SOCAR-ın soyğunçuluq strategiyası …

Elşən Əlisoy

Qaza 50 manat pul vurmuşam, sayğaca 13 manatlıq qaz yüklənib. Çıxılan pulun bir hissəsi bundan öncəki “mexaniki” saygacda qalan pul üçün çıxıb, 11 manat isə limiti keçdiyim üçün çıxıb. Hələ noyabr ayıdır, qış girməyib, artıq əksər vətəndaşlarımız qaz limitini keçiblər.

Bir balaca düşünək, elə bil ki, bizim ölkəmizin nə nefti var, nədəki qazı, güya nə dəyişəcəkdir ki?

Güya ölkəmizin neft-qaz ölkəsi olmasının bizlərə nə xeyri dəyib ki?

Bir dostum var, bəzən özü haqqında deyir: – ” Mən qaz deyiləm e, “qu”yam, “qu””. Heç kim inciməsin, Azərbaycan qaz ölkəsi deyil, “qu”lar ölkəsidir. Bizlər “qaz”da deyilik, “qu”yuq, “qu” .

SOCAR-ın prezidenti və vitse-prezidentlərinin və eks vitse-prezidentlərinin sərvətlərini bir yerə toplasan Azərbaycanın dövlət büdcəsindən bir neçə dəfə çox edər. İllərdir ki, neftdən, qazdan və digər layihələrdən gələn pulları bir dəstə quldur dədə malı kimi həzmi – rabedən keçiriblər.

Hələ bu günə qədər SOCAR-ı talayanlardan bircə nəfər də olsun kimisə talançılığının məsuliyyətini daşıdığını görməmişəm. Ən yaxşı halda, vəzifədən gedirlər. Vəzifədən gedəndən sonra da, bu talançıları Rövnəq Abdullayev atrafına toplayıb, bir foto etdirib: “Bunlar mənim himayəmdə, qanadlarımın altındadır”, – deyə, cəmiyyətə və yuxarılara mesaj verir. Bununla da, müxtəlif ləqəbli talançılar rahat şəkildə azadlıqda gəzə bilirlər. Hətta, bəziləri yaratdıqları “trol” dəstələri hesabına özünə “millətin atası” statusu da verdirə bilir.

Yadınızdadırsa 2020-ci ildə dövlət başçısı İlham Əliyev keçirdiyi müşavirədə SOCAR-ın fəaliyyətini tənqid edərək, SOCAR-ı hələ də dövlət büdcəsindən asılı olmaqda ittiham etmişdi. Prezident o zamankı çıxışında Azərbaycanda qazlaşdırmanın dövlət büdcəsi hesabına aparıldığını qeyd edib və Dövlət Neft Şirkətini – SOCAR-ı buna görə tənqid edib: “Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

Hətta, prezidentin bu çıxışından sonra, SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov şirkətin mövqeyini ifadə edərək, prezidentin haqlı olduğunu bildirən açıqlama yaydı. NƏ DƏYİŞDİ?

2019 – cı ildə, SOCAR-da hərtərəfli vergi yoxlaması haqda informasiya yayıldı və bir müddət sonra, SOCAR özü də, həmin yoxlamalar haqda yayılan xəbəri təsdiq etdi. Məlumata görə, o zaman yoxlamaların nəticəsi olaraq şirkətin əsasən, təchizat və satınalma məsələləri üzrə komisiyasının fəaliyyətində çoxsaylı pozuntular və mənimsəmələr aşkar edilmişdir. Həmin yoxlamalardan sonra, vitse-prezident Mikayıl İsmayılov şirkətin təchizat və satınalma məsələləri üzrə komissiya sədri vəzifəsindən heç bir hüququ məsuliyyət daşımadan, sadəcə kənarlaşdırılaraq, Təchizat və satınalma məsələləri şirkətin digər vitse-prezidenti Elşad Nəsirova həvalə edildi. Yenə də dəyişən ancaq adlar və soyadlar oldu. SOCAR -da “köhnə hamam, köhnə tas” idarəçiliyi davam edir.

Azərbaycan xalqının haqqı olan təbii sərvətlərimiz üzərində baş verən korrupsiya və talançılığa görə heç kim məsuliyyət daşımır. Bu talançılığın acı nəticəsi isə kasıb xalqa dəyir.

Dövlətimizin əsas gəlir mənbəyi olan SOCAR dövlət hesabına yaşayırsa, soruşan yoxdurmu ki, neftin qazın qazancı yoxdur -yoxdur, yaxşı, bunun mayası hara gedib? Siz heç orta qiymətə olan bir avtomobildə gəzən SOCAR -n hazırkı və ya eks rəhbərlərini görmüsünüzmü?

Bunların tək avtomobil qarajlarını satsan, 44 günlük vətən savaşına çəkilən xərcdən çox vəsait əldə edərsən. Soruşan yoxdurmu ki, dövlət hesabına yaşayan SOCAR-ın başında duranlarda bu qədər vəsait hardandır?

Talanan bu sərvətlər bizimdir axı…
Talanan bu sərvətlər vətəndir axı…

Vətən üçün həyatını qurban verən qazilərimiz acınacaqlı durumda yaşayırlarsa, şəhid ailəsi kirayədə qaldığı evin pulunu verə bilmədiyi üçün intihar edirsə, sənin vətən üçün bir qəpiklik xidmətin olmaya-olmaya, nəyə görə onlardan qat-qat gözəl yaşamalısan, həm də, hər qarışında şəhidlərimizin qanları olan vətən torpağını talamaq hesabına?

İlham Əliyevin SOCAR-ı tənqid etməsindən sonra, SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirmişdir ki, SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyası McKinsey şirkəti ilə birlikdə artıq hazırlanıb və yaxın zamanda hökumətə təqdim olunacaq. NƏ OLDU İBRAHİM MƏMMƏDOV?

Sizin 2020-ci ilıdə hazırladığınız yeni “strategiya”nız qazın qiymətini qaldırmaq idi?
Xalqın hesabına büdcə formalaşdırmaq hansı düşüncənin strategiyasıdır?

Siz dövlət hesabına yaşamaqdan çıxıb, xalq hesabına yaşamağa davam etməyi startegiya adlandırısınızsa, BATSIN YERƏ SİZİN STRATEGİYANIZ!

Siz hələ də anlamaq istəmirsiniz ki, dövlət elə xalq deməkdir?

Facebook Comments