinin özünə və ətrafına, doğma yurdlarına, daimi yaşayış yerlərinə qayıtmalıdırlar. Qarabağdakı Ermənistan silahlı qüvvələrinin “polis qoşunu”na çevrilməsi cəhdi isə beşiyində boğulmalıdır.

Brüsselədək olan üç görüşdən sonra razılaşmanın reallaşması Ermənistanın pozucu siyasəti, bəzən də təxribatları nəticəsində həyata keçməyib. Soçidən sonra ikitərəfli komissiya yaradılacaqdı, hələ bir xəbər yoxdur. Dəmir yolun çəkilməsi isə yuxarıda qeyd etdiyimiz kimi çox zaman aparacaq. Bu zaman kəsimində Laçın dəhliz statusunda qala bilməz. 10 noyabr razılaşmasındakı yeni Laçın dəhlizi məsələsi də sərhəd və gömrük nəzarətinə aid edilə bilməz.

Brüssel dəhlizlərindəki uğurların önündəki ən böyük uğur.., elə dəmir yolu razılaşmasıdır…

İlham İsmayıl

Facebook Comments